Qarabağnamə/Yeddinci fəsil

Altıncı fəsil Qarabağnamə fəsil
Müəllif: Mirzə Adıgözəl bəy
Səkkizinci fəsil
"Qarabağnamə " (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1950)
"Qarabağnamələr. I kitab" (Bakı, Yazıçı, 1989)
Qarabağnamələr. I kitab. Bakı, "Şərq-Qərb", 2006, səh.


MƏRHUM İBRAHİM XANIN QARABAĞ VİLAYƏTİNƏ

HAKİM OLMASI, HÖKUMƏT TAXTINA OTURMASI
VƏ XANLIĞI DÖVRÜNDƏ ƏMƏLƏ GƏLƏN

HADİSƏLƏR HAQQINDADIR

Pənah xan ölüb, Allah-təalanın rəhmətinə getdikdən sonra, böyük və igid oğlu İbrahimxəlil xan 1173-cü ildə [1] Qarabağ vilayətinə hakim oldu. Xalqın işini nizama salmağa başladı. İran, Rum (Türkiyə) padşahlarına və sair ölkələrin hökmranlarına boyun əyməyərək, Qaradağ, Şəki, Şirvan, Gəncə, Təbriz, Naxçıvan, Ərdəbil, Xoy, Marağa, İrəvan və hətta İraqla Azərbaycan hüdudunda olan Qaplankuya qədər hökmran oldu. Bu vilayətlərin hakimlərini işdən götürmək və yenisini təyin etmək də onun
hökm və fərmanı ilə icra edilirdi. [2] Bundan başqa o, Dağıstan ölkəsinin Avar vilayəti hakimi Nüsal xan oğlu Ümmə xanla da qohum olmuşdu. Onun hörmətli və əziz bacısı xanım Bikəağanı almışdı.

Lazım gəldiyi zaman, Dağıstanın müzəffər qoşunlarının köməyilə ətrafdakı düşmənləri məhv edir və üsyan edənlərə qalib gəlirdi. O öz qoşunu və zəfər nişanəli Dağıstan əsgərlərinin köməyilə Qaradağ mahalını aldı və Kürdəşt vilayətini... alt-üst etdi. Bu vilayətin divar, bürc və hasarlarının xarabaları indi də durur. Əhalisi qaçıb Əhərdə yerləşdi. Kürdəşt xanı Mustafa xan isə əsir düşdü. Qaradağ, Şahsevən və başqa tayfaların xanlarından bəzisi qohum olduqları üçün, bəzisi də zorla onun hökmünə tabe və fərmanına itaət etdilər. (İbrahim xan) bəzi vaxt ayrı-ayrı mahalları töhfə olaraq öz sərkərdələrinə bağışlayırdı ki, onlar bu yerlərin mədaxilindən mənfəətbərdar olsunlar.

Mərhum İbrahim xan padşah adlanmasa da, onun cah-calalı müasiri olan İran padşahlarından daha çox idi. Yuxarıda adları çəkilən vilayətlərin xanları və
xanzadələri, həmişə gözəl xasiyyətli xan cənablarının hüzurunda girov olardılar. Bu hal Ağa Məhəmməd xanın Tehranda taxta oturmasına qədər davam etdi. Qacar Ağa Məhəmmədhəsən xanın oğlu Ağa Məhəmməd xan Şirazda girov idi. Kərim xan Zənd vəfat edəndən sonra [3], o, girovdan qaçdı. İraq səltənətini ələ keçirmək fikrinə düşdü. Fars ölkəsinin dövlət atına minmək istədi. İraq və Farsı aldı. Darülxilafə - Tehranı özünə paytaxt etdi. 1176-cı ildə [4]. Azərbaycana daxil oldu. Araz çayının cənubunda olan vilayətləri alıb çayın bu tərəfinə keçdi. Talış və İrəvan vilayətlərini almaq üçün [5] : "Kim isə qapını döydü və mırıldandı" sözünün məzmununca, dəfələrlə hərb qapısını döydü. Lakin fəth qapısını açmaq ona mümkün olmadı.

O, mərhum İbrahim xana qabaqcadan xələt və qılınc göndərib onu öz tərəfinə çəkmək istədi. Lakin aralarında zahiri tanışlıq və mehribanlıqdan başqa bir şey yox idi.

Ağa Məhəmməd şah o ildə (1176-cı ildə) [6], Azərbaycandan qayıtdıqdan sonra, öz vücudunu padşahlıq libası ilə zinətləndirdi. Hökmranlığın kafuri şamını [7] səltənətin darayı çadırında yandırdı. Ruzgarın gərdişi və gecə-gündüzün törətməkdə olduğu hadisələr nəticəsində, Ağa Məhəmməd şahla mərhum İbrahim xanın arası pozuldu. Onların məhəbbət və ittifaq məclisində solğunluq əmələ gəldi.

Ağa Məhəmməd şah, Fars və Şiraz tərəflərində əmələ gələn qarışıqlıq və çal-çapa görə, bu tərəflərə fikir verə bilmədi. Atının cilovunu o tərəflərə çevirdi. O tərəflərin işini nizama salıb baş qaldıranların boynunu itaət ipinə bağladı. Sonra, 1209-cu ildə [8] çoxlu qoşun və saysız cəmiyyətlə Gürcüstan, İrəvan, Talış və Qarabağı almağa gəldi. Azərbaycanı dünyanı gəzən atlarının cövlangahı və mənzil kəsən bayraqları üzərindəki mahçənin (ayparanın) doğan yeri etdi. Ağa Məhəmməd şah qardaşı, baş sərkərdəsi və ehsan süfrəsinin duzu ilə bəslənən Əliqulu xanı, sair xanlar və çoxlu cəmiyyətlə İrəvanı almağa göndərdi. Özü isə İraq, Fars, Xorasan və Azərbaycanın ulduzlar kimi calallı və parlaq dəstələri ilə gəlib, Şuşa şəhərinin bir ağaclığında ordugah qurdu [9].

Gürcüstan valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan, Talış hakimi Mir Mustafa xan mərhum İbrahim xanla and içib müahidə bağladılar ki, Ağa Məhəmməd şaha itaət etməsinlər, mümkün olduğu qədər bir-birinə kömək və yardım etməkdə süstlük göstərməsinlər. Vaxtlı-vaxtında bir-birinin vəziyyətlərindən xəbər tutsunlar.

Sonra, mərhum İbrahim xan Qarabağ elatının bir parasını Gürcüstan səmtinə, bəzisini də şirvanlı Mustafa xanın yanına göndərdi. Mustafa xan onun tərəfindən təyin olunmuş xanlardan biri idi.

Alicənab mərhum İbrahim xan, (divanxanasının) dəftər və kitablarında qeyd edilmiş yerdə qalan elat və kəndlilərin bəzisini Qarabağ dağlarında yerləşdirdi, bir qismini də şəhərin içində öz yanında saxladı. Elat və kənd əhalisindən saysız atlılar cəm edib çoxlu tədarük gördü. Ağır toplar və qüvvətli qumbaralarla hərbə və döyüşə hazır oldu.

Ağa Məhəmməd şah otuz üç gün Şuşanı mühasirə etdi. Qalanın ətrafını əzəmətli qoşununa ordugah edərək, çadırlar qurdurub oturdu. O, elçi və məktublar göndərdi. Çalışdı ki, cürbəcür yollarla İbrahim xanı özünə tabe etsin və Qarabağ əhalisini itaətə gətirsin. Lakin mümkün olmadı.

Axırda, şirazlı Seyid Məhəmməd Ürfinin incə təbinin məhsulu olan qəsidələrdən bir beyti məqam və vaxta münasib bildi. Bu beytin bəzi sözlərini dəyişərək xanı qorxutmaq üçün yazıb göndərdi.

Şeir

Fələkin məncənəqindən fitnə daşı yağır,

Sən axmaqcasına Şişə içərisinə sığınmısan.

Bu məktub mərhum xana yetişən kimi, mübarək gözlərilə onu mütaliə etdi. Hüzuruna yaxın, qulluğunun nədimi, baş katibi və dövlətinin möhkəm bir sütunu
olan qazaxlı Molla Pənah Vaqifi yanına çağırdı.

Vaqif kəmal, ədəb və elm sahibi bir sima idi. Əgər Çinin fəsahət səhrasının ahusu, onun səlis təbinin sümbülüstanında pərvəriş tapan qəzəllərin maralı ilə bərabərlik iddiası etsə, tamamilə səhvdir.

Əgər bəlağət Bədəxşanının ləli, onun sinəsinin xəzinəsində toplanmış parlaq beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında xəcalətindən qızarsa, tamamilə düzgündür.

