Qaradağlılar/Məhəmmədqasım xan

Giriş Qaradağlılar. Məhməmmədqasım xan
Müəllif: Ənvər Çingizoğlu
Abbasqulu xan


Məhəmmədqasım bəy Bayandur sultanın oğludur. Dizmar mahalının Duzal kəndində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Məhəmmədqasım bəy atasından sonra Qaradağ vilayətinə hakim təyin olunmuşdu. Öncə sultan, sonra xan ünvanı almışdı. Məhəmmədqasım xan şahın fərmanı ilə Dizmar mahalından yığılan vergilərdən 63096 dinar soyurqal alırdı. O, bu soyurqalın müqabilində orduya geyim-gecimlə, silah-sursatla tam təmin olunmuş əskər verməliydi. Məhəmmədqasım xan Qaradağda əski çağlardan bəri qərar tutan qalalarda yenidənqurma işləri apararaq güclü istehkamlar yaratdı. Məhəmmədqasım xan hakimiyyətini möhkəmlədib, şahın əmrlərini qulaqardına vurdu. Hətta Rusiya elçilərini Əhərə buraxmamışdı. Əhvalat belədir. Rusiya elçiləri 1717-ci ilin sonlarında Şamaxıya gəldi. Şamaxıdan Gilana, ordan Ərdəbil yolu ilə Əhərə çatdı. Əhərin ətrafında rus elçisi A. P. Volınski nümayəndə göndərib, Məhəmmədqasım xandan yer-yatacaq istədi. Məhəmmədqasım xan onu rədd etdi. Tarixçi H. Ə. Dəlili bu faktı Kazım xanın adına çıxır. Kazım xan, yəni Məhəmmədkazım xan təxminən, 1730-cu ildən sonra Qaradağa başçılıq edib. Məhəmmədqasım xan 1721-ci ildə vəfat edib. Məhəmmədqasım xanın Əbdürrəzzaq bəy, Məhəmmədkazım bəy, Məhəmmədhüseyn bəy adlı oğulları vardı.