Qaldım (Aşıq Heydər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qaldım (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Ürəyim nəzilib, qəlbim əzilib,
Atadan - anadan aralı qaldım.
Elə nalə çəkdim, göylər ağladı,
O ərşü - əlaya bir səda saldım.

İlahi, pənahım bir sənsən, neynim,
Yetiməm, qəribəm, açılmaz eynim.
Gözlərim ağlardı, düyünlü çiynim,
Tale belə gətdi, qəmdən pay aldım.

Heydər, havalanma, qismət bu imiş!
Sənin qara dərdin cana yetirmiş!
Bəxtin hara getdi, ora qurumuş,
Neçə yol kövrəlib xəyala daldım!