Qarabağın Şuşa tabeliyində olan Çanaqçı kənd sakini Mirzəcan Məmmədovla aşıq Pərinin müşairəsi

Danış
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.


Aşıq Pəri:

Şaira, sənsən zəmanə mərdi, meydandan danış,

Əzbər eylə dildə dəftər, cövhəri-candan danış,

Yeddi yerdir, yeddi göydür, eylə əzbərdir sual,

Yeddi məna, yeddi qüsl, yeddi gövhər, həm kəmal,

Yeddi göydə, yeddi ulduz, həşt cənnət bimisal,

Yeddi rükət, on iki imamü-ərkandan danış.


Mirzəcan:

Neylirəm bunları mən, gəl, ey Pəri, yardan danış,

Neylərəm üqba işin, sən kimi dildardan danış,

Yeddi yerdən, yeddi göydən neylərəm etmək sual?

Tapmışam bir mürşüdü, kəsb etmişəm ondan kamal,

Çəkmənəm rizvan qəmin, bu dünyada versən məcal,

Aşiqə cövr eyləyən yari-sitəmkardan danış.


Pəri:

Yek güni Qüdsi-Xəlildə Məqdəs ilə Mehrasa,

Əqlini təğayür etdi,aldı şərdən kəlisa,

Əzbər eylə hər saətdə zikri-Məryəm, həm İsa,

Gah İncil, gah cim-cim, gah ərkandan danış.


Mirzəcan:

Tapmışam qüdsi-Xəlili, Məhrasanı neylərəm?

Əldə təsbih ilə zünnarü əsanı neylərəm?

Bir Pəri şeyda qalıb, İsa, Musanı neylərəm?

Sevmənəm Tövrat, Zəburi, çalan tardan danış.


Pəri:

Motaves, Marqos, Ohanes, Loqani yad etgilən,

Petros, həm İstepanı yad edib, şad etgilən,

Doğulan uşağı “Allah” deyibən, dad etgilən,

Yandırıb xaxordi Davud, Süleymandan danış.


Mirzəcan:

Mən bu sözlərdən iraqəm, ey Pəri, dad etmə sən,

Yad edib bu sözləri, hər ləhzə fəryad etmə sən,

Bir belə sözlər deyib əğyarı həm şad etmə sən,

Zülfı-mişk, xali-ənbər, xətti-reyhandan danış.


Pəri:

Tapdığın tərsa yoludur, eyləmə zövqü həvəs,

Badeyi-gülgunə təhsin etmisən, nitqü nəfəs,

Qaidə, qanun budur:qalü bəladan xaçpərəst,

Çağırır isa, kəlisa, güftgu candan danış.


Mirzəcan:

Məndə can yox, eyləmə səyi-əbəs, bica həvəs,

Mürği-can pərvaz edib, cismim qalıb xali qəfəs,

Gəl mənə zülm eyləmə, naləm salır dünyaya səs.

Aləmi qərqə verən bu çeşmi-xunbardan danış.


Pəri:

Ey Pəri, oldu dili-şeyda rədifı əlbəəl,

Sən təriqətdən ötüb ürfanlara qoyma məhəl,

Yəmdə mahi, göydə Şəmsü Mahü Mərrixü Zühəl,

Abi-heyvan, şaxi-tuba, baği-rizvandan danış.


Mirzəcan:

Tapalı eşqin yolun biz böylə işi neyi əriz?

Əqlimiz heyran olubdur, dinü kişi neyləriz?

Gəl edək zövqü səfa, molla, keşişi neyləriz?

Mirzəcanı öldürən bu ah ilə zardan danış.