Qohum bildik, qoyduq adam yerinə
Qohum bildik, qoyduq adam yerinə Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Qohum bildik, qoyduq adam yerinə,
Xələt verdik, gəl Bəşirin toyuna,
Gədadan bəy olmaz, nakəsdən iyid,
Lənət müxənnətin əsli-soyuna.
Müxənnətlər vədə verdi, gəlmədi,
Qəza qəhr eylədi, iş düzəlmədi.
Bic sövdəgər xırda heyvan almadı,
Öküz getdi, cöngə getmir boyuna.
Ağıllılar belə qoydu şurutu:
Pulu bacarmayan göndərsin çiti.
Xaloğlu Qəfərdi gəllədar iti,
Kem salın başına, getsin qoyuna.
Sən niyə gəlmədin, bic Imamalı?!
Dağıtdın ölkəni, yıxdın mahalı,
Səni də aldatdı dünyanın malı,
Zərər Qələndərin pencər payına.
Qara Cəfər irəşbərdi, ustadı,
Çıxıbdı hər yerdə söylənir adı,
Kasıbdı, məzlumdu, yoxdu bir zadı,
Hayıf zəhmətinə, haqq-sayına.