Qansı gülşən gülbüni sərvi-xuramanınca var

Qansı gülşən gülbüni sərvi-xuramanınca var
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.115.

Qansı gülşən gülbüni sərvi-xuramanınca var?
Qansı gülbün üzrə qönçə, lə’li-xəndanınca var?

Qansı gülzar içrə bir gül açılır hüsnün kimi,
Qansı gül bərgi ləbi-lə’li-dürəfşanınca var?

Qansı bağın var bir nəxli, qədin tək barvər,
Qansı nəxlin hasili sibi-zənəxdanınca var?

Qansı xuni sən kimi cəlladə olmuşdur əsir,
Qansı cəlladın qılıncı tiği-müjganınca var?

Qansı bəzm olmuş münəvvər bir qədin tək şəm’dən,
Qansı şəm’in şö’ləsi rüxsari-tabanınca var?

Qansı yerdə bulunur nisbət sənə bir gənci-hüsn,
Qansı gəncin əjdəri zülfi-pərişanınca var?

Qansı gülşən bülbülün derlər, Füzuli, sən kimi,
Qansı bülbülün sürudi ahü əfğanınca var?