Qansa məni kim, düşünər həm sığmazam həm sığaram
Qansa məni kim, düşünər həm sığmazam həm sığaram! (1997) Müəllif: RAUF CAVAD |
Qansa məni kim, düşünər həm sığmazam həm sığaram!
Xəyalən xəyalı görər həm sığmazam həm sığaram!
Axtarar hər kəs gözlə görməyə surətin Gözəlin,
Açsa qəlbin gözün, bilər, həm sığmazam həm sığaram!
Çox sadədir dillərdə Leyli və Məcnun şah əsəri,
Kim Aşiq mənanı sevər həm sığmazam həm sığaram!
Görsə bir kimsə əgər Heyranı olar dəli könlü,
Valehin könlü-nə istər, həm sığmazam həm sığaram!
Hər şeyin əsli mənəm, yaz, yay, payız, qış fəsli mənəm,
Kərəm Əslini zikr eylər həm sığmazam həm sığaram!
Şirindir həyat sevənə, kədəri ləzzət bilənə,
Eşqi, nəfs dilə gətirər həm sığmazam həm sığaram!
Mənəm gündüz, mənəm gecə, mənəm üfüq, mənəm günəş,
Mənəm yerlər, mənəm göylər, həm sığmazam həm sığaram!
O mənəm ki, büsbütün aləmdə zühur eyləmişəm,
İstərsə kim, görər gözlər, həm sığmazam həm sığaram!
Gəl gör məni dərd eylə bəşərin Gözəlin dərk eylə,
Dərdi-bəlam böyük əsər, həm sığmazam həm sığaram!
Bil ağzın dadını bir sözlə cümlə gövhər-şəkərəm,
Görməzmi bilənlər məgər həm sığmazam həm sığaram!
Açar gündüz günəş gözün, hər yeri nura qərq edər,
Baxsa günə xilqət əgər, həm sığmazam həm sığaram!
Mənəm zülmətə işıq saçan gizlin zaman-həqiqət,
Açar sirrin hər gün səhər, həm sığmazam həm sığaram!
Həm varam həm yoxam, gəl diqqət elə özünə nəzər,
Zərr aləminə, ey bəşər, həm sığmazam həm sığaram!
Mən-sən o-biz, siz-onlar hamısı mənəm nişanələr,
Mənəm quranda ayələr, həm sığmazam həm sığaram!
Gəl ki, bəşər qanmır hələ də Rauf Nəsimi kimdir,
Həqqi sevən həqqi öyər, həm sığmazam həm sığaram! ...Müəllif:Rauf Cavad