Qansı mahin bilməzəm mehrilə olmuş zar sübh

Qansı mahin bilməzəm mehrilə olmuş zar sübh
Müəllif: Məhəmməd Füzuli


Qansı mahin bilməzəm mehrilə olmuş zar sübh,
Hər gün eylər xəlqə bir daği-nihan izhar sübh.

Batdı əncüm, çıxdı gün, ya bir əsiri-eşqdir,
Tökdü dürri-əşki, çəkdi ahi-atəşbar sübh.

Nola gər əmvatə ehya versə sübhün dəmləri,
Zikri-ləlindir kim, eylər dəmbədəm təkrar sübh.

Bir müsəvvirdir ki, zərrin kilk ilə hər gün çəkər,
Səfheyi-gərdunə nəqşi-arizi-dildar sübh.

Müjdə bir xurşiddən vermiş məgər badi-səba,
Kim nisyə eylər ona yüz min düri-şəhvar sübh.

Aşiqi-sadiqdir, izhari-ğəm eylər hər səhər
Ah ilə xəlqi yuxusundan qılır bidar sübh.

Ey Füzuli, şami-qəm əncamına yoxdur ümid,
Bir təsəllidir sənə ol söz ki, derlər var sübh.