Şeşpərlərə əgər nişan olsa yaxan, qoymaram,
Cəng olarsa bu meydanda könül yıxan qoymaram.
Yaxşılıqda payım vardır, qismətimdi halallıq,
Bica yerə sitəmlərə qəlbi yaxan qoymaram.
Pak olmasa ulu Tanrı verər ağır cəzanı,
Qır qazanda qaynadar düz yolundan azanı,
Sitəmlərə düçar edər mərdə quyu qazanı,
Mərdimazar deyiləni səmtə yaxın qoymaram.
Miskin Abdal göstərməyib heç zaman sərt üzünü,
Dərviş olub əridərəm ürəklərin buzunu,
Yol gedərəm diyar-diyar neçə illər uzunu,
Düz ərkanı əyri gedə ya bəy, ya xan qoymaram.