Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur

Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur
Müəllif: Hacı ağa Fəqir Ordubadi

Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur,
Bülbül bahar olanda işi ahü zar olur.
Gül mövsümündə naleyi-bülbül əbəs deyil,
Fəsli-xəzanı yadə salır, biqərar olur.
Baği-cahanda qönçəni neylim olur bir ay,
Xarı çəkir kənarına, bietibar olur.
Novrəs cavanların qədidir ziri-xakdə,
Eylər nömüvv sərv ləbi-cuybar olur.
Baxsan bəsirət ilə əgər zülfi-sünbülə,
Müşkül sənə ki, bir neçəsi aşikar olur.
Sünbül deyil çəməndəki, susən deyil, nədir,
Yarın şikənci-zülfüdü yerdən kənar olur.
Topraqdən çıxan xəti-səbzi-nigardır,
Reyhan odur ki, üzdə həmişə qubar olur.
Gülşəndə bülbülə dedilər:--Badə nuş bad!
Verdi cavab ki, axırı rənci-xumar olur.
İbrətlə bax qızıl gülə, gör çərxi-kəcmədar
Əvvəl onu əziz edər, axır nə xar olur.
Gəh qönçə pərdəsində qoyar, bağrı qan edər,
Gahi çəkər gülabın atar, tarmar olur.
Lalə deyil çıxıb qızaran Bisütundə,
Fərhad qəlbidir ki, hər il dağdar olur.
Çəşmin vurar şükufə, əgərçi beş-altı gün
Axır fələk qəbasin alır uri-ar olur.
Böylə xəyal etmə çəməndə bənəfşədir,
Nakam əruslar qaşıdır vəsmədar olur.
Dünya birini ağladıban, güldürür birin,
Əbrin sirişki xəndəgəhi-laləzar olur.
Tərk etgilən bu dəhri-dəni pirə zalını,
Hər gün bir ayrı şövhərə çün ixtiyar olur.
Bietibardır bu köhən çərxi-bibina,
Aqil kişi nə yatmış olur, huşyar olur.
Çoxları tərk edibdi fələk, yox nişanəsi,
İnsan üçün onun əməli yadigar olur.
Bəhram Guri gör necə gurə çəkib fələk,
Rubahi-çərxə şir olan axır şikar olur.
Bizdən sora o qədr baharü xəzan gəlir,
Hər il şübatü azərü neysan əyar olur.
Badi-səba keçər, sora badi-şimal əsər,
Daim bu ordu rüusi-şəhrü xar olur.
Biz görmədik, görən görəcәkdir zəmanəni,
Gəh yaz olanda gül olu, gəh qışda qar olur
Kəsranı get Mədainə al Tağdən xəbər,
Taci-Kəyan qoyan yenə dəfni-məzar olur.
İskəndəriyyə şəhrinə get, gör Skəndəri,
Biçarə o cəlal ilə gör nə fikar olur.
Çoxları çəkdi təxteyi-tabutə təxtdən,
Cümlə şəhənşəhin yeri ol qəbri-dar olur.
Ey nəfsi-şum, axır olubdur nədir bu cəhd,
Vizrü vəbalı boynuna yığma ki, bar olur.
Beş gündən ötrü dövlətü malü imarəti
Gəl istəmə, gedəndə ki, bir intizar olur.
Fitnə dolub cəhanə, xəlayiq olub şərir,
Yoxdur cahanda xeyir, əcəb ruzigar olur.
Mərdüm bulur halalı həramü həramı pak,
Nahaq şəhadət onlara daim şüar olur.
İmanların satarla çilov, çayü qəhvəyə,
Çoxdur bu şəxs yarləri yadxar olur.
Şəri-nəbi qiyamini eylərlə məsxərə,
Hər yerdə əmrü nəhy ola, onlar fərar olur.
Ya rəb, Əliyyü ali-Əli hörmətinə sən
Fəryadə yet o gündə ki, ruzi-şümar olur.
Artır mənə nəbiyyü vəlinin məhəbbətin,
Gər böylə olsa, nəxli-ümidimdə bar olur.
Fəryadıma Əlini o gündə yetir mənim,
Ruhum gedər, bədən qalı biqəmküsar olur.
Yarü rəfiqü qövmü bəradər qoyar gedər
Əndamımı sıxar, mənə çün qəbr dar olur.
Ey dil, ötürmə daməni-ali-Məhəmmədi,
Qəm etmə, yavərin, şəhi-Düldül-səvar olur.
Artır, Fəqir, dildə Əlinin məhəbbətin,
Hər kəs qulam ola o şahə, tacdar olur.