Qanmasa bəs? (07.05.2022)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Qanmazı qanmağa məcbur edərik – qanmasa bəs?

Buz kimi qəlbə qığılcım salarıq – yanmasa bəs?


Köntöyü yonmaq üçün yaxşı müəllim tutarıq,

Baxsa ki, yonquya gəlmir, çəkilib yonmasa bəs?


Fələyi allada bilsəydik, uşaq zənn eləyib...

O bizi sansa uşaq, şirniyə allabmasa bəs?

Düşünür hər kəs, axırda başına quş qonacaq...

Tələyə salsa quşu ovçu, uçub qonmasa bəs?


Dedilər ki, qıracaq könlünü axırda yarın!

Yarın eşqilə daşa dönsə könül, sınmasa bəs?


Bir xəbər çıxdı rəqibdən ki, danıb əhdini yar,

Bu xəbər çıxsa yalan, əhdini yar danmasa bəs?


Teymuru isladacaq tənə seli it rəqibin!

Sevgidən bir çətir alsa, tutub islanmasa bəs?