Salari

Şeir söylədiyi zaman ona söz ustası adı verirlər.
Ağıl onun qələmi ucunun zümzüməsindən bihuş olur.
Ahu kimi, onun qələmindən kağızın üstünə müşk damcılayır.
Davatının çeşməsindən kövsərin saf şərabı qaynayır.

Düzgün boy-buxun sahibi olan gözəllər onun fikrinin qarasını geyirlər.
Gözəllərin gözünə sürmə və zülfünə rəng verən (onun qələmidir).
Əgər onun təbinin gəlini cilvələnsə,
Qaş-göz atan gözəllərin ürəyini cəlb edər.
Onun incə və səlis təbinin cəld süvarisi,

Heyran qalan Sədidən fəsahət topunu qapmışdır.

Molla Pənah Vaqif o saat Ağa Məhəmməd şahın məktubunun dalına ənbər qoxulu qələmilə bu şeri yazıb göndərdi:

Əgər məni qoruyan, mənim bildiyimdir,
(O), şişəni daşın qoltuğunda mühafizə edər.

Ağa Məhəmməd şah məktubunun cavabını nəzərdən keçirdi.

Qəzəbinin buxarı başına vurub, ağlı başından çıxdı. Əmr etdi ki, od səpən toplar şərarələr saçmağa, ildırım yayan qumbaralar atəş yağdırmağa başlasınlar.

Bir müddət keçdikdən sonra, (Ağa Məhəmməd şah) gördü ki, Nəmrudun [10] odunu alovlandırıb kin atəşini qızdırdıqca, İbrahim xan Səməndər [11] kimi, bəlkə də İbrahimxəlil peyğəmbər kimi, odun şöləsindən qorxmur. O, işıqlanan külü və şölə çəkən odu, gül yarpağından başqa bir şey saymır.

Ağa Məhəmməd şah baxıb gördü ki, burada durduqca qalibiyyət gözəli yoxluq pərdəsi dalından çıxmır. Əsgərləri də Qarabağ qoşunlarının mərdanə hücumlarındanvə cəsarətli çarpışmalarından qorxuya düşürlər. Əgər bir neçə gün belə keçsə, qoşunu məğlub olar. Buna görə, dövlətinin əmirləri, məmləkətinin böyük adamlarıvə vəzirləri ilə məşvərət etdi. (Axırda) məsləhət görüb dedi ki, zərərin yarısından qayıtmaq da mənfəətdir. Müsibətlə dolu olan bu təhlükəli yerdən at başı qaytarmaq nicat xəzinəsinin açarıdır. Yoxsa, çox çəkməz bütün qoşunumuz və heyvanlarımız bu dərin xunxarlıq dəryasında məhv olub gedər. Bizlərdən bir nəfər də olsun İrana salamat qayıtmaz.

Sonra, qayıtmaq bayrağını hərəkətə gətirdilər (yəni İran qoşunu geri çəkilməyə başladı)...

Ağa Məhəmməd şah... Gürcüstan tərəfinə getmək barəsində əmr verdi. Səhralar üzərində dalğalanan bayrağı ilə irəliyə doğru hərəkət etdi.

Mərhum İbrahim xan da itigedən çapar vasitəsilə Gürcüstan valisinə xəbər verdi ki, Ağa Məhəmməd şah Şuşa şəhərini almaqdan aciz qalıb, Darüssürura - Tiflisə hərəkət etmişdir. Lazımi tədarük və hazırlıq görsün. Onu dəf etməkdə vaxt itirməsin.

Vali bu xəbəri eşitcək, öz nəvəsi olan Başaçıq valisi Solomon xana və Gürcüstanı aralarında bölüşdürmüş olduğu övlad və nəvələrinə xəbər verib onlardan kömək istədi; çünki vali qoca və xəstə bir şəxs idi. Yaşı yetmişdən keçmişdi. Buna baxmayaraq düşməni dəf etmək üçün var qüvvəsilə çalışırdı.

