Qarı və harun
Müəllif: Abbasqulu ağa Bakıxanov


Bağdadda bir qarı yaşardı küsgün,
Taleyi ömrütək zavallı, düşgün.
Harun sarayına yaxın yaşardı,
Viranə qalan bir daxması vardı,
Saray genişlənib düzülən zaman,
Lazımdı sökülsün bu ev də, haman.
Qarıya nə qədər əvəz verdilər,
O dedi: «Daha çox qiymətə dəyər».
Daha on min qızıl verdilər azı,
Yenə də rədd edib, olmadı razı,
Hər yandan dedilər: «Dəlisən, nəsən,
Getmirsən bu uçuq boş viranədən».
Dedi: «Mən dəliyəm, bəs Harun niyə,
Belə çox pul verir bu viranəyə?».
Ey Qüdsi, dövlət bir pərdədir, inan,
Onunla örtülür cinayət, nöqsan!
Bir məsəl dedilər, dövlətə bağlı,
Harunun nöqsanı, qadının ağlı.