Qocalıq (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qocalıq (Aşıq Alı)
Müəllif: Aşıq Alı
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Axtarıb tapdı məni
Bilmirəm hardan qocalıq.
Ağlımı aldı başımdan,
Huşumu sərdən qocalıq.
İşimi əskik eylədi,
Lap yerbəyerdən qocalıq.
Müxtəsəri, qoydu məni
Xeyirdən-şərdən qocalıq.

Dən düşdü saçlarıma,
Əzəl xəbərdar eylədi.
Hər iki yan qrovladı,
Ölkələrə car eylədi.
Arvad baxıb bədənimə
Hər işimi zay eylədi.
Axırda ayrı saldı
Yarı yavərdən qocalıq.

İstədim duram gedəm,
Qaranlıq çökdü gözümə.
Keçən günlər yada düşdü,
Əlimi vurram dizimə.
Oğul-uşaq qulluq etmir,
Daha baxan yox sözümə.
Üzümü soyuq eylədi
Borandan, qardan qocalıq.

Fələk məni oda saldı,
İki idim, yek eylədi.
İstədim uzaq görəm,
Uzağı yaxın eylədi.
Ölüm yoxdu, keçib tamam
Doxsan idim, yüz eylədi.
Vurnuxuram yüzü keçəm,
Alıbdı candan qocalıq.

Söyləyir Aşıq Alı,
Mən neyləyim qocalığa.
Deyirlər sərgini gözlə,
Quşu qoyma yarmalığa.
Hər kəs gördü, götürmədi,
Döndüm əski yamalığa.
Aləmdə car eylədi
Gözümü nurdan qocalıq.