Oğlanları arasında ziddiyyət və düşmənçilik olduğundan, Başaçıq valisi Solomon xandan başqa heç biri ona kömək etmədi. O, dörd min nəfər əsgər göndərdi. Vali şiddətli hökmlər yazdı, ötkəm və tələbkar yasavullar göndərdi. Lakin o hünərsizlər qoşun verməyib, çal-çağır və eyşi-işrətlə məşğul oldular. Vali çarəsiz qalıb o dörd min nəfər əsgər, öz adamları və Qazax mahalının müsəlman elatından yığdığı süvarilərlə, düşməni qarşılamaq üçün təcili surətdə yola düşdü. O bununla Ağa Məhəmməd şahın Gürcüstana girməsinə mane olmaq istəyirdi. Vali Qazax mahalına gəldi və İncə çayı kənarında düşdü. Burada, övladından kömək gələr deyə, bir qədər gözlədi. Lakin bir əsər görünmədi. (Digər tərəfdən də) Ağa Məhəmməd şah gəlib Gəncə vilayətinə daxil oldu. Vali çarəsiz qalıb geri qayıtdı. Ehtiyat üçün arvadı Deda [12] -Valonu çətin keçidli Tuşetə göndərdi. Özü isə o az adamla Tiflisdə qaldı. Ağa Məhəmməd şah da irəliləyərək gəlib Soğanlıqda düşdü. Gecəni orada keçirib səhər Tiflisə yürüş etdi. Vali haman qoşunla, top və cəbbəxana ilə, indi Karantin adı ilə məşhur olan Qızrans suyuna yetişdi. İki qoşun bir-birinə yaxınlaşıb üz-üzə gəldilər. Çarxçılar meydana atıldılar və böyük bir müharibə oldu.

Ürəyi alovlu və əl-ayaqlarından od tökülən topçular çox cəldlik göstərib Qızılbaş qoşununu məəttəl qoydular. Təsadüfü olaraq bir hadisə üz verdi. Səhər vaxtı havanın saf aynasını duman elə bürüdü ki, göz görməkdən aciz qaldı. Qızılbaş qoşunu nabələd olduğundan dağ yuxarı yeridi. Elə ki duman dağümağa başladı və aləmin tutqun aynası işıqlandı, vali baxıb gördü ki, Qızılbaş qoşunu onların arxasına və şəhərin üst tərəfinə keçmişdir. Vali bu halı görüncə geri qayıtdı. Öz imarətinə girməyə fürsət tapmadı, bir atlı və bir qatırçı ilə Hallavar körpüsündən keçib Qaraqalxan dağlarına qaçdı.

Qızılbaş əsgərləri Tiflisə daxil oldular [13]. Darüssüruru (Tiflisi) matəm evinə döndərdilər. Əhalinin bəzisini qılıncdan keçirib, bəzisini də əsir etdilər. Hər pəriüzlü (gözəl) bir divmənzərə əsir və hər simbər (qadın) bir sitəmgərə dəstgir oldu. Hər laləüzlünün ürəyinə bir əzizin dağı çəkildi, hər gülüzlünün ağ sinəsi bir qönçə ağızlının qəmindən yaralandı və hər sərvi-xuramanın şəhla gözləri bir yasəmən üzlünün yasında qan ağladı.

Salari

Tərsinə dönən fələyin hiyləsindən əmin olma.
(Bu müharibədə iş belə düşdü ki), piyada (ən bacarıqlı)
süvariyə hücum etdi.
Onun hər bir tərəfini (altı tərəfini) o cür tutdular (dövrəyə aldılar) ki,
Acizlik girdabında mat qoydular.
(Hərbin nəticəsində) hamısı fil və tədbir sahibi oldular.

Yəhərli atlara yiyələndilər.

(Onlar) kilsələrdə olan qiymətli şeyləri qarət və sair imarətlərdəki malları çal-çap etdilər. Yeddi gün şəhərdə qaldılar. Ondan sonra bu uca imarətləri və geniş binaları zülm odu ilə yandırdılar. Şəhərin bürc və barılarını yıxdılar. (Sonra) qayıtmaq təblinin səsini göylərə çatdırdılar. Bu qışı Muğan qışlağında keçirdilər. Sonra Duşetdə olan vali yerdə qalan tavadları [14], öz övlad və nəvələrini yığıb müşavirə məclisi qurdu. Məsləhət mizrabını tədbir sazına vurdu. Bu sözləri onlara dedi: "Ruzgarın saqisi mənim ömrümün kasasını doldurmuş və həyatımın piyaləsi dodağıma yetişmişdir. Bundan sonra mənə layiq deyil və qəbul edə bilmərəm ki, Ağa Məhəmməd şahın itaət məclisində guşənişin olub qəm artıran əmrlərini eşidəm.

Salari

Bilirəm ki, məndə quru nəfəsdən başqa bir şey qalmamışdır.

Belə olan surətdə mən necə şad nəfəs ala bilərəm!

İncəlikləri dərk edən ağıl yanında, nicat qapısı qıfılının açarı budur ki, öz övladımın birini sizinlə Ağa Məhəmməd şahın hüzuruna göndərim, sülh və sazişdən ötrü girov verim".

Bu əsnada Ağa Məhəmməd şahın qayıtmaq xəbəri valiyə gəlib çatdı. Vali bu xəbərdən sonra, əhvalatı müfəssəl bir surətdə yazıb, imperatriçə Yekaterinanın hüzuruna göndərdi. İmperatriçə acizlərə kömək və zərərçəkənlərin dərdinə qalmaq məqsədilə cənab general-anşef qraf Valerian Zubova fərman verdi ki, saysız-hesabsız qoşunla valini himayə və Ağa Məhəmməd şahın şərrini dəf etməyə getsin.

O böyük cənab gəlib Dərbənd ətrafında düşdü [15]. Babüləbvab (Dərbənd) səhrasını müzəffər ordunun cövlangahı etdi. Zaqafqaziya vilayətlərini Qarabağ sərhədinədək aldı... Səlyanda qışlaq edib əyləşdi. Bu xəbər mərhum İbrahim xana çatdı. Oğlu Əbülfət xanı çoxlu hədiyyə və sovqatlarla böyük sərdar qraf Valerian Zubov cənablarının möhtərəm hüzurlarına göndərdi. Uca Rusiya dövlətinə ixlas və sədaqətini bildirdi. İmperatriçə Yekaterina həzrətlərinin müqərrəblərinə qaneedici və təvazö bildirən məktublar yazdı. İqtidar sahibi olan sərdar da Əbülfət xana qarşı hədsiz hörmət və mehribanlıq göstərdi.

Behiştlik, mərhum (İbrahim) xanın ərizəsini Dərbənd və Qızlar yolu ilə ixtiyar sahibi padşahın fələklər qədər yüksək olan dərgahına göndərdi. Mərhum Pənah xan üçün də, bir nəfər knyaz vasitəsilə çoxlu bəxşiş və töhfələr yolladı. Padşahın ona qarşı hədsiz lütf və mərhəməti olduğunu bildirdi. Mövlana Molla Pənah Vaqifə də qiymətli daşlarla bəzədilmiş bir əsa göndərdi.

Elə ki, ətrafda olan xanlar bu əhvalatı eşidib cənnətlik mərhum xanın Rusiya dövlətinə itaət etdiyini bildilər, onlar öz səfirləri vasitəsilə məktublar göndərib behiştlik xana xəbər verdilər: "Biz uca şanlı xanın itaət libasını çiynimizə alaraq bəndəlik halqasını qulağımıza asmışıq, həmişə onun sədaqətini özümüzə iftixar sərmayəsi bilmişik və tünd yel kimi gedən atının ayağının tozunu bəsirət gözümüzə sürmə etmişik. İndi o, uca Rusiya dövlətinə tabe olub itaət etmişdir. Biz də cənabınızın fikrinə müxalif deyilik".

Mərhum İbrahim xan o xanlardan: talış Mir Mustafa xan, şirvanlı Mustafa xan, gəncəli Cavad xanın və hətta İrəvan, Naxçıvan və Qaradağ hakimlərinin məktublarını da sərdarın hüzuruna göndərdi.

Gürcüstan valisi başqa xanlara nisbətən dəbdəbəli və qədim bir ocaqdan idi. Lakin yenə böyük və kiçik işlərdə mərhum İbrahim xanın məsləhət və məşvərətindən çıxmağa qüdrəti yox idi; çünki Avar hakimi Ümmə xan və sair Dağıstan əmirləri, qohumluq səbəbilə, cənnətlik xana tabe idilər...

Behiştlik xanın cah-calah, təntənə və dəbdəbəsi belə idi: Şəki, Şirvan, Gəncə, Qarabağ, İrəvan, Xoy, Talış, Naxçıvan, Təbriz, Şahsevən və Şəqaqi xanları onun hökmünə tabe idilər. Tiflis valisi də ehtiyatla hərəkət edərək, dostluq yolu ilə gedirdi. İstər-istəməz onun itaətinə hazır idi.

