Qucaqlayıb dizimi səbrlə səhərlərdə

Qucaqlayıb dizimi səbrlə səhərlərdə
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: M.Mübariz


Qucaqlayıb dizimi səbrlə səhərlərdə,
Könüllə cismimi acizliyim salar dərdə.

Ətəklərim gözümün qanlı yaşıyla dolar,
Fələkdə əks tapar, qan dolu piyalə olar.

Gözüm içindəki bir cüt gözəl doğar hey qan,
Odur ki, basdıraram qanlı körpələr hər an*.

Yazım san üzümün zəfəranı ilə dua,
Bəlkə qısır bəxtimi duam uşağa qoya*.

Zəmanə bildi: bəla xəttinə başım əyilir,
Onun əliylə bəla xətti başıma çəkilir.

Bir odlu nalə edərsəm dəmir kimi candan,
Civə kimi əriyər hər dəmir bu əfqandan.

Yaxıb ciyərlərimi atəşə zaman qəmdən,
Gözüm yaşıyla çölə Dəclələr axıtdım mən.

Kəsər ömür kökünü qəm, odur ki, mən naçar,
Təlaş ilə atıram əl füzulluğa təkrar.

Tutubsa təndiri tufan, nə xeyri var qan tək,
O təndirə qapağı qoymağa açım mən ətək.

O gün ki, keçdi Ömürdən, daha geri dönməz,
Bacanda bir də dünənki Günəş gülümsünməz.

Fələk Səyavuş üçün məndən intiqam istər,
Təhəmtənin önünə palçıq at çaparmı bəşər?

Sinəm çapıldı dağın bağrıtək, günahı budur,
Ki, məxzənində Günəş körpəsi qalıb, qorunur*.

Axıtdı yeddi fələk cövrü gözlərimdən qan,
Müsəxxər etdi bu yeddi yeri qopan tufan.

İki öküz - yer ilə göy ikən, o tarlada mən,
Gəzib, bir arpa belə tapmadım, salam xərmən.

Qəfəsdə bağlı qalan Zal kimi fəğan edərəm,
Ki, bəlkə Bəhmənə təsir edə mənim naləm*.

Kənar edəm deyə qəm çəngini yaxamdan mən,
Boğazım arğana dönmüş, edər belə şivən.

Qəmin mənimlə elə ünsü var ki, il uzunu,
Nə yaz, nə qış o məni tərk edər, nə də mən onu.

Çin ahusu kimi məndən ki, müşk hasil olur,
Əcəb deyil, yediyim yasəmən, qızılgül olur.

Başım diz üstə, könül bağına uçub gedirəm,
Qonub da, Sidrə ağaçında quş kimi ötürəm.

Çəkəndə karvanı mən, qəm də onda bir dəvətək,
Çatanda mənzilə, mütləq belimə yüklənəcək.

Olubsa qəmdən ürək iynənin gözündən dar,
Qəm ilə yüklü dəvə iynənin gözünü tapar*.

Səpib fərəh toxumu bağrıma, kədər dərirəm,
O küpdə bəslədiyim mey çöküntüdür, görürəm.

El içindən qaçaq düşən qəribə Simurğəm,
Odur ki, Zal əvəzi munisim olubdur qəm*.

Zəmanə üns nəsimini kəsdi gülşəndən,
Kədər səmumu ilə yaxmışam o gülşəni mən.

Mənim qida verənim fəqr piridir, gördüm,
Fəqirlik astanasın nəfsimə məkan verdim.

Əsərsə gülxənə nəfsim yeli əgər bir an,
Vurar o gülxən odundan həyat suyu fantan.

Biyanı yükləyib Hindistana aparsam əgər,
O ölkədə qəmar udundan heç qalarmı əsər?

Nə vaxtdır ki, səfa əhlinə müridəm mən,
Bir az da deyrdə qoy dərs alım brəhməndən.

Dəvə-pişik oyunu oynayır bu aləm əgər
Əlimdə təsbeh olur gah mənim də, gah sağər*.

Çətin ki, təb məzəmmətlə mədhdən usana,
Uşaqda rəğbət olur gah lövhə, gah sapana.

Mənimlə rindlərin yetməmiş yolu yarıya,
Yoxumdu Rəxş, əlacsız gərək minəm yabıya.

Yoxumsa müşklü ahu, keci, öküzdən mən,
Gərək tədarük edəm müşk, ənbərü ladən.

Böyüklüyümlə fələktək duram başı aşağı,
Yerim ola bu təvazölə torpağın qucağı.

Məni əzərsə də düşmən, gərək sevəm onu mən,
Əlimdən heç nə zərər görməsin quduz düşmən.

Qılınc ilə hədələrsə, hanı qılınc? Gedərəm,
Onu alıb, öz əlimlə boyunbağı edərəm.

Tamah xərabəsi olmuş əgər mənə məskən,
Gərək öz ağlım ilə xətt çəkim o məskənə mən.

Kəsif aləmə bu gözlərim salarsa nəzər,
Öz hümmətim gözümün qarşısında pərdə çəkər.

Daş hərləyən öküzəm, bağlanıb gözüm möhkəm*,
Nə başım hərlənə, həm də nə yağa göz yetirəm.

Uyub cahandakı var-dövlətə, qalan deyiləm,
Sarınsa bir ağaca, qopmayan ilan deyiləm.

Göyərcinəm ki, mənə namə verdilər, aparam,
Darı döşürsəm əgər, dəstədən geri qalaram.

Xüsusi dostu belə olmasam da haqqın əgər,
Çox ehtimal, gozüm cənnətə məni yetirər.

Behişt bağına can, qəlb, ağılla çatsam mən,
Bu üçlük ordakı səkkizliyi edər məskən*.

Mənə cibin kimi ruzi yaranmamış cəmdək,
Mənəm pətək arısı, nemətim - gül ilə çiçək.

Fələkdən istəsəm isti, soyuq təam əgər,
İki fətirlə fələk süfrəmi müzəyyən edər*,

Günəşlə, Ayla əgər qaneyəm Süleymantək,
Niyə qarışqa kimi toplayım ovuntu çörək?

Dəniylə Pərvinin illərlə bəslənib Nəsreyn,
Tamamlayar o iki quşla süfrəmin bəzəyin*.

Təvəkkül əhlinə ruzi verən məgər şahdır?
Yoxumdu şübhə, kərəm sahibi bir Allahdır.

Veribsə can bizə xaliq, özü çörək də verər,
Günah olar buna mən şübhə ilə baxsam əgər.

Ağac əgər o zaman od veribsə Musaya,
Nə vacib onda gətirmək odu bu səhraya?*

Mənim fəzilətimi anlamazlar, almazlar,
Rəvamıdır ki, edəm fəzlimi özüm inkar?

Gətirdilər mənə Bəhram kimi əgər cəhrə,
Qılıncla qarətə keçmək kimə verər bəhrə?*

Sönüb kərəm Günəşi ildırımtək ahimdən,
Gecə fəğanım ilə Zöhrədən qopar şivən.

Hələ bu dul qandan doğmamış kərəm gəlini*,
Rəva deyil, baş əyib, vəsfinə açam dilimi.

Dedim ki, şahlar üçün şer yazmaram daha mən,
Düşünmə: əl çəkərəm büsbütün bu sənətdən.

De, hardadır o Tuğan şah ