Qazax şairi Kazım ağa Salik təxəllüsün barəsində bir para məlumat

Qazax şairi Kazım ağa Salik təxəllüsün barəsində bir para məlumat (1908)
Müəllif: Firudin bəy Köçərli
Mənbə: Köçərli F. Seçilmiş əsərləri.-B.:Azər.SSR EA nəşr-tı. 1963.- 341 s.


"İrşad"ın 17-ci nömrәsindә dәrc olunmuş müxәmmәsin sahibi Salik tәxәllüslü şairin naxçıvanlı olmağını idarә xәbәr verib rәfi-iştibah etmişdir. Әgәr idarә tәrәfindәn bu xәbәr verilmәsәydi, yenә dә hәmin kәlamı keçmiş әsrin şüәrasına nisbәt etmәk olmazdı. Çünki şerin mәal vә mәzmunundan vә şairin şivәyi-lisanından aşkara görünür ki, bu nalә vә fәqanlar indiki fәna halımız vә pәrişan övza vә әhvalımız üçün edilәn növhә vә nәvalardır ki, şair suzişli dil ilә onları izhar edir.
 
Salik Naxçıvaninin bu әsәri keçmiş şüәranın kәlamına әsla bәnzәmir. Keçmişdәki şairlәrimizin istilahında vәtәn, millәt, hürriyyәt, qeyrәt, elm vә mәrifәt misilli sözlәr, demәk olar ki, yox idi. Әgәr nüdrәtәn bu kәlmәlәrdәn birisi istemal olunsa idi, o da özgә mәnaya işlәnirdi. Keçmiş vaxtın işi vә halı bir özgә, indiki zәmanәnin tәqazası bir başqa.... Hәr nә isә keçәk mәtlәbә. Naxçıvanlı Razizadә Salik ilә Şıxlı Kazım ağa Saliki bir-biri ilә qarışdırmaq cayiz deyil.
 
"İrşad"ın 22-ci nömrәsindә Qazaxdan cәnab A.Ğ. imzasında bir şәxs Kazım ağanın barәsindә bir neçә mәlumat vermişdir vә lakin onlar haqq vә doğruya müvafiq olmadığından mәzkur Kazım ağanın haqqında bir neçә söz danışmağı lazım gördük.
 
Kazım ağa Salik, doğrudur, Qazax mahalında Şıxlı qәryәsindә tәvәllüd edibdir. Tәvәllüdü ittifaq düşübdür hicrәtin 1195-ci sәnәsindә. Vәli onun әsil vә nәsәbi Şәmkirdәndir ki, indi Şamxor deyilir; anası dilbazlardandır. Salikin babalarına Şeyxzadә deyirlәrmiş ki, sabiqdә qazaxlı qәryәsindә sakin olarlarmış. Sonradan Kazım ağanın babalarından birisi Kür çayının yaxasında Şıxlı qәryәsini binә etdiribdir vә şair orada vücuda gәlibdir. Bu halda da Şıxlinskilәrin bir parası Qazaxlıda vә bir parası Şıxlı qәryәsindә sakindirlәr. Öz әsil-nәsәbi barәsindә şair Tubu adında bir sevgilisinin mәdhindә yazdığı şerdә deyibdir:
 
Adım Kazım, vәli Salik lәqәb, şeridә mәşhuram
Ki, әvtanım kәnari-Kür, şikargahım Qarayazi.
Binayi-bixi-nәxl әslimiz Şәmkiridir, amma
Vәli tifli-vücudumdur mәkidә şiri-Dilbazi.
Şeyxizadә deyәrlәr bizlәrә, gәlmiş Qazaxlıdan,
Şıxılı qәryәmizdir, hәm bizik ol qәryә ezazi....
                                               ilaxir.
 
Cәnab A.Ğ. yazır ki, Kazım ağa iyirmi beş il bundan irәli vәfat edibdir. Belә deyil: Kazım ağa vәfat edibdir hicrәtin 1258-ci tarixindә. Qәmәri hesabı ilә onun vәfatından altmış yeddi ildәn dәxi bir az artıq keçir. Mәrhumun tarixi-vәfatı öz qәbrdaşı üstә yazılıbdır. Mәlum ola ki, Kazım ağa Qarabağ şairlәri Valehin vә Mәdәdov Mirzәcanın vә qubalı Abbasqulu ağa Bakıxanovun müasiri olubdur. Mirzәcana yazdığı bir şerindә onu tәrif edib deyir:
 
Sәnsәn cahanda fikri-bikrlә misli-Mәryәm,
Nola çıxarsa şerin İsatәk asimanә.
 
Bu şairlәr isә 70-80 sәnә bundan irәli vәfat edib dünyadan gediblәr.
 
Vә bir dә cәnab A.Ğ. yazır ki, Salik oğlunun bәdәxlaq olmasını bilib, bir uzun şer yazır vә axırında belә deyir:
 
Saliki dünyadan kәm etmә tarı,
Söylәnsin mәclisdә şirin göftarı,
Bir zaman tapılmaz nәzmi-әşarı,
Deyәrlәr dünyadan Kazım gedibdir.
 
Bu şerlәrdә Kazım ağanın oğlunun pisliyinә vә bәd övlad olmağına bir işarә yoxdur vә bunların o mәtlәbә әsla dәxli yoxdur. Bu şer çox uzun deyil. Bu barәdә A.Ğ. sәhv ediblәr. O şer qafiyәlәrdәn ibarәtdir ki, şairin eyş vә sәfası, dәrd vә әlәmә tәbdil olmağı babında deyibdir:
 
Mәn Tubiyәm, dövran mәnә zülm etmiş,
İşvәm әksilibdir, nazım gedibdir.
Dәxi mәndәn kimsә şadlıq ummasın,
Gördüyün söhbәtim, sazım gedibdir.
 
Әlimdә dairә dövran elәrdim,
Çoxları özümә heyran elәrdim,
Hәrdәm gәştә çıxıb seyran elәrdim,
Qışım qayıdıbdır, yazım gedibdir.
 
Gündәn-günә artar nә ah-zarım,
Gülmәz üzüm, heç açılmaz üzarım,
Necә әksilmәsin meyli-şikarım,
Әlimdәn tuyğunum, bazım gedibdir.
 
Baş götürüb burdan qaça bilmәnәm,
Etdiyim iqrardan keçә bilmәnәm,
Dәrd budur ki, dәrdim aça bilmәnәm,
Yar ilә bir gizli razım gedibdir.
 
Saliki dünyadan kәm etmә tarı,
Söylәnsin mәclisdә şirin göftarı,
Bir zaman tapılmaz nәzmi-әşarı,
Deyәrlәr dünyadan Kazım gedibdir.
 
Kazım ağa öz әsrinin qabil, xoştәb vә şirinkәlam şairlәrindәn birisi olmağı әşarından anlaşılır. Әhibbalarından knyaz Plendova ki, o vaxtı Qazax mahalının hakimi imiş, yazdığı bir kәlamında bәzi şairlәri belә tәrif vә tövsif qılıbdır:
 
Sәnә daim işim xeyr-duadır,
Әgәrçi saxlayan xalqı xudadır,
Dәmadәm bülbüli-tәbim sәdası,
Sәhәrgahan sәnә mәdhü sәnadır.
 
Oxu şerimi, ey mәhrumzadә,
Bilirsәn ancaq ixlasım sanadır,
Xudavәndә, Plendovun nicatın
Füzun et kim, mәnim dәstim onadır.
 
Әdalәt, hәm hidayәt ver ona, çün
Ki, mәlcәyi-mәsakinü gәdadır,
Qamu alәm bulub ondan mәramın,
Nә tәnha şәfqәti ancaq manadır.
 
Kәmalü rifәti-Şirvan mәlum,
Maarif mәdәni xaki-Qubadır.
Neçә әhli-bәlağәt var onda:
Biri Ağabәy vә Mirzәbabadır.
 
Biri Qüdsi lәğәb Abbasqulu bәy,
Diyari-nәzmi-şerә padşadır.
Qazax içrә olub şairlәr, amma
Әsami onların biintәhadır:
 
Biri Vaqif ki, mәşhuri-xәlayiq,
Gözәl mәdhindә mәlumi-şümadır.
Biri Xәstә Vidadi tәbi mövzun
Ki, bәhri-nәzmi-şeri cabәcadır.
 
İlahi, ol iki mәğmum pirin,
Günahı dәrdinә sәndәn dәvadır.
Biri Şair lәqәb mәzlum şair,
Xәdimi-padşahi-Kәrbәladır.
 
Biri Arif, ona cövr etdi dövran
Ki, qürbәtdә şәhidi-mübtәladır.
Xudavәndә qulundur Әbdürәhman,
Tәrәhhüm qıl biri çün Mustafadır.
 
Mahali-Borçalıdan şair olmaz,
Çıxan bir Şәmsәddinlidәn Cәladır.
Bunun tәk Qәlәlidәn gәldi Rizvan,
Kәlami-nüsxәsi behcәtnümadır.
 
Biri Sadiq, biri Kazım, xülasә,
Oların ismi ismi-övliyadır....
Әbubәkrü Ömәr, Osmani-came
Dәxi püşt-pәnahım Mürtәzadır.
 
Kazım ağanın bu kәlamı әn gözәl kәlamlarından birisidir. Mәzmunca dәxi bunun qeyrilәrә tәrcihi budur ki, şair o әsrin şüәra vә üdәbasını müşfiqanә vә kәmali-ehtiram ilә yad edib, hәr birisini öz tәb vә әxlaqına mәxsus sifәtlәr ilә zikr qılıbdır. Mәsәlәn, Abbasquluağa Bakıxanov Qüdsi tәxәllüsü diyari-nәzmi-şerә padşah tәyin edir. Tәәccübdür ki, Kazım ağa öz müasiri Qasımbәy Zakiri yad etmәyibdir vә Qarabağ şüәrasından bir söz yazmayıbdır. Yәqinәn Salikin Qasımbәy ilә aşnalığı yox imiş vә әlәlcümlә Azәrbaycan şüәrasından onun şan vә dәrәcәsini uca tutarmış.
 
Kәlamın axırında nә olubsa Kazım ağa tәvsani-tәbinin başından cilovu çıxarıb bir neçә namünasib sözlәr deyibdir ki, buraya sığınacağı yoxdur. Şair özü dә dediyi sözlәrdәn peşiman olub deyir:
 
Gәl әl çәk, Salik, hәrcayi sazdәn,
Deyirlәr ki, sәnә bin-bihәyadır.
Sәnә layiq deyil hәrcayi sözlәr,
Sәnin tәbin ki, bundan masәvadır.
Qәzәl söylә ki, olsun yadigarın,
Qәzәl şәrh et ki, bu dünya fәnadır.
 
Bundan sәva Salik hәr qisim kәlamı vardır ki, cümlәsi tәbii hissiyyatdan doğub zühura gәlәn kәlamlardır ki, onlardan öz vәtәnimizin, lisanımızın vә millәtimizin gözәl vә can bәslәyәn rayihәsi hiss olunur. Salikin mürәbbeatı lәtafәt vә sadәlikdә Vaqifin, Vidadinin vә Zakirin qafiyәlәrindәn әksik deyil. Gözәl mәdhindә olan bir qafiyәsini bu sayaq başlayır:
 
Ey şahin cilvәlim, şünqar şivәlim,
Durnatәk tellәrin cığalanıbdır.
Xәstә könlüm onu görәndәn bәri
Çıxıb asimana, havalanıbdır.
 
Bu mürәbbeatın axır bәndini bu sayaq qurtarır:
 
Mәclislәr zivәri gördüyün Salik,
Xaqani, Әnvәri gördüyün Salik,
Şairlәr sәrvәri gördüyün Salik,
Gәl gör sәnsiz necә gәdalanıbdır.
 
Özgә bir mürәbbeatında sevgilisi Tubuya xitabәn yazıbdır:
 
Ey Tubu! Baxışın yaxdı alәmi,
Xumar gözün yenә qiyamәt eylәr
Kәbәyi-kuyini görәn kimsәnә,
Haşa ki, qiblәyә ziyarәt eylәr.
 
Qırqı başlı, tuyğun, tәrlan cilvәli,
Görmәmişәm sәn tәk nazü qәmzәli,
Sәrasәr yaxası qızıl düymәli,
Baxdıqca özünә fәxarәt eylәr.
 
Zahid baxsa zülfi-pәrişanına,
Tәrk edәr mәscidi, gәlәr yanına,
Sidqi-dildәn canın qatar canına,
Huri vә qılmana mәlamәt eylәr.
 
Hәr kimsә ki, sәnә baxırsa gendәn,
Bil ki, öyrәnibdir o halı mәndәn.
Özgә tәvәqqeim yox әsla sәndәn,
Xәstә Salik sәnә zәrafәt eylәr.
 
Bu qafiyәlәrdә şair bәzi istiarat vә gözәl tәşbihat ilә ki, ancaq türk dilinә mәxsusdur, öz istәklisi Tubiyi-dilfiribi belә vәsf edir: "ğırğı başlı", "tuyğun, tәrlan cilvәli", "şünqar şivәli", "durna telli", "nazü qәmzәli", "sәrasәr yaxası qızıl düymәli"....
 
Bu sifәtlәr ilә vәsf vә tәrif olunan gözәl, әlbәttә, "baxdıqca özünә fәxarәt eylәr". Axiri-kәlamda şair ona deyir ki, sözlәrimdәn incimә, özgә tәvәqqe vә iltimasım yoxdur, sәninlә xәstә Salik ancaq zarafat elәr.
 
Kazım ağanın qardaşı vә bir rәvayәtә görә әmizadәsi Mustafa ağa Arif Rusiyada zәval tәriqi ilә mәhbus olan vaxtı ona yazmışdır:
 
Agah et, ey bad, mәndәn ol vәfalı hәmdәmi,
Söylә, gәl gör әşkidәn ruyimdә bәhri-әzәmi,
Çarә qıl kim, qәrqi-ab etmiş mәni çeşmim nәmi,
Vaxtdır, ey Nuhi-dövran, gәl ki, gәlmişdir dәmi,
Yoxsa bu tufana sәnsiz çarәsaz olmaz gәmi!
 
Alәmi tәsxirә salmış fitnәvü ali-fәlәk,
Alәmә mәlumdur kim, boylәdir hali-fәlәk,
Aqilü nadan olubdur cümlә pamali-fәlәk,
Sәrv-qәdlәr qәddimi әymişdir ol zal fәlәk.
Gör necә zal fәlәk tәsxirә salmış alәmi!
 
Düşmәnidir bu zamanda hәr kişi öz canının,
Fәrqi yoxdur bir-birindәn aqilü nadanının,
Vay, yüz min vay әlindәn әdlsiz dövranının,
Dәrd üçün heç bir tәbibin sudu yox dәrmanının,
Bu zәmanә zәxminin yox bir müvafiq mәrhәmi.
 
Demә bu zәxmin, tәbiba, bunda yoxdur çarәsi,
Mәrhәmi-vüslәt dilәr bu tiği-hicran yarәsi,
Qәrqi-xun eylәr cahanı çeşmimin fәvvarәsi,
Olmuşam dәşti-fәnada Arifin avarәsi,
Gәl ki, pamal eylәmişdir Saliki hicran qәmi.
 
Mәrhum Mustafa ağaya vәtәninә müraciәt etmәk nәsib olmadı vә hәsrәt çәkә-çәkә qürbәtdә, bәzi rәvayәtә görә Kazan şәhәrindә vәfat etmişdir. O, mәrhumi-sitәmzәdә vә dilazürdәnin Rusiyadan dost vә yarananә nәzm ilә yazdığı mәktublar indi dә oxuyanlara tәsir edib, onların gözlәrindәn bilaixtiyar yaş tökdürür. O ürәkyandırıcı şerlәrdәn mәlum olur ki, Mustafa ağa Arif qürbәtdә çox zillәt vә әziyyәt ilә dolanırmış. Odur ki, Salik şüәraları zikr etdikdә onun barәsindә deyibdir:
 
Biri Arif, ona cövr etdi dövran
Ki, qürbәtdә şәhidi-mübtәladır.
 
Hicrәtin 1246-cı sәnәsindә İrana vә Qafqazın qeyri yerlәrinә vәba naxoşluğu düşmәk babindә Salikin yazdığı mәxәmmәs o vaxtın adamlarının әhval vә әxlaqını bәyan edir. Onun bir neçә bәndini burada zikr etmәyi lazım gördük. Çünki, şairin әqidәsincә, bu dәhşәtli mәrәzin vüquinә sәbәb o әsrin adamlarının haqq yolundan çıxıb, küfr vә zәlalәtә düşmәklәri olubdur ki, qәzәbi-ilahiyә giriftar olublar.
 
Bu zәmanә bәylәri çün zülmә nail oldular,
Hәm qәnilәr qapısından mәni-sail oldular,
Oldular әşrarә bais, xeyrә hail oldular,
Yıxdılar iman evin hәm, әqli-zail oldular,
Aldılar verdiklәri әşyalar üstündәn riba.
 
İçdilәr andü qәsәm hәr lәhzәdә mәhz druğ,
Verdilәr hәr bәzmdә şәmi-druğә min füruğ,
Satdılar qatıq yerinә dik içindә avduğ,
Etdilәr gәrdәnkәşanlıq misli Övc ibni-Ünuq.
Padişahlıq iddia etdi dәxi hәr bir gәda.
 
Ülәma qәlbini etmiş nәfsi-әmmarә xәrab,
Mәdrәsә içrә tәdәrrüs eylәmiş tәrki-kitab,
Az qalıbdır parsalar eylәyә meyli-şәrab,
Zahidü şeyxin duası hәrgiz olmaz müstәcab,
Müxtәsәr bu ki, düşübdür hәr icabәtdәn dua....
                                               ilaxir.
 
Salikin burada zikr olunan әşar vә kәlamından sәva öz әsrinin әvza vә әhvalına dair çox gözәl әsәrlәri vardır ki, tamamisini ruznamә sütunlarında yazmaq qeyri-mümkündür. O halda Azәrbaycan türklәrinin әdәbiyyatı barәsindә yazdığımız kitabda Salikin haqqında lazım olan qәdәr mәlumat verilәcәkdir.
 
Burada möhtәrәm "İrşad"ın vasitәsi ilә münasib mәqal bilib, tәzә zühur edәn әdib vә şairlәrimizdәn tәvәqqe edirik ki, öz tәrcümeyi-hallarını müxtәsәr vәch ilә olsa da nümunәyi-әşarları ilә lütf edib bizә göndәrsinlәr. Kәmali-mәmnuniyyәtlә qәbul edib mәcmuәmizi müzәyyәn qılarıq.