Bu zaman gözlənmədən ulduz dəstgahlı Rusiya padşahı vəfat etdi [16]. Buna görə uca mərtəbəli sərdarın Rusiyaya qayıtması haqqında fərman çıxdı. O da bu ali əmrə tabe olaraq, öz əsgərlərilə qayıdıb getdi. Mərhum İbrahim xan bu hadisəni eşidincə, Gürcüstan valisinə bildirdi; zəfər nişanəli Qarabağ və Dağıstan qoşunları ilə Gəncə tərəfinə hücum bayrağı qaldırıram. Siz də Gürcüstan qoşunlarını toplayın və bizimlə yoldaş olmaqda gecikməyin. O tərəfə hərəkət edin, əlbir olaraq Gəncəni alaq və onlara yaxşı bir qulaqburması verək...

Vali də tədarük görüb, qoşun yığdı. Onlar gəlib Gəncəni mühasirə edərək aldılar. Məlik Məcnun da o davada öldürüldü. Cavad xan tabe olduğunu bildirdi, öz qızını və oğlunu İbrahim xana girov verdi. Ona xidmət və itaət etməyi öhdəsinə aldı.

Ağa Məhəmməd şah hadisəsindən sonra, vali qətiyyən Darüssürura (Tiflisə) daxil olmayıb, Kaxetdə sakin olurdu. İki ildən sonra da vəfat etdi [17] və səltənət taxtını qəbir kərpicilə əvəz etdi.

Valinin vəliəhdi olan böyük oğlu Georgi xanı dualadılar. Onun qardaşları: Yulon xan, Parnaoz xan və Aleksandr Mirzə bu işə razı olmadılar [18], çünki bunlar bir anadan olmuşdular. Georgi xan isə başqa bir arvaddan dünyaya gəlmişdi. Hər biri bir tərəfdən üsyana başlayıb vali ilə ədavət və düşmənçilik etdi. O cümlədən Aleksandr Mirzə [19] Qazax, Borçalı və Şəmsəddinli mahallarına yiyələnib Georgi xana əhəmiyyət vermirdi. Yeni vali Georgi xan da çarəsiz qalıb adamlar göndərdi və məvaciblə Dağıstandan özü üçün kömək gətirtdi. Dağıstan qoşunu, Kaxet və gürcü alaylarının köməyilə Kəsəmən qışlağından keçdi, Qazax torpağına daxil oldu. Aleksandr Mirzə özünün gücsüz olduğunu hiss edərək qaçdı; Qarabağ vilayətinə gəldi [20]. Vali Qazax və Borçalının bir para fəsad törədən adamlarını cəzalandırdı. Haman qoşunlara əmr etdi ki, Qars vilayətinə soxulsunlar, bacardıqları qədər o şəhərin ətrafını çalıb-çapsınlar. Əmrə görə, zəfər nişanəli qoşunlar çapqın etdikdən sonra, valinin hüzuruna gəldilər. Oradan da köçüb Tiflisə daxil oldular. Aleksandr Mirzə Qarabağa qaçandan sonra, sair valizadələr də öz başlarını qorumağa çalışırdılar.

