Qarabağnamə/Birinci fəsil
←Müqəddimə | Qarabağnamə Birinci fəsil Müəllif: Mirzə Adıgözəl bəy |
İkinci fəsil→ |
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950) "Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989) Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh. 35-37 |
İRANIN TƏNƏZZÜL DÖVRÜNDƏN, NADİR ŞAHIN TAXTA ÇIXMASINDAN VƏ ƏMƏLƏ GƏLƏN BAŞQA
HADİSƏLƏRDƏN BƏHS EDİRTərsinə dolanan fələkin... hərəkəti nəticəsində Səfəvi padşahlarının dövlət günəşi batmağa başladı. Bu dövlətin... ayı axıra çatıb, puç və yox olmağın son gecəsinə girdi (batdı)... İran ətrafdakı zalımların əlilə talan edildi və yağıların ayaqları altında paymal olurdu. (Onun) hər mülkünə bir hökmdar müstəqil olaraq yiyələndi. Hər vilayətində calal sahibi, uca mərtəbəli bir vali hökmran oldu. Onların zülm və əziyyətlərinin küləyi, cövr və inadlarının isti yeli, cənnətə bənzəyən o gülşəni əkinsiz bir çölə döndərdi.
Axırda, Qırxlı Nadir şah Əfşarın dövlət və rəşadətinin küləyi... Xorasan vilayətindən olan... Əbivərd tərəfindən əsməyə başladı... (Bir çox müharibələrdən sonra, Nadir şah[1]) geniş bir səhradan ibarət olan Muğan çölündə qışlaq binasını qoydu. İmarət və otaqlar bina etdirdi. 1148-ci ildə[2] dövlət binasının möhkəm rüknü və hökumət sarayının mətanətli sütunu olan vilayətin böyük adamlarını, dövlət ərkanını və məmləkətin əyanlarını öz qulluğuna çağırdı. Yüz min nəfərə yaxın böyük fəzilətli adamlar və əmirlərin başçıları cəm olub qurultay açıldı. O zaman ruzgarın saqisi hələ Şah Təhmasibin həyat piyaləsini acı ölüm şərbətilə doldurmamışdı. Dörd yaşlı oğlu Abbas Mirzə də... həyat beşiyində istirahət yuxusu ilə məst idi.
Bu zaman Nadir şah aşağıdakı sözləri mirvari danələri kimi ipə düzərək, böyük hökumət adamlarına üzünü rutub dedi:
- İşıqlı günəşdən və ondörd gecəlik aydan daha aydın və aşkardır ki, İran ərsəsinin hər bir xanəsində məst bir fil yatmışdı. İran sahəsinə hər bir tərəfdən adsız-sansız üsyançılar piyada əsgər kimi üz qoymuşdular. (Onlar) səltənət meydanının baş süvarisini bütün dünya əhli qarşısında məsxərə edərək, İranın şahlıq taxtına oturmaq iddiasında idilər. Uca dövlət ərkanını və Səfəvi sülaləsinin böyük adamlarını mat qoyub, tədbir və siyasət sahibi olmuşdular. Himmət və qeyrətimin mahir nərdçisi bunu qəbul etmədi. Mal ilə canımın iki zərlərini təvəkkül və etimad pəncəsinə aldım, dörd ünsürdən[3] ibarət olan dünyanın çöl və biyabanını gəzdim. Yüz oyun və min hiylə ilə bədməst hərifi siyasətin şahmat oyununda mat və heyran qoydum. Axırda, muradımızın nəqşəsi varlıq səhifəsində görünməyə başladı. İndi isə, xaraba qalmış İran məmləkətini düşmənlərin təcavüzündən xilas etmişəm. Səfəvi Şah Təhmasib ilə oğlu Abbas Mirzə hər ikisi nəcabət səmasının günəşləri və səltənət fəzasının səadət ulduzlarıdırlar. Onlardan hər hansını padşahlıq və hökmranlıq taxtına layiq bilsəniz, mən də sizinlə birlikdə dinməz-söyləməz onun qulluğunda durub, itaət halqasını qulağıma asaram. Mən onun qulluğunu yerinə yetirmək üçün canımdan keçərəm. İtaətində hazır olub, əmrini yerinə yetirərəm. Hətta icrası vacib olan fərmanını həyata keçirməkdə sədaqətlə gözətçi olaram...
Nadir şah padşahlıq və hökmranlıq taxtına özündən başqasını layiq görmədi və səltənət taxtına oturdu...
Gəncə xanları əslən Qacar nəslindən olub, onlara Ziyadoğlu adı da verirdilər... Onlar yalnız bəylərbəyi deyil, bəlkə səlahiyyətli sərdar da olmuşdular. (Bu isə bütün) aləmə aydın və aşkardır. Gəncə xanlığı ilə Gürcüstan arasındakı sərhəd Sınıq körpüdən yuxarı olan Suridaşa qədər uzanırdı. (Cənubi) Azərbaycanda Gəncə xanlığı arasındakı sərhəd isə Xudafərin körpüsünə yetişirdi. Bəzi vaxt Gəncə xanlarının hökmranlıq bayrağı Darüssürur[4] (Tiflis) sahəsinə də əmin-amanlıq kölgəsi salardı. Tiflisin bütün əhalisi bunların hökmünə tabe olardı. Bunlar Muğan qurultayında, gizlin və aşkar olaraq, son dərəcə çalışdılar ki, səfəvilərdən başqa bir kimsə padşah olmasın və özgə bir şəxs səltənət balışına söykənməsin. Demə ki, bunların bütün fikirlərini Nadir şaha xəbər aparıb və bütün sözlərini onun hüzuruna çatdırırlarmış... Ziyad oğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına görə, Nadir şah onlara özgə bir cəza və başqa bir siyasəti rəva görmədi. Qazax və Borçalı ellərini öz xanları ilə bərabər Gürcüstan əmirlərinə və uca mərtəbəli valinin hökmünə tabe etdi. Cavanşir, Otuziki və Kəbirlidən ibarət olan Qarabağ elləri haqqında da, icrası vacib olan fərman çıxdı ki, onları köçürüb Xorasanın Sərəxs torpağına aparsınlar. Onlara orada yer və məskən təyin etsinlər.
Xəmsə məliklərinə də əmr verdi ki, Gəncə xanlarının itaət zəncirini mənim möhkəm hökmüm vasitəsilə xas və avam camaatın boynundan kənar edin. Özünüzü tamamilə azad sayın. Bütün ərizələrinizi və vacibli işlərinizi yazıb mənim... hüzuruma göndərin.
Beləliklə, Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı. Səlahiyyətləri alındığından qol-qanadları sındı və çox pərişan oldular.
Qeydlər
redaktə- ↑ 1736-cı ildə Muğanda şah elan edilmiş Təhmasibqulu xan nəzərdə tutulur. Təhmasibqulu xan şahlığı qəbul edəndən sonra Nadir şah adı ilə adlandırılmışdır.
- ↑ Hicri 1148-ci il, 1735-ci il mayın 24-də başlanmış, 1736-cı il mayın 11-də qurtarmışdır.
- ↑ Torpaq, su, od və hava nəzərdə tutulur.
- ↑ Şadlıq evi