Qadan alım (Şair Məmmədhüseyn)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qadan alım (Şair Məmmədhüseyn)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Asta yeri, izin ilə gəzən var,
Ayaq saxla, dərdim bil, qadan alım.
Mən sənə can deyim, sən də mənə yar,
Hərdən şirin-şirin gül, qadan alım.

Eşqinlə yaşadım uzun illəri,
Məcnuntək dolandım sizin elləri.
Görmürəm üzünü nə vaxtdan bəri,
Axan göz yaşımı sil, qadan alım.

Məmmədhüseynin eşqi, sözü, istəyi,
Xoş arzusu, xoş söhbəti, diləyi,
Gəl insafa, at üzündən örpəyi,
Həsrətli könlümü al, qadan alım.