Qara inək zağası

Rəvayətlər. Qara inək zağası
Müəllif: Şifahi xalq ədəbiyyatı


Keçmişlərdə bir qadın olub. O qədər mehriban, gülərüz, hamının hoyuna çatan imiş ki, bütün el onun başına and içirmiş. Bu qadının da aman-zaman bircə inəyi varmış. Adına da Qara inək deyərmiş.

Günlərin bir günü bu qadın çox gözləyir, amma inək örüşdən qayıtmır. Şər qarışanda başlayır inəyi gəzməyə. Gəlhagəl, gəlib çıxır bir mağaraya. Baxır görür ki, inək burdadı, özü də yelini az qalır ki, süddən dağıla. Bundan inəyə bir xətər toxunar deyə, qadın elə oradaca başlayır inəyin yelinindəki südü sağmağa. Adamlar səhər yuxudan oyanıb qadını görmürlər. Gün bir boy qalxır, ancaq ondan nə xəbər olur, nə ətər. Düşürlər axtarmağa. Axır onu zağada tapırlar. Ancaq qadın inəyi sağdığı yerdəcə daşa dönübmüş. O vaxtdan həmin zağaya Qara inək zağası demişlər. Deyilənə görə oraya gedib qadını görmək istəyənlərin hamısı bu arzuya çata bilmirmiş. Kim əməli saleh adamsa, həmişə yaxşılıq edibsə, qadın inək sağdığı vəziyyətdə onun gözünə görünə bilər. Zağadan axan su da həmin inəyin yelinindəki süddür, su olub axır. Kim o süddən içərsə, dərdlərinə dəva tapar.

Mənbə redaktə