Qabaqda (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qabaqda (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Səhrin şöləsində buldum bələdi,
Xoş gəldi xoşuma halı qabaqda.
Pir mənə göstərdi şah məqamını,
Cəmli gördüm çox cəlalı qabaqda.

Neçə sirr gördüm, sirr qaldım aşkar,
Səxavət əhlini yandırarmı nar.
Salavatnan işlər hər dükan, bazar,
Zay olmaz dünyanın malı qabaqda.

Neçə taxt qurulub nuru münəvvər,
Neçəsi zəbərcət, neçəsi gövhər.
Səf-səf olub sağda, solda mələklər,
Yahu-yahu deyər, qulu qabaqda.

Yahu deyib bir-birinə uydular,
Yamənhu deyəndə təam qoydular.
Cümlə-məxluq yeməmişdən doydular,
Məcməyilər qaldı dolu qabaqda.

Bizə vacib olan somu salatdan,
Təmiz ver qalmasın xümsü zəkatdan.
Məmmədhüseyn xof etmə polu siratdan,
İrəhbərdi Cənab Əli qabaqda.