Qeydlər

redaktə
  1. Hicri 1173 (1759)-cü il avqustun 25-də başlanmış, 1760-cı il avqustun 12-də qurtarmışdır.
  2. Müəllif böyük mübaliğəyə yol verir. İbrahim xanın ancaq Qaradağ, Ərdəbil, Naxçıvan və Gəncə hakimləri üzərinə
    bəzən şiddətli təsiri olmuşdur. Şəki, Şirvan, Təbriz, Xoy, Marağa və İrəvan xanları heç bir vaxt İbrahim xandan asılı olmamışlar.
  3. Kərim xan Zənd ) 779-cu ilin fevral ayında olmusdur (П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722 по 1803 г., II hissə, səh. 70)
  4. Müəllif yanılır, çünki hicri 1176-cı il tariximizin 1762-1763-cü ilinə mütabiqdir, lakin bu zaman vəkil Kərim xan Zənd hələ sağ idi. Ağa Məhəmməd xan Azərbaycanın cənub hissələrini ancaq 1791-ci ildə öz hakimiyyətinə tabe etmişdir (Bax: Rövzətüssəfa, Tehran, hicri 1270-ci il çapı, c. IX, səh. 96 (səhifələr bizim tərəfimizdən nömrələnmişdir). Müqayisə et: Nasixüttəvarix, Təbriz, hicri 1292-ci il, c. I, səh. 30, 31. Hər iki əsər fars dilindədir)
  5. 1 Bu hadisələr 1791-ci ildə baş vermişdir (B a x: П.Г.Бутков. Материалы для новой истории Кавказа 1722 по 1803 г., II hissə, səh. 321). Müqayisə et: General-anşef Qudoviçin 1791-ci il noyabrın 7-də çara göndərdiyi raport (Кавказский сборник, c. XVIII, Tiflis, 1897, səh. 421).
  6. Bu tarix təhrif edilmişdir. Yuxarıdakı qeydlərə bax.
  7. Kafurdan qayrılmış saf və parlaq şam.
  8. Hicri 1209-cu il, 1794-cü il iyulun 29-da başlanmış, 1795-ci il iyulun 17-də qurtarmışdır.
  9. İran qoşunları Ağa Məhəmmed şahın başçılığı ilə 1795-ci ilin iyul və avqust aylarında, 33 gün Şuşa qalasını mühasirə etdilər (B a x: "Грамоты и другие исторические документы XVIII столетия, относящиеся до Грузии", c. II, h. II, 1769-cu ildən 1801-ci ilədək, sənəd 73, səh. 93, SPb, 1902. Müqayisə et: А.Бакиханов. Гюлистан-Ирам, səh. 143; Rövzətüssəfanın yuxarıda göstərilən çapı, c. IX, səh. 110)
  10. 1 N ə m r u d - Babilistan padşahlığının əsasını qoyan və Bibliya Avraamını (İbrahimxəlil peyğəmbəri) oda atanəfsanəvi bir simadır. Bu əfsanəyə görə, od Avraama heç bir zərər yetirməmişdir.
  11. Səməndər- qədim əfsanələrə görə, odda yaşayan mövhumi bir heyvandır.
  12. D e d a - gürcücə "ana" deməkdir. II İraklinin ikinci arvadı çariça Dariya Georgiyevna nəzərdə tutulur.
  13. Ağa Məhəmməd şahın qoşunları 1795-ci il sentyabrın 12-də Tiflisə girmişlər
  14. Tavad - "gürcü knyazı" deməkdir
  15. Rusiya qoşunları qraf V.Zubovun komandanlığı altında 1796-cı il mayın 2-də Dərbəndin şimal tərəfinə
    yaxınlaşdılar
  16. II Yekaterina 1796-cı il noyabrın 6-da ölmüşdür
  17. Gürcüstan padşahı II İrakli 1798-ci il yanvarın 11-də Kaxetiya padşahlığının keçmiş paytaxtı Telav şəhərində
    ölmüşdür (B a x : Н.Дубровин. "Георгай XII, последный чарь Грузии и присоединение ее к России", səh. I; 2-ci cap,
    SPb, 1897); bax yenə onun: "История войн и владычества русских на Кавказе", с. Ill, SPb, 1886, səh. 215.
  18. 2 Şahzadə Yulon, İrakli padşahın ikinci arvadı çariça Dariya Georgiyevnadan olmuş böyük oğlu idi. Təsvir edilən
    hadisələr zamanında onun yaşı 40-a yaxın idi.

    Şahzadə Parnaoz çariça Dariya Georgiyevnanın altıncı oğlu idi. Təsvir edilən hadisələr zamanında bunun yaşı 26-ya yaxın idi.

    Şahzadə Aleksandr çariça Dariya Georgiyevnanın beşinci oğlu idi. Təsvir edilən hadisələr zamanı onun yaşı 32-yə yaxın idi (B a x: "Грузинский царский дом", AKAK, c. I, sənəd 161, səh. 199).
  19. 3 Şahzadə Aleksandr 1801-ci il yanvarın 8-də Şəmsəddinliyə, yanvarın 11-də isə Qazaxa gəldi (şahzadə Aleksandrdan Tamaz Orbelianiyə 8 və 11 yanvar tarixli məktublar. AKAK, c. I, sənəd 163, səh. 203, 204). Müqayisə et: general-mayor Lazarevin general-leytenant Knorrinkə göndərdiyi 1801-ci il 20 və 24 yanvar tarixli, 47 və 55 nömrəli raportlar. AKAK, c. I, sənəd 314 və 315, səh. 283-284
  20. Şahzadə Aleksandr Qarabağda 1801-ci il mart ayının əvvəllərində olmuşdur (B a x: General-mayor Lazarevin general-leytenant Knorrinke göndərdiyi 1801-ci il 15 mart tarixli, 168 nömrəli raport. AKAK, c. I, sənəd 320, səh. 284-285)