Qomşu çiçəyi
Qomşu çiçəyi Müəllif: Hüseyn Cavid |
Sarışın balkonun kənarında,
Yazın atəşli zərbəsilə solub
Fəri uçmuş beş-altı saqsı çiçək,
Gah bihiss, gah titrəyərək,
Bəkləyir mavigözlü bir mələyin
Nurdan tökmə nazik əllərini.
Həpsinin hüsni-pürqübarında
Artıyor hər dəqiqə hüzni-qürub;
Gələrək şimdi bir pəriyi-şəbab,
Əldə bir dəsti eyliyor sirab;
İştə bayğın baqışlı hər çiçəyin,
Güldürür çöhreyi-mükəddərini.
Nə qadar xoş... o nazənin rəftar!
Nə dilaşub... o zülfi-zərrintar!
Həp o simayi-şux, o nim nikah,
O şəhamətli, atəşin gözlər
Ruhi-əşarə bir təcəlligah
Olaraq nuri-etila sərpər.
Bir çiçəkdən seçilmiyor hərgiz,
Həm də bir qönçədir ki, pək nadir...
O gül əndamı iştə seyr ediniz!
Pənbə güldən gözəl deyil də nədir?!
Mütəsəvvirmidir ki, bir insan
Onu görsün də olmasın heyran?