Qoyma, gəldi!
Qoyma, gəldi! (1908) Müəllif: Mirzə Ələkbər Sabir |
Xan dostu, amandı, qoyma, gəldi!
Didarı yamandı qoyma gəldi!
Vay, vay! Deyəsən bəşər deyil bu!
Bir şəklə uyan təhər deyil bu!
Allahı sevirsən, ər deyil bu!
Ərdodu, qabandı, qoyma, gəldi!
Didarı yamandı, qoyma, gəldi!
Ol gən ki, adaxladız, utandım,
Olandı, dediz, ərin inandım,
Ər böylə olurmuş?! İndi qandım;
Xandostu amandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!
Qorxdum, ay aman, yarıldı bağrm,
Bir nazik ipə sarıldı bağrım,
Gup-gup döyünüb darıldı bağrım,
Canım oda yandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!
Dudkeş kimi bir papaq başında,
Ağ tükləri bəllidir qaşında,
Gərçi qocadır - babam yaşında,
Amma sodamandı, qoyma, gəldi!
Kirdarı yamandı, qoyma, gəldi!
İyrənmişəm ağzının suyundan,
Qətran qoxusu gəlir boyundan,
Lap doğrusu qorxmuşam xoyundan,
Bir əfi ilandı, qoyma gəldi
Kirdarı yamandır, qoyma, gəldi!
Wikipedia
redaktə- Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 209.