Qalandı
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Gülsən də üzümə sən indən belə,
Qəlbimə vurduğun yara qalandı.
Hayıf ürəyimdə yanan məşələ,
Qədrimi bilməyən yara qalandı.

Qoy bəzəsin yarım yaşat ar səni,
Belə keçməz bir gün yaş atar səni.
Var ömrüm özündə yaşadar səni,
Səninsə varlığın yara, qal andı.

Qərib həsrət ilə baxar yerinə,
Vəfasız ilqarın əhdi, yeri nə.
Məmmədhüseyni qoysan nadan yerinə,
Əlinə tənədən yaraq alandı.