Qaldı (Bir gül əkdim, açılmamış dərdilər)

Qaldı
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.257

Bir gül əkdim, açılmamış dərdilər.
Zəhmətimdən mənə bir tikan qaldı.
Əmək çəkdim, gün keçirdim, gül əkdim,
Əməyimdən solğun bir fidan qaldı!

Nə yazım yaz, nə də günüm gün oldu,
Könlümün çiçəyi açmadan soldu.
Qanadımı bir uğursuz əl yoldu.
Yerində bir damla quru qan qaldı.

Söylədiyim boş söz, tökdüyüm qan-yaş,
Haqqıma, - kim ison - əl vurma, yavaş.
Yavaş ki, dərdim ə ağlayan qardaş,
Yerində, arxamda bir düşman qaldı.

Yaralandım, sarmadılar yaramı,
Yas gününə döndərdilər bayramı.
Əlimdən aldılar son bir çaramı,
Əsəri ruhumda bir fəğan qaldı!
8 aprel, 1913