Qorxuram ("Payi-piyadə düşürəm çöllərə")

(Qorxuram (Mirzə Ələkbər Sabir) səhifəsindən istiqamətləndirilmişdir)
Qorxuram ("Payi-piyadə düşürəm çöllərə") (1906)
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. II cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.

Payi-piyadə düşürəm çöllərə, –
Xari-müğilan görürəm, qorxmuram.
Seyr edirəm bərrü biyabanları, –
Quli-biyaban görürəm, qorxmuram.
Gah oluram bəhrdə zövrəqnişin, –
Dalğalı tufan görürəm, qorxmuram.
Gəh çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.
Gah şəfəq tək düşürəm dağlara1, –
Yanğılı vulkan görürəm, qorxmuram.
Gəh enirəm sayə tək ormanlara, –
Yırtıcı heyvan görürəm, qorxmuram.
Üz qoyuram gah neyistanlara, –
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gəh məkan, –
Qəbrdə xortdan görürəm, qorxmuram.
Mənzil olur gəh mənə viranələr, –
Cin görürəm, can görürəm, qorxmuram.
Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram
Xarici mülkündə də hətta gəzib
Çox tühaf insan görürəm, qorxmuram.