Qoyma gələ, saqiya, zahidi meyxanəyə
Qoyma gələ, saqiya, zahidi meyxanəyə Müəllif: Mirzə Ələkbər Sabir |
Qoyma gələ, saqiya, zahidi meyxanəyə,
Dönməyə meyxanəmiz məscidi-viranəyə
Urma gireh zülfünə, eylə həzər, ey sənəm!
Oxşamasın şəkldə səbheyi-səddanəyə.
Hirz ilə, əfsun ilə olmaz ilaci-cünun,
Eşq sözündən səva söz demə divanəyə.
Badeyi-təlx içrə bu nəşəyi-şirin nədir?
Yoxsa qoyub dilbərim ləb ləbi-peymanəyə?
Şimdi ki, üzdün əlin zülfi-pərişandən,
Barı gəl izhar qıl dərdi-dilin şanəyə.
Şəmi də yaxmaqdadır atəşi-sevdayi-eşq,
Şöleyi-pərtövfüruz xasmı pərvanəyə?
Sabir o cənnətrüxün kəndümi-xalin görüb,
Az qalıb Adəm kimi aldana bir danəyə.