Qaraqaşın nağılı

Nağıllar. Qaraqaşın nağılı
Müəllif: Şifahi xalq ədəbiyyatı


Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi. Bir odunu var idi. Bu odunçunun oğlu, uşağı yox idi. Bir gün evdə ər-arvad oturub söhbət edirdilər. Söhbət vaxtı arvad ərinə dedi:

– A kişi, nə olaydı, bu evimizdə oğul adı çəkiləydi. Qorxuram düşüm ölüm, ürəyimdə oğul dağı qalsın.

Odunçu dedi:

– Ay arvad, nə səfeh-səfeh danışırsan? Cavanlıqda doğub törəmədin, yetmişində balalamaq istəyirsən?

Arvad kişinin bu sözünün üstündən heç bir söz demədi. Gecəni yatdılar. Səhər tezdən arvad səhəngi götürüb odana suya getdi. Səhəngin odandan doldurub evə gətirdi, yorulub yolda oturdu. Gördü ki, dizinin üstə bir göy yarpaq düşdü. Amma ətrindən doymaq olmur. Arvad yarpağı dilinin altına qoyub, səhəngi alıb çiyninə yollandı evə tərəf. Arvad qanov qırağı ilə gedirdi, birdən səbir gətirdi. Yarpaq ağzından düşdü qanova. Su apardı yarpağı. Arvad səhəngi qoyub yerə, yüyürdü yarpağın dalınca. Ha burda, ha orda yarpağı tuta bilmədi. Bir xeyli yol gedib çatdı bir qalaçaya. Gördü ki, burada bir dərviş qabağına manqal qoyub, kitabdan oxuyub, manqala üfürür. Dərviş birdən qalxıb odunçunun arvadına dedi:

– Xoş gəlmisən!

Bir qaşıq ağzının suyundan damızdırıb qaşığa, odunçunun arvadına verdi. Odunçunun arvadı əvvəl qorxdu, istəmədi alıb içə. Sonra özünə ürək verib, dərvişin tüpürcəyini alıb içdi. İçən kimi dərviş qalxıb ayağa, arvada bir sillə çəkdi, götürüb saldı otaqların birinə. Odunçunun arvadı haçandan-haçana özünə gəlib gözlərini açdı, gördü ki, balaca bir otaqdı. Amma burda heç kəs yoxdu. Tez durdu ayağa qaçsın, gördü ki, burada bir qapı var. Sındırıb qapını girdi içəri, gördü ki, burada o qədər arvad var gəl görəsən. Saçından asılan saçından asılıb, daşa dönən daşa dönüb. Odunçunun arvadı yapışıb qızların birinin saçından açıb qoydu yerə. Xəbər aldı:

– Ey biçarələr, sizi saçınızdan kim, nə səbəbə asıb?

Qız dedi:

– Mən padşah qızıyam. Bir gün atamın bağında gəzirdim. Gördüm ki, yerdə bir göy yarpaq var. Götürüb əlimdə oynadırdım, birdən yarpaq əlimdən sürüşüb düşdü qanova, başladı axıb getməyə. Mən də düşdüm yarpağın dalıncan ki, tutam. Gəlib çıxdım qalaçaya. Qabağıma bir dərviş çıxdı, tüpürcəyindən bir qaşıq verdi ki, içəm. Mən də iyrənib atdım. Acığı tutub, məni bu otağa salıb, saçımdan asdı.

Odunçunun arvadı o biri arvadları da saçından açıb xəbər aldı ki:

– Bu nə əhvalatdı?

Necə ki, padşah qızı danışdı, o biriləri də elə danışanda odunçu arvadı dedi:

– Ey qızlar, bilin və agah olun! Mən də sizin gününüzdəyəm. Qızlar, gəlin qaçaq! Yoxsa bu dərviş bizi qırar.

Odunçunun arvadı arvadları qatıb qabağına, iki qapı keçdilər, üçüncüyə çatanda gördülər ki, qapının ağzında əjdaha var. Qızlar qorxub geri qaçanda, odunçunun arvadı dedi:

– Qaçmayın! Bu saat mən bu əjdahanı öldürüm.

Odunçunun arvadı yeriyib irəli, yapışdı sağ əli ilə əjdahanın alt çənəsindən, sol əli ilə üst çənəsindən çəkib, dartıb əjdahanı iki yerə bölüb, atdı bir yana. Qapı açıldı. Keçdilər ikinciyə, gördülər ki, burada bir pələng var. Odunçunun arvadı tülkünü öldürmək istədi. Tülkü dil açıb dedi:

– Məni öldürməyin, sizə yaxşılıq eləyim.

Odunçunun arvadı əl saxladı.

Tülkü dedi:

– Dərviş qırx günün yuxusuna gedib. Bu gün qırx günü tamamdı. Ayılsa vayınızdı. Bax, bu qapıdan çıxıb qaçın!

Odunçunun arvadı tülkünü öldürmədi, tülkü də bunlara yol göstərdi, qaçıb getdilər. Bir xeyli gedəndən sonra hərə öz evinə dağıldı, odunçunun arvadı da çatdı səhəngini qoyduğu yerə. Gördü ki, səhəngi sağsalamatdı. Alıb səhəngi gəldi evinə.

Odunçu arvadı gedəndən sonra çox bikeyf idi. Ürəyindən min bir xəyalət keçirdi. Bir də onu gördü ki, arvad budu səhəng çiynində gəlib çıxdı.

Odunçu yerindən qalxıb, əl atıb kösövə dedi:

– Ay itin qızı, hardaydın?

Arvad dedi:

– Kişi, bir səbir elə, başıma gələni sənə danışım, sonra neyləyirsən elə!

Odunçu kösövü yerə qoyub dedi:

– Danış görək!

Arvad başına gələn müsibəti ərinə danışdı. Odunçu arvadını çox istəyirdi. Əlacı kəsilib arvadına dinmədi. Birdən baxıb gördü ki, arvadı hamilədi. Od götürüb əl atdı dəyənəyə. Dəyənəyi qoyub yapışdı kösövdən. Kösövü qoyub, yapışdı baltadan ki:

– İtin qızı, sən hamiləsən, gərək səni öldürəm.

Arvad dedi:

– Ay kişi, ağzımda sənə bir Quran söz danışmışam. Bu olsa dərvişin tüpürcəyindən olacaq. Qoy görək başımıza nə gələcək.

Odunçu əl saxladı. Amma dərviş hərdən gözünün qabağında duranda kişini od götürürdü, yenə şeytana lənət deyib, hirsini alırdı əlinə. Doqquz ay başa gəldi, arvad yükünü qoydu yerə, bir cüt qara qaş doğdu. Bu uşağın nə qolu var idi, nə qıçı, nə cəmdəyi, nə başı, nə də gözü. Amma bir cüt çatma qara qaş gözə görünürdü. Odunçu düşdü qorxuya. Arvad qorxusundan qaçdı.

Kişi yapışıb baltadan dedi:

– Arvad, dur kəlmeyi-şəhadətini de, səni öldürəcəyəm, sənin doğduğun təpənə dəysin.

Arvad dedi:

– A kişi, bura qədər səbir eləmisən, bir az da səbir elə, görək bu işin axırı nə olacaq.

Kişi dedi:

– Axmaq oğlunun qızı, nə səbirbazlıqdı? Doğduğunu gördük də. Odur, çıxıb oturub yükün üstə. Bədən yox, baş yox, göz yox, qıç yox, qol yox, bir cüt qara qaş. Dur, dur köpək oğlunun qızı! Məni rüsvay elədin. Səni gərək öldürəm.

Arvad yalvarıb-yaxarıb, birtəhərlə canını kişinin əlindən qurtardı. İndi al xəbəri Qaraqaşdan, Qaraqaş bu qalmaqla bir həftə yük üstündə qaldı. Bir gün arvad xörək bişirirdi, kişi də evdə oturmuşdu. Qaraqaş birdən atılıb yükün üstündən yerə dedi:

– Mənə pəpə!

Arvad bir nimçə sıyıq çəkib qoydu ortalığa. Bir də onu gördü bir nimçə sıyıq aş qurtardı. Qaraqaş dedi:

– Mənə pəpə!

Arvad bir nimçə də xörək çəkdi. Qaraqaş bu nimçə xörəyi də yedi. Qaraqaş belə-belə bir qazan xörəyi yeyib, düzəldi yola. Kişinin diliağzı quruyub, dedi:

– Arvad, bircə qapıları bağla, gəlməsin.

Arvad durub qapıları bağladı. Oturub təzədən xörək bişirməkdə olsun, al xəbəri dərvişdən.

Dərviş ayılıb gördü ki, odunçunun arvadı yoxdu. Durub gəldi o olan şəhərə. Bir də gördü ki, Qaraqaş budu evdən çıxıb gedir. Tez əlini atıb Qaraqaşı tutdu. Bir tilsim oxuyub Qaraqaşı elədi bəni-insan. Dedi:

– Ey oğul, səni mən dünyaya gətirmişəm. İndi sənə elə bir su verim ki, dünyada heç bir pəhləvanın gücü sənə çatmasın. Amma gərək mənim dediklərimi yerinə yetirəsən.

Dərviş Qaraqaşa and verdi. Qaraqaş andı qəbul eləyəndən sonra, dərviş cibindən bir şüşə çıxardıb verdi Qaraqaşa. Qaraqaş şüşəni alıb çəkdi başına.

Dərviş dedi:

– İndi mən yatıram. Nəbadə mənim bu şeylərimə dəyəsən. Mənim qarovulumu çək!

Dərviş bir tilsim oxudu, Qaraqaş oldu həminki Qaraqaş. Özü də yıxılıb yatdı. Haçandan-haçana dərviş ayılıb Qaraqaşa dedi:

– Ey oğlan! Burdan gedərsən padşahın evinə. Padşahın qızını götürüb gələrsən. Amma qorxma, səni tuta bilməzlər.

Qaraqaş dərvişdən ayrılıb birbaş gəldi padşahın imarətinə. Açıb qapını, girdi içəri, gördü ki, padşah xörək yeyir. Qaraqaş əlini atıb padşahın xörəyini yeyib qurtardı. Padşah baxıb gördü ki, bu xörəkdən heç doymadı. Aşbazı çağırıb xəbər aldı:

– Ey, vələdəzna, bugünkü xörəyin niyə azdı?

Aşbaz dedi:

– Padşah sağ olsun, həmişəki qaydaynan sənə xörək çəkmişəm.

Qaraqaş vəzirin, vəkilin, padşahın arvadının başına da bu oyunu gətirdi. Padşah bir də baxıb gördü ki, vəzir, vəkil, padşahın öz arvadı da gəlib çıxdı. Başladılar aşbazdan şikayət eləməyə ki, bugünkü xörəyimiz az düşüb.

Padşah dedi:

– İndi ki, belədi, vurun aşbazın boynunu!

Cəllad gəldi. Aşbazın qolun bağladılar. Cəllad əl qaldırıb istədi aşbazın boynunu vura, Qaraqaş əlin atıb, tutdu cəlladın biləyindən. Cəllad ha istədi əlin endirə aşağı, baxıb gördü ki, əli qalıb göydə. Padşah biriki kərə qışqırdı:

– Vur, deyirəm sənə!

Cəllad dedi:

– Qibleyi-aləm, əlimi tutublar, qolum işləmir.

Padşahın acığı tutub, durub düşüb taxtdan, alıb qılıncı cəlladın əlindən, istədi ki, aşbazın boynunu vura, Qaraqaş əl atıb tutdu padşahın biləyindən, elə sıxdı ki, qılınc əlindən düşdü. Padşah iki saat özünə gəlmədi. Vəzir, vəkil padşahı ayıldıb taxta çıxartdılar. Padşah dedi:

– Vəzir, burada bir sirr vardı. Aşbazlıq iş yoxdu.

Padşah aşbazı buraxdı. Qaraqaş yapışıb padşahın tacından qoydu yerə. Çıxıb getdi. Padşah bu işə lap məəttəl qaldı.

Al xəbəri Qaraqaşdan. Qaraqaş özün yetirdi padşahın xəzinəsinə. Bir böyük çəngə qızıl götürüb üz qoydu evlərinə. Gördü ki, qapıları bağlıdı. Bir təpik qapıya çəkdi, qapı laxbalax açıldı. Qaraqaş girdi içəri, qızılları anasının ətəyinə töküb çıxıb getdi. Odunçunun arvadı qızılı görən kimi gözləri çıxdı kəlləsinə. Kişi dedi:

– Arvad, dur uşağı qaytar!

Arvad durub çıxdı bayıra, gördü ki, Qaraqaş burada neyləyir.

Qayıtdı evə. Kişi xəbər aldı:

– Necə oldu?

Arvad dedi:

– Bayırda adam nə gəzir.

Kişi dedi:

– Arvad, ta qapıları bağlama! Qoy tez-tez gəlsin!

Ər-arvad bu pulla qapı-bacalarını qayırtdırıb, özlərinə ev azuqəsi, üst-baş alıb, şad gün keçirməyə başladılar.

Al xəbəri Qaraqaşdan. Qaraqaş bu səfər özün verdi padşahın qızının otağına. Birtəhərlə özün saldı içəriyə. Gördü ki, padşahın qızı xörək yeyir. Qaraqaş oturub qızla xörək yedi. Padşahın qızı baxıb gördü ki, bu gün xörəkdən heç doymadı. Sabahısı günün də xörəyi gəldi. Yenə də doymadı. Birdən başını qaldırıb yuxarı, gördü ki, başının üstə bir cüt çatma qaş var. Qız barmağını dişləyib dedi:

– Ey dili-qafil, bu filan cadukunun tüpürcəyindən əmələ gələn oğlandı.

Çünki padşah qızı hər bir tilsimi bilirdi, dinməyib gecəni rahat yatdı. Günorta araya xörək gəldi. Qız başlayıb yeyəndə Qaraqaş da oturub xörəkdən yedi. Padşah qızı Pəri əlin uzadıb tutdu Qaraqaşın biləyindən, bir ismi-əzəm oxuyub Qaraqaşın biləyini elə sıxdı ki, Qaraqaş çığırıb oldu on beş yaşında gözəl bir oğlan. Pəri xanım bu gözəlliyi Qaraqaşda görən kimi könül verib dedi:

– Allah mənim istədiyimi yetirib.

Tez durub bir dəst mərdanə paltar çıxardıb geyindirdi Qaraqaşa. Hər ikisi sərilib sarmaşıq kimi bir-birinə, yatdılar. Haçandan-haçana ayılıb Qaraqaş Pəri xanıma dedi:

– Ey qız, dərviş məni gözləyir. Mən çox da sənin yanındayam, amma səni gərək dərvişə yetirəm.

Pəri dedi:

– Ey cavan, o çox-çox sənin kimi oğlanlar dünyaya gətirib, mənim kimi qızları həmin oğlanların vasitəsilə apartdırıb, qızla oğlanı həlak edib. Gəl bu xam xəyaldan daşın! Bir aynaya bax!

Qaraqaş aynaya baxanda özünü aynada gördü.

Pəri qəfildən Qaraqaşa bir sillə çəkdi. Qaraqaş öyüyüb ağzından bir qurd saldı. Pəri qurdu maşaynan tutub, Qaraqaşa görsədib dedi:

– Bu qurdu görürsən?

Dedi:

– Görürəm.

Dedi:

– Məni buradan aparıb dərvişə yetirincə bu qurd qarnında ilan olub, səni çalıb həlak edəcəkdi.

Pəri bu sözü deyəndən sonra, qurdu öldürüb atdı. Qaraqaş işləri bu halda görəndə Pəriyə ürəkdən inanıb dedi:

– Dərviş lap göyə çıxsa da səni əldən verməyəcəyəm.

İndi al xəbəri sənə verim dərvişdən. Dərviş Qaraqaşı çox gözlədi, baxıb gördü ki, Qaraqaş gəlib çıxmadı. Bir vürd oxuyub oldu göyərçin, qanad çalıb gəldi oturdu padşahın qızı Pərinin pəncərəsində. Baxıb gördü ki, Qaraqaş Pəri xanımla bir keyfdə damaqdadı ki, gəl görəsən. Dərviş bir başına, bir döşünə vurub dedi:

– Qız əlimdən çıxdı.

Pəri xanım bütün tilsimlərin açarını bilirdi. Bir tilsimdən başqa. Dərviş nə ki tilsim bilirdi oxudu ki, Qaraqaşı qara daş eləsin, Pəri xanımı daşa döndərsin, gücü çatmadı. Çatmayanda Pəri xanım bir qaqqanaq çəkdi. Qaqqanaq çəkəndə ağzından bir qurtum alov çıxıb düşdü dərvişin üstə, dərviş od tutub yanmağa başlayanda tez özün atdı padşahın çarhovuzuna. Baş vurub odun söndürdü, qalxıb göyə qışqırdı:

– Ey Pəri xanım, səninlə mənim aramda bir tilsim qalıb. O tilsimi öyrəndim vay halına!

Dərviş üz qoydu İsfahan şəhərinə. Gəzib, qoca bir cindar tapıb birbir tilsimləri öyrənməyə başladı.

Xəbər verim sənə kimdən, vəzirdən. Vəzir bir gün səhər namazından qabaq əl qabına çıxmışdı. Gördü ki, padşahın qızı Pəri xanımın otağından işıq gəlir. Tez özün yetirdi bağa. Gördü ki, hasar çox hündürdü. Bir təhərlə dırmaşıb hasara, həyətə atıldı. Amma vəzirin üzgözü, əl-ayağı cırmaq-cırmaq oldu. Özün bir təhərlə yetirdi Pərinin otağının pəncərələrinə. Pəncərədən baxıb gördü ki, qız on beş yaşında cavan bir oğlanı oturdub dizinin üstə, bir keyfdədi ki, gəl görəsən. Vəzirin ürəyi gedib tappadan gəldi yerə. Vəzir axsaq qatır kimi ombasını çəkə-çəkə durub getdi, birtəhər özün salıb yorğan-döşəyə, arvadına da tapşırdı ki, kim məni xəbər alsa, deyərsən ki, vəzir bərk naxoşdu. Vəzirin arvadı, bəli deyib öz işinə getdi. Sənə xəbər verim Firəng padşahından1 Firəng padşahı elçi göndərdi bu padşahın üstünə ki, ya yeddi ilin bac-xəracın versin, ya da ki, qızı Pəri xanımı. Əgər verməsə, davamız davadı.

Firəng elçisi gəlib oturdu elçi daşının üstə. Padşaha xəbər getdi ki, Firəng padşahı elçi göndəribdi. Padşah əmr verdi ki, buraxsınlar gəlsin, görək nə üçün gəlibdi. Firəng elçisi durub, ədəb salamını yerinə yetirib oturdu. Padşah xəbər aldı:

– Nə üçün gəlmisən?

Firəng elçisi dedi:

– Firəng padşahı deyir ki, yeddi ilin bac-xəracını versin. Əgər xərac vermir, qızından əl çəksin. Yox, qızından da əl çəkmir, davamız davadı.

Padşah dedi:

– Firəng padşahına deyinən on gün mənə vaxt versin.

Elçi durub Firəng torpağına getdi.

Padşah vəzir üçün adam göndərdi ki, Firəng padşahı bizdən bacxərac istəyir, durub tədbirə gəlsin.

Vəzir padşaha xəbər göndərdi ki, bərk naxoşam, gələ bilmirəm. Axırda padşahın əlacı kəsilib durub gəldi vəzirin yanına. İçəri girib nə gördü. Vəzir baş-gözün sarıyıb, əl-qolunda da sağ islahat yoxdu. Xəbər aldı:

– Vəzir, bu nə gündü düşübsən?

Vəzir dedi:

– Pişik cırmaqlayıb.

– Aşna, bu pişik işi deyil. Səndə sirr var, gəl düzün de! Əgər düzün deməsən boynunu vurdurtduraram.

Vəzirin canına qorxu titrəməsi düşüb dedi:

– Padşah sağ olsun, and iç qəzəblənməyəcəksən, arada qan xatası olmayacaq, deyim.

Padşah əlacsız qalıb, öz ana südünə and içdi. Vəzir necə görmüşdü,

əhvalatı padşaha nəql elədi.

Padşah yerindən qalxıb dedi:

– Vəzir, qızıma böhtan demə!

Vəzir and içib özünü öldürdü.

Padşah dedi:

– İndi ki, belədi, dur məni apar oraya, görüm bu necə olan işdi. O nə nakəsdi ki, mənim qızımla eyş-işrətdə ola. Dur məni oraya apar! Vəzir durub ayağa, düşüb padşahın qabağına, gəldilər Pəri xanım olan imarətin qabağına. Qaş qaralan kimi vəzir padşaha dedi:

– Padşah sağ olsun, çıx pəncərədən bax, gör nə görərsən.

Padşah çıxıb pəncərədən baxıb gördü ki, həqiqətdə qızının yanında bir olan var, bəeyni Rüstəmzal. Padşah tez düşdü pəncərədən, dedi:

– Vəzir, cəlladı çağır gəlsin.

Vəzir dedi:

– Padşah, özünə toxtax ver! Burada cəllad iş görə bilməz. Gəl gedək gecəni rahat ol, səhər bu işə əncam çəkərik.

Vəzirlə padşah evlərinə gəldilər. Padşah gecəni səhərə kimi yata bilmədi. Çünki xof almışdı onu. Səhərnən durub vəzirdən məsləhətsiz Bəlğ pəhləvanı çağırtdırıb dedi:

– Qızımın yanında bir oğlan var. Hərayna o oğlanı öldürsən, qızımı sənə verərəm.

Bəlğ pəhləvan çox güclü pəhləvandı. Belə ki, bütün pəhləvanlar Bəlğin əlindən zağ-zağ əsirdilər. Bəlğ pəhləvan durub pəhləvanlibas oldu, özün yetirdi Pərinin imarətinin qabağına.

Padşah da çıxıb eyvanından tamaşa edirdi. Bəlğ pəhləvan bir-iki meydan gəzib elə bir nərə çəkdi ki, dağ-daş titrədi. Pəri xanım özünü dik atıb pəncərədən boylanıb baxıb gördü ki, Bəlğ pəhləvandı. İşi duyub gözlərindən qanlı yaş axıtdı. Qaraqaş Pərini ağlayan görüb xəbər aldı.

– Ey nazənin, nə üçün ağlayırsan?

Pəri dedi:

– Bir çıx pəncərədən bax, gör!

Qaraqaş pəncərədən boylanıb, Bəlğ pəhləvanı görüb Pəriyə dedi:

– Ey nazənin, elə bunun üçün qorxub ağlayırsan? Bu saat düşüb onun atasına od vuraram.

Pəri dedi:

– Oğlan, ona Bəlğ pəhləvan deyərlər, səni iki barmağında boğar. Hara gedirsən?

Qaraqaş dedi:

– Mən gərək öz gücümü sınayam.

Pəri çox dedi. Qaraqaş az eşidib özün tez atdı həyətə, dedi:

– Ey Bəlğ pəhləvan, məndə qaydadır, yolu düşmənə verərəm.

Bəlğ bu sözü Qaraqaşdan eşidən kimi əl atdı Qaraqaşın kəmərinə ki, götürüb vursun yerə. Gördü ki, xeyr, bu bir qarış boy elə ağır şeydi ki, bunu yerindən tərpətmək mümkün deyil.

Qaraqaş dedi:

– İndi ver növbəni mənə!

Bəlğ növbəni Qaraqaşa verəndə, Qaraqaş əlini atıb Bəlğin kəmərindən yapışıb bir nərə çəkdi, Bəlği qaldırıb göyün üzünə, elə vurdu yerə ki, heç tikəsi ələ keçmədi.

Padşah Bəlğ pəhləvanın öldürülməsini görəndə iki əli ilə başına vuraraq, vay sancılandım deyib, düşdü yorğan-döşəyə. Vəzir durub gəldi padşahın yanına ki:

– Sənə demədim səbr elə.

Padşah dedi:

– Vəzir, buna tədbir!

Vəzir dedi:

– Tədbir odur ki, göndər Firəng qoşununun qabağına, canın qurtarsın.

Padşah razı olub Firəngə kağız yazdı ki, davamız davadı. Bu tərəfdən də Qaraqaş üçün adam göndərdi ki, hüzuruna çağırsınlar.

Pəri xanımla Qaraqaş bağda gəzinirdilər. Bir də gördülər ki, budu, yasavulların biri gəlib kəsdirdi bunların başının üstünü.

Pəri xanım dönüb yasavula acıqlandı:

– Ey çəpəldən əmələ gəlmiş, sən nə hədlə bura gəldin?

Yasavul dedi:

– Xanım, bil və agah ol, padşah çox xahiş elədi ki, Qaraqaşı onun yanına göndərəsən.

Pəri xanım qorxuya düşdü. Qaraqaş dedi:

– Ey nazənin, izin ver gedim.

Pəri dedi:

– Qorxuram atam səni öldürtdürə.

Qaraqaş dedi:

– Nazənin, mən üç aylığam ki, mənim üçün qorxursan? Bədəbəddə atanı da göndərərəm Bəlğ pəhləvanın yanına. Sən izin ver mən gedim görüm nə deyir. Bəlkə bir vacib sözü var.

Pəri izin verdi. Qaraqaş izin alıb düşdü yasavulun qabağına. Padşaha xəbər getdi ki, Qaraqaş gəlir. Padşah qorxa-qorxa Qaraqaşın qabağına çıxıb, yanında oturdub dedi:

– Ey oğlan, bizlərdə adətdi ki, şəhərimizə gələn qərib pəhləvanı birinci dəfə düşmən qabağına göndərərik. Əgər salamat qayıtsa özümüzə dost bilərik. İndi səni Firəng qoşununun qabağına göndərirəm.

Qaraqaş dedi:

– Nə deyirəm ki... Göndərsən gedərəm.

Padşah dedi:

– Bizdən nə umursan?

Qaraqaş dedi:

– Bir dəst dəmir paltar, poladdan qayrılmış Misri qılınc, otuz pud ağırlığında qalxan, bir yeyin at, dava günündə də beş pud düyünün xörəyin.

Padşah razı olub, əmr verdi bu şeyləri hazırlamağa.

Qaraqaş durub gəldi qızın yanına. Pəri xanım gördü ki, Qaraqaş sağ və salamat gəlir. Qulac qolun səridi Qaraqaşın boynuna, xəbər aldı ki:

– Sevgilim, necə oldu? Atam niyə çağırtdırmışdı?

Qaraqaş əhvalatı nəql elədi Pəriyə.

Pəri dedi:

– İndi ki, belə oldu, atam sənə nə cür at versə nəbadə minəsən. Deyərsən ki, bu atlar mənim altımda davam gətirə bilməz. Onda atam sənə deyəcək, bəs hansı at xoşuna gəlir. Deyərsən ki, qulaqsız boz at. Alıb minərsən.

Pəri Qaraqaşın dərsini verib tamamladı. Vaxt başa gəldi. Firəng qoşunu gəlib yetişdi şəhərə. Qaraqaş üçün adam gəldi ki, padşah hazırlığın görübdü. Qaraqaş Pəri xanımla halallaşıb özün yetirdi padşahın hüzuruna. Beş pud düyünün xörəyini sümüksüz ətlə yeyib tamam elədi. Dəmir paltarı geyib üstündən qılıncını bağladı. Padşah əmr elədi ki, at gəlsin. Mehtərlər at gətirdilər. Qaraqaş bir barmağın qoyub atın belinə, elə basdı ki, atın beli sındı, dedi:

– Padşah, bu at çox davamsızdı.

Padşah əmr verdi ki, at gəlsin.

Mehtərlər yüzə kimi at gətirdilər Qaraqaşın qabağına. Qaraqaş baxıb atlara dedi:

– Padşah sağ olsun, bu atlar mənim altımda davam gətirə bilməz.

Padşah dedi:

– Bəs hansı atı istəyirsən?

Qaraqaş dedi:

– Qulağı kəsik boz atı.

Padşah əlacsız qalıb əmr verdi ki, qulağı kəsik atı götürüb gəlsinlər. Mehtər gedib qulağı kəsik boz atı götürüb gəldi. Qaraqaş minib ata, üz qoydu meydana. Firəng qoşunu baxıb gördü ki, bu padşah qoşun-moşun göndərmədi. Amma haçandan-haçana bir nəfər pəhləvan gəldi. Firəng qoşunu hazırlıq gördü, Qaraqaş da bu tərəfdən qılıncın sıyırıb həmlə elədi qoşuna. Bir gün, bir günorta Firəng qoşunu ilə dava eləyib, Firəng qoşununu qırıb qaytardı dala.

Padşah bu gücü Qaraqaşda görüb adına təbil vurdurdu. Qaraqaş dava meydanından qayıdıb əl-üzünü yuyub, özün yetirdi Pərinin yanına. Pəri Qaraqaşın sağ-salamat qayıtmasından çox şad olub, o günü bütün fəqir-füqaralara aş payladı.

Bunlar burada qalsın, xəbər verim sənə kimdən, dərvişdən. Dərviş bir çox şəhərlər gəzib bütün dünyada nə ki, tilsim vardı öyrənəndən sonra, bir neçə müddət özünü sınaqdan keçirib, üz qoydu Pəri olan şəhərə gəlməyə.

Sənə xəbər verim padşahdan. Padşah bir gün oturub öz-özünə fikir elədi ki, bu nə işdi mən tuturam. Bir gədənin birini salmışam qızımın yanına. Sabah camaat mənə nə deyər? Yaxşısı budu ki, vəziri çağırtdırım, bəlkə bir tədbir gördü. Padşah vəziri çağırtdırıb dedi:

– Vəzir, Qaraqaş sağ çıxdı davadan. Bir tədbir gör!

Vəzir dedi:

– Necə ki, demisən elə də elə!

Padşah dedi:

– Vəzir, mən onun ata-anasını tanımıram, heç bilmirəm nə məkanın adamıdı. Gül kimi qızı ona necə verim? Bir tədbir gör!

Vəzir dedi:

– Belə sənin gücün ona çatmaz. Yaxşısı budu ki, qonaqlıq elə, xörəyin içinə zəhər tök, ölsün getsin.

Padşah razı oldu, tədarük görüb Qaraqaşı qonaq çağırdı. Məclis rast olub, xörəklər çəkilib araya gələndə, Qaraqaşın xörəyinə zəhər tökdürdü. Qaraqaş xörəyi yeyib üstündən bir qab da şərbət içdi. Padşah baxıb gördü ki, heç bunun halına təfavüt eləmədi. Məclis dağıldı. Bu da durub getdi.

Padşah dedi:

– Vəzir, bəs niyə ölmədi? Zəhəri ki, mən öz əlimnən tökmüşdüm. Padşahı fikir aparmaqda olsun, sən xəbər al Pəri xanımdan... Pəri gördü ki, Qaraqaş gəlir. Bildi ki, Qaraqaşa zəhər veriblər. Tez bir sillə Qaraqaşın üzünə çəkdi. Qaraqaş bütün yediyini sifraq elədi. Bir qab turş qatıq içib, rəngə-rufa gəldi. Xəbər aldı ki:

– Bu nə olan əhvalatdı?

Pəri xanım dedi:

– Nə işinə? Soruşma!

Qaraqaş dinmədi. Hər ikisi qol-qola verib gül bağına seyrə çıxdılar. Bir xeylaq macal gəzib dolandılar. Pəri xanım dedi:

– Ey sevgilim, mən çox yorğunam. Gəlsənə bu çəmənlikdə bir qədər uzanaq.

Qaraqaş razı olub, otdan döşək düzəldib, güllərdən yastıq, dodaqdodağa verib uzandılar. Bu uzanmaqla hər ikisini yuxu apardı.

Al xəbəri dərvişdən. Dərviş şəhəri gəzə-gəzə gəlib çıxdı gül bağına. Girib bağa, bir xeyli gəzib dolandı, gördü ki, bağın bir guşəsində Qaraqaşla Pəri xanım yatıblar. Dərviş Qaraqaşı görən kimi nə ki, tilsimlər vardı oxudu ki, Qaraqaşı tilsimə salsın. Heç bir tilsim Qaraqaşa kar edə bilmədi. Çünki məqsədi Qaraqaşı aparıb, sonra Pərini apartdırmaq idi, işi belə görəndə birdən Pəri xanım yadına düşdü. Bir vürd oxuyub Pərini daha da gözəl elədi. Belə ki, baxan Pərini tanıya bilməzdi. Bir vürd də oxuyub Pəri xanımı yuxulu-yuxulu atdı bir quyuya. Özü də çıxıb getdi.

Al xəbəri Qaraqaşdan. Qaraqaş ayılıb gördü ki, Pəri xanım yoxdu. Durub hər yanı gəzdi, Pəri xanımı tapa bilmədi. Tez pəhləvan paltarını geyib, minib atını, düşdü dəryayi-bidadə. Gəzhagəz, gəlib çıxdı qaranlıq bir meşəyə. Gördü ki, qabaqda bir koma görünür. Qaraqaş atın sürüb çatdı komaya. Gördü ki, burada qoca pirani bir kişi oturub, qabağında manqal, əlində batman kitab. Kişi Qaraqaşı görən kimi başını qaldırıb dedi:

– Ey Qaraqaş, xoş gəlmisən! Buyur otur! Neçə vaxtdı ki, sənin yolunu gözləyirdim.

Qaraqaş düşüb atdan, atını yancidar eləyib oturdu!

– Bilirəm Pərini axtarırsan, – deyib kişi kitabı açdı. – Ey Qaraqaş, sən iki zalım padşah, bir də dərviş öldürəcəksən.

Durub ayağa sandığı açıb, Qaraqaşa bir qılınc verib dedi:

– Bu qılınc səni bütün tilsimlərdən qurtaracaq. Amma eşit və agah ol! Dərviş Pərini günbatan tərəfdə iki dağın arasında bir quyu var, salıbdı haman quyuya. Qabağına dörd qız çıxacaq. Deyəcəklər ki, mən Pəriyəm. Onları vurub öldürərsən. Sonra üç qarıya rast gələrsən, onlar da deyəcək mən ananam. Onları da vurub öldürərsən. Qabağına dərya, meşə, nə çıxdı bu qılıncla vurub qırarsan. Lap axırda qabağına bir qoca kişi çıxacaq. Deyəcək mən atanam. O haman dərvişdi, bacar onu öldür! Elə ki, öldürdün, Pəriyə oxşar bir qız görəcəksən. O sənin Pərindi. Al, götür gəl!

Qoca abid sözün deyib vəfat elədi.

Qaraqaş qocanı dəfn eləyib getdi. Neçə gün, neçə gecə yol gedib özün yetirdi iki dağın arasına. Gördü ki, burada bir quyu var. dedi olsaolsa bu quyu olacaq. Qaraqaş kəməndlə quyuya düşüb, bir o yana baxıb, bir bu yana baxıb, gördü ki, burada bir qapı var. Girib qapıdan içəri, gördü ki, eynən Pəriyə oxşar bir qız çıxdı, dedi:

– Ey Qaraqaş, amandı, məni qurtar!

Qaraqaş çəkib tilsimli qılıncı, qızı iki böldü. Qız ölən kimi tilsim qırılıb qabağına bir qapı çıxdı. Qaraqaş gedib gördü ki, bu səfər də Pəriyə oxşar bir qız çıxdı. Amma bu qızın əlində məşəl vardı. Qaraqaş qıza bir qılınc vurdu, tilsimi qırıb irəlilədi. Hə yavaş-yavaş, dörd qızı öldürüb qurtarandan sonra, qabağına dərya çıxdı. Bu dəryanın içindən də əjdaha, şir, pələng, bəbir, gürzə, ilan çıxmağa başladı. Qaraqaş bunların hamısını qırıb qurtardı. Lap axırda bir qoca kişi çıxıb dedi:

– Ey oğul, neçə vaxtdı sən hardasan?

Qaraqaş istədi çəkib qılıncı qocanı öldürə, qılınc qocanı tutmadı. Qoca qaçıb oldu bir əjdaha. Qaraqaş tilsimli qılıncla əjdahanı quyruğundan yaraladı. Əjdaha dönüb sərildi Qaraqaşa. Qaraqaş əl atıb əjdahanın ağzına, salıb qılıncı boğazının yoluna, burdu. Əjdaha qışqırdı:

– Vay, yandım!

Qaraqaş vay yandıma baxmayıb, əjdahanı öldürdü. Özün yetirib Pəriyə, can deyib qucaqlaşdılar. Qaraqaş minib atına, Pəri xanımı götürüb gəldi öz vilayətinə.

Al xəbəri padşahdan. İndi padşaha xəbər getmişdi ki, qızın Pəri xanımla Qaraqaş yoxa çıxıblar. Padşah çox qəmli olub, qara geyib oturmuşdu. Elə ki, xəbər çatdı padşaha ki, Qaraqaş gəlir, padşah çox şad olub çıxdı qızının pişvazına. Gördü ki, yox, bu, qızı Pəri xanım deyil. Qaraqaşdan xəbər aldı:

– Hanı mənim qızım?

Qaraqaş dedi:

– Budu sənin qızın.

Padşah təəccüb elədi, dedi:

– Vəzir, bu nə olan işdi?

Vəzir dedi:

– Padşah sağ olsun, bu sənin qızın deyil.

Bunlar bir-birilə çəkişməkdə olsunlar, Pəri xanım Qaraqaşa dedi:

– Mən hələ tilsimdən qurtarmamışam. Gərək mənim üçün ilanlar padşahının qızının ətindən gətirəsən ki, mən əti üzümə çəkəm sağalam.

Qaraqaş dedi:

– O qızı necə ələ gətirmək olar?

Pəri xanım dedi:

– Gedərsən sarı dağa. Həmin qız bir ilandı. Səni görən kimi çıxıb cildindən gələcək sənə tərəf. Sənə deyəcək: oğlan, al məni! Sən də razı olarsan. Gecə hər ikiniz bir yerdə yatan məqamda onun sağ əlinin çeçələ barmağını kəsərsən. Kəsən kimi qız öləcək. Onda ətindən kəsib gətirərsən. Amma nəbadə başını kəsəsən. O qızın canı sağ əlinin çeçələ barmağındadı. Əgər o qızın ətindən götürüb gəlməsən, mən bir aydan artıq qalmayıb öləcəyəm.

Pəri sözün tamam elədi. Qaraqaş ata minib üz qoydu getməyə. Al xəbəri padşahdan.

Padşah xəbər tutdu ki, Qaraqaş yoxdu, dedi: yaxşı oldu ki, Qaraqaş getdi. Qızı əlindən aldım.

Padşah bir də vəziri çağırtdırıb dedi:

– Vəzir, bir yaxşı-yaxşı bax, gör bu mənim qızımdı, ya yox?

Vəzir dedi:

– Padşah sağ olsun, sənin qızın deyil.

Padşah durub bu sözdən sonra gəldi Pəri xanımın yanına, dedi:

– Ey qız, gərək mənə gedəsən!

Pəri xanım dedi:

– Ata, mən sənin qızınam.

Padşah dedi:

– Yalan deyirsən, çəpəl! Sən mənim qızım haradan oldun?

Pəri xanım atasına çox yalvardı ki, mən sənin qızınam, padşah az eşidib dedi:

– Yalan deyirsən.

Pəri xanım baxıb gördü ki, atası bundan əl çəkməyəcək, əlacı kəsilib atasını itələyib atdı bayıra. Padşahın başı-gözü əzilib, bir neçə gün yorğan-döşəkdə yatdı, sağalandan sonra durub yenə gəldi qızının yanına, dedi:

– Ey qız, mənə gedirsən, ya yox?

Pəri xanım atasının təklifini rədd edəndən sonra, padşah durub gəldi, taxtına çıxıb, cəllad göndərdi ki, Pərini tutub salsınlar zindana. Pəri xanım zindanda qalmaqda olsun, al xəbər verim sənə kimdən, Qaraqaş.

Qaraqaş gedib həmin yerə çatdı. Bir də gördü ki, qabağına bir qız çıxdı.

Qız dedi:

– Oğlan, gəl al məni!

Qaraqaş razı oldu. Yatmaq məqamı gələndə Qaraqaş qızın çeçələ barmağını kəsib, ilanlar padşahının qızını cəhənnəmə vasil elədi. Qızın ətindən götürüb mindi atına, gəldi Pəri xanımın yanına. Gördü ki, Pəri xanım yoxdu, amma bağban qara geyib oturub. Xəbər aldı:

– Ey bağban, niyə qara geymisən?

Bağban dedi:

– Padşah öz qızı Pəri xanımı salıbdı zindana, bu gün boynunu vurduracaq.

Qaraqaş bu sözü eşidən kimi çəkib atını padşahın imarətinin qabağına, elə bir nərə çəkdi ki, gəl görəsən. Sonra üzün tutub padşaha dedi:

– Ey zalım padşah, Pəri xanımı səndən istəyirəm.

Çəkib qılıncı, padşaha danışmağa macal verməyib, özün vurdu dəryayi-ləşkərə. Qırıb çatdı qoşunu, yetirdi özünü padşahnan vəzirə. Hər ikisini cəhənnəmə vasil elədi. Çatıb zindana, qapıları sındırıb Pəri xanımı azad elədi.

Pəri xanım dedi:

– Atam məni almaq istəyirdi.

Qaraqaş gülə-gülə dedi:

– Atanı çoxdan cəhənnəmə vasil elədim.

Pəri xanım qucaqlayıb Qaraqaşı öpəndən sonra, ilan qızının ətini alıb Qaraqaşdan çəkdi üzünə. Elə orda tilsimdən çıxıb oldu əvvəlki Pəri xanım.

Qaraqaş Pəri xanımı götürüb gəldi, yeddi gün, yeddi gecə toy eləyib aldı. Sonra, camaat Qaraqaşı tikdi padşah. Bir müddət padşahlıq eləyəndən sonra birdən anası yadına düşdü. Adam göndərib ata-anasını çağırtdırdı. Özün onlara tanış verəndən sonra, başına gələni anası üçün danışıb dedi:

– Ata, bu taxt-tac sənin, mən də sənin pəhləvanın.

Qaraqaş tacı atasının başına qoyub, özü də oldu atasına pəhləvan. Təzədən toy edib başladılar şadlıqla gün keçirməyə.