Qoynunda-qoynunda

Qoynunda-qoynunda
Müəllif: Aşıq Alı

Ellər köçər, məskən salar
Dağlar qoynunda-qoynunda.
Ana, bala layla deyər,
Çağlar qoynunda-qoynunda.

Yaradanmı qərar qoyub?
Bağrımın başını oyub?
Çoxlarını ağlar qoyub
Dağlar qoynunda-qoynunda.

Alı deyər barlı bağlar;
Yarım görcək yanar, ağlar.
Sinəsini çarpaz dağlar,
Saxlar qoynunda-qoynunda.