Qoşa-qoşa (Ağdabanlı Qurban)

Qoşa-qoşa (1890)
Müəllif: Ağdabanlı Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.78

Nazlı yar bağçanı seyr edib gəlir,
Tutubdu dəstində gül, qoşa-qoşa.
Bad əsəndə zülf bənzəyir sünbülə,
Ayna qabağında tel, qoşa-qoşa.
 
İki gözəl gördüm: biri Səlbinaz,
Yeriyəndə yerə eylər qəmzə, naz.
Mələk-mənzər, şirin dilli, xoş avaz,
Düzülüb üzünə xal, qoşa-qoşa.
 
Bu Qurbanın nələr gəldi başına,
Rəhmin gəlsin gözlərimin yaşına.
Yandırdın canımı eşq ataşına,
Bu odu sinəmdən al, qoşa-qoşa.