Qayıda
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20.

Yar sallana çıxa sürəngahına,
Gecəni yanımda qala, qayıda.
Qurtara hicrandan xəstə canımı,
Ya sevə, ya canımı ala, qayıda.

Bir yar ola, bir çəmənlik, bir də mən,
İnciməyə, mən də tutam əlindən.
Deyib-gülə öpəm şirin dilindən,
Qadasın canıma sala, qayıda.

Qaymaq dodaq dodağıma söykənə,
Baş qarışa, nə də səbir tükənə.
Qalaq axşam qaranlıqlar çəkənə,
Yar görüşdən meyxoş ola, qayıda.

Məmmədhüseyni heç salmaya həsrətə,
Xəsislik etməyə keyfə, işrətə.
Qol-boyun olasan nə də vaxt ötə,
O dilbər yenidən dala, qayıda.