Qarasaqqal kəndi
Qarasaqqal kəndi Müəllif: Şifahi xalq ədəbiyyatı |
Çox qədim zamanlarda Gəncə çayındakı düzənlik cəzirədə qarasaqqallı cavan bir oğlan yaşayırmış. Onun qamışdan hörülmüş bir koması var imiş. Bu oğlanın yaşadığı yer ceyran, cüyür, maralla dolu imiş. Hər axşam-səhər marallar komaya yaxınlaşar, qarasaqqallı cavan onları sağarmış.
Günlərin birində bu cəzirəyə ceyran qova-qova iki ovçu gəlir. Onlar ac imiş. Cavan oğlandan yemək istəyirlər. Oğlan bir neçə maralı sağıb, kiçik tavada yayma bişirir. Ovçular təəccüblə soruşurlar:
– Bu yemək bizə çatarmı?
– Çatar, çatar, səbr eləyin.
Doğrudan da onlar yaymadan doyunca yeyir və tavada yenə yayma qaldığını görürlər.
Ovçulardan biri qarasaqqallı oğlandan çox razı qalıb bacısını ona vermək fikrinə düşür. Öz fikrini qarasaqqal oğlana söyləyir. Oğlan razı olur. Toy günü gəlini atla oğlanın komasına gətirirlər. Komaya yaxınlaşar-yaxınlaşmaz qızın yengəsi qarasaqqallı oğlanı görüb ona tənə edərək deyir:
– Ay qız, bu kifirin, adama oxşamazın nəyinə gəlirsən, ay bədbəxt?
Elə bu vaxt qızın başı ilə gələn atlılar oğlanın ölü namazı qıldığını görürlər. Onlar soruşurlar:
– Axı toydur, sən niyə ölü namazı qılırsan?
– Düzdür, toydu, ancaq indicə bura ölü düşəcək.
Doğrudan da yengə atdan düşən kimi canını tapşırır. Hamı heyrətə gəlir. Elə o cəzirədə ilk qəbir yengənin olur. Qarasaqqal oğlanın yaşadığı yer kənd olur. Bu kəndin adı oğlanın adı ilə Qarasaqqal çağrılır.