Qorxuram (Aşıq Əliqulu)

Qorxuram
Müəllif: Aşıq Əliqulu
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. səh.112; ISBN 978-9952-571-42-4

Qorxum yoxdur qeyri kəsdən, bir Allahdan qorxuram,
Yaranmışam, abı-atəş, xaki-baddan qorxuram.
İxtiyarım ağamdadı, məndə bu hicran qəmi,
Sığınmışam pənahına, qibləgahdan qorxuram.

Sidq ürəkdən diləyim var, dərdə eylə dərmanı,
Həm atasan, qul kafasan, hökmün aləm-fərmanı,
Xudamın aslanısan, mənəm adın qurbanı,
Pirim özünə rəhm eylə, bəd günahdan qorxuram.

Əliquluyam, axtarıram, yol-ərkan ondadı,
Bir zərrənin mən biriyəm, cismi-canım ondadı.
İsmi Heydər nökəriyəm, ruhum, qanım ondadı,
Ədalətdi kərəm kanı, nuru şahdan qorxuram.