Qaradağlılar/Asayişli oymağı

Abbasqulu xan Qaradağlılar. Asayişli oymağı
Müəllif: Ənvər Çingizoğlu
Bayandur sultan


Ustaclı elinə daxil olan oymaqlardan biri də Asayişlidir. Əsasən Güney Azərbaycanda məskunlaşmışdı. Təyinat səbəbi ilə Astrabad civarına köç etmişdilər. Bir qrupu Şirvanda yaşayırdı. Asayişli oymağının məşhur simalarından biri Məhəmməd bəydir. Məhəmməd bəy öncə sultan, sonra xan ünvanı almışdı. Astrabad vilayətinin hakimi olmuşdu. Asayişli omağının ünlü əmirlərindən biri Nəzər bəydir. Nəzər bəy I Şah Təhmasibdən sultan ünvanı almışdı. Nəzər sultan Mustafa mirzənin lələsi idi. Nəzər sultan 1575-ci ildə vəfat etdi. Nəzər sultanınn Hüseynqulu bəy adlı oğlu vardı. Hüseynqulu bəy Şah Məhəmməd Xudabəndəyə qulluq etmişdi. Şahdan sultan ünvanı almışdı. 1580-ci ildə Salman xan Təmişli-Ustaclının başçılığı altında Şirvana getmişdi. Şirvanda onun tiyul torpağı vardı. Nəzər sultanın qardaşı Həsən bəy I Şah Ismayıla və sonra I Şah Təhmasibə xidmət etmişdi. Həsən bəy 1560-cı ildə vəfat edib. Həsən bəyin Hüseyn bəy adlı oğlu vardı. Hüseyn bəy Qəzvində saray yüzbaşısı vəzifəsində çalışmışdı. Hüseyn bəy əmisindən sonra Mustafa mirzənin lələsi oldu. Hüseyn bəy Ustaclı elinin ağsaqqalarından sayılırdı. Paytaxtda yaşayırdı. I Şah Təhmasib vəfat edəndən sonra Hüseyn bəy şahzadə Heydər mirzəni dəstəkləyən dəstənin başçısı idi. II Şah Ismayıl (1576-1578) taxta çıxandan sonra onu tutub, zindana atdılar.