Qaralanmışam
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Qoca baba, heç soruşma halımı,
Şahindim, köksümdən yaralanmışam.
Bağladığım kəsdən xoş iqbalımı,
Xeyli zamandır ki, aralanmışam.

Tərk eyləyən gündən obanı, eli,
Büsatlı dağlara üz çevirəli.
Məskən eyləmişəm çəməni, çölü,
Güllərin ətrindən qidalanmışam.

Yol gözləyir haqdan dilək diləyən,
Dörd divarda ondan kömək istəyən.
Hacı oldu baba, işimi əyən,
Haqqın dəftərindən qaralanmışam.