Qabla dəxi marfaşını, Mir Haşım!

Qabla dəxi marfaşını, Mir Haşım!
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 195. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Qabla dəxi marfaşını, Mir Haşım!1
Durma, götür qaç başını, Mir Haşım!
Qəsb edəli məsnədi-peyğəmbəri,
Dikkeyi-baqqal elədin mənbəri,
Lobya, noxud satmağa oldun cəri,
İndi dəxi xoşlamayır müştəri
Küncüdünü, xaşxaşını, Mir Haşım!
Durma, götür qaç başını, Mir Haşım!
Həq səni məhkum elədi taətə,
Səcdə üçün adəmi-hürriyyətə
Etdin iba əmri-rübubiyyətə,
Eyləmədin səcdə, di gəl lə’nətə!
Süzmə dəxi göz-qaşını, Mir Haşim!
Durma, götür qaç başını, Mir Haşim!
Əbrəhə tək əzm elədin fil ilə,
Kə’bə evin yıxmağa tə’cil ilə,
Dəsti-xuda teyri-əbabil ilə
Başınızı deşdimi siccil ilə?4
Qırdımı yaz-yoldaşını, Mir Haşım!
Durma, götür qaç başını, Mir Haşım!
Sən о deyildinmi, edəndə qiyam
Səcdə edərdi sənə yeksər əvam?
İndi olar da ayılıb bittəmam,
Qılmadı heç yerdə sənə ehtiram,
Atdı cəmaət daşını, Mir Haşım!
Durma, götür qaç başını, Mir Haşım!
Neyləyəsən, xəlqə sözün batmadı,
Hiylələrin bir kəsi aldatmadı,
Çərxəçilər də usanıb yatmadı,
İndi ki, əhrarə gücün çatmadı –
Topla qohum-qardaşını, Mir Haşım!
Durma, götür qaç başını, Mir Haşım!
Səndə günah qalmadı5, qurban sənə,
Sə’y elədin, çatmadı meydan sənə,
Qaldı fəqət həsrətü hirman sənə,
Çünki həram oldu fisincan sənə,
İndi ye öz bozbaşını, Mir Haşım!
Durma, götür qaç başını, Mir Haşım!
Yardımı Səttar6 başını, Mir Haşım?!..