Qocaldım (Miskin Abdal)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qocaldım
Müəllif: Miskin Abdal
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Yaman yerdə yoxlayıb məni,
Hey desəm də qocalmaram, qocaldım,
Yüzü keçib silkələyir baxt məni,
Nə olsun ki, mən pirəm, nuram qocaldım.

Seyid mənəm, pay paylayan dərvişəm,
Namərdlərin xatasmı görmüşəm,
Çox könüldə mən qalalar hörmüşəm,
Sızıldayır qanlı yaram, qocaldım.

Miskin Abdal yolu haqqın yoludu,
Bir seyiddi şahi-mərdan quludu,
Əsli, zatı ululardan uludu,
Bilməmişəm nədi haram, qocaldım.