Qalx, könül, pərvaz elə, eylə tələb bir səfəri

Qalx, könül, pərvaz elə, eylə tələb bir səfəri
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Qalx, könül, pərvaz elə, eylə tələb bir səfəri,
Xabi-röyada qasid verdi mana vay xəbəri.

Ölümü sal yadına, gül olma dünya malına,
Yaradan öldürəcək, qoymayacaq bir bəşəri.

İbtida, soruşarlar səndən qonşunun sualın,
Eşitmişəm alimdən, var hədisi-mötəbəri.

Yığasan bu dünyanın malını, anbar edəsən,
Beş arşın ağdı payın, yoxdu sana heç səməri.

Hanı Şəddad, hanı Nəmrud, hanı Fironi-Ləin,
Hanı ol Dalü ibni-Dal, cəm eylədi Şəhri-Zəri?!

Məcnunun ərzi-halın Leyli əyan xidmətinə,
Tuli-təfsil nə lazım, söylə bəyan müxtəsəri…