Qara çuxa
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə. Güney Azərbaycan folkloru. I cild. Bakı,2013

Günlərin bir günündə yoxsulluqdan, qara gündən cana gəlmiş bir kişi qərara gəldi ki, gedib qara çuxasını tapsın. Bir az sudan, çörəkdən götürüb yola düşdü. Getdi, getdi yolun üstündə bir qurda rast gəldi. Qorxdu, dolanıb ayrı tərəfdən getmək istədi. Lakin qurd gücü-billah ilə başını qaldırıb “qorxma”– dedi, – səninlə işim yoxdu.

Kişi qurdun yanına getdi. Qurd dedi:

– Hara gedirsən?

– Qara çuxamın dalınca.

– Onu tapsan, mənim də müşkülümü ona yetir, başım çox ağrıyır. Soruş, gör, bunun dərmanı nədi?

Kişi qəbul edib, ondan ayrıldı. Getdi, getdi bir əkinçiyə yetişdi. Əkinçi yer şumlayırdı. Ona salam verib “Yorulmayasan” – dedi. Əkinçi onun hara getdiyini soruşdu. O dedi:

– Qara çuxamı tapmağa.

– Onu tapsan, mənim də müşkülümü de, bu yerə nə qədər qulluq edirəm, heç nə yetirmir. Gör, bunun səbəbi nədi?

Kişi qəbul edib ondan ayrıldı. Getdi, getdi, gördü bir şah harasa ordu çəkir. Şaha salam verdi. Şah ondan hara getdiyini soruşdu.

Kişi dedi:

– Qara çuxamı tapmağa.

– Onu tapsan, mənim də müşkülümü yetir. Mən hansı padşahla döyüşürəm, axırda məğlub oluram. Soruş, gör, bunun səbəbi nədir?

Kişi qəbul edib ayrıldı. Getdi, nəhayət qara çuxasını tapdı, öz vəziyyətini, yolda başına gələn macəranı ona danışdı. Qara çuxa dedi:

– Şaha deyərsən “Sənin döyüşlərdə məğlub olmağın ona görədir ki, qadınsan!”. Əkinçiyə gəldikdə isə ona deyərsən ki, o yerin altında qızıl var, onu çıxarsa əkini yetirər. Qurda deyərsən ki, onun baş ağrısının dərmanı bir axmağın beynidi, onu yesə başının ağrısı keçər.

Kişi dedi:

– Bəs mən nə etməliyəm?

– Sənin baxtını açmışam, get, işin düzələr.

Kişi qara çuxadan ayrılıb qayıtdı. Gəlib şaha yetişdi. Döyüşlərdə məğlub olmasının səbəbini söylədi. Şah dedi:

– Düzdür, mən qadınam, gəl məni al, sən şah ol, mən sənin arvadın olum.

Kişi:

– Yox, mənim şah olmağa ehtiyacım yoxdu, artıq qara çuxamı tapmışam- deyib, ayrıldı.

Gəlib əkinçiyə yerin altındakı xəzinədən xəbər verdi. İkisi köməkləşib yeri qazdılar, qızılı çıxartdılar. Əkinçi təklif etdi ki, “Gəl, bu qızılı bölək. Sən nə qədər istəyirsən götür”. Kişi “Yox, mənim qızıla ehtiyacım yoxdur, artıq qara çuxamı tapmışam” - deyib, ondan ayrıldı. Gəlib qurda çatdı. Qurd dedi:

– Hə. Nə oldu, baş ağrımın dərmanını öyrənə bildinmi?

– Öyrəndim, onun dərmanı bir axmaq adamın beynidi.

Qurd onun başına gələn macəranı soruşdu. Kişi bütün əhvalatı danışdı. Qurd bir az fikirləşdikdən sonra dedi:

– Mən baxıram, dünyada səndən axmağı yoxdu. Baxtına çıxan nə şahlığı qəbul etmisən, nə də qızılı bölmüsən. Səndən axmağını tapmaq olmaz.

Qurd bu sözü deyib, cumub kişinin beynini yedi.