Qorx
Qorx Müəllif: Əmin Abid Gültəkin |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yaxlaşma ey zalım qəhr edər səni,
Qəlbimdən yüksələn fəğanımdan qorx!
Gətirmə yurduma sən dəsisəni,
Hər şeydən pak olan vicdanımdan qorx!
Əsrlərdən bəri viransan demə,
Qarşımda bir fağıt insansan demə,
Kölgəsindən qorxan düşmansan demə,
Bu yılmaq bilməyən imanımdan qorx.
Əzmim bir qılıncdır, xəncər istəməm,
Yurduma yabançı bir ər istəməm,
Sənin kimi əsla rəhbər istəməm,
Mənə yol göstərən Quranımdan qorx!
Heybətli əsrlər aşan Türkəm mən,
Yataqda ölənə şaşan Türkəm mən,
Dünyaya sığmayan daşan Türkəm mən,
Getdikcə böyüyən Turanımdan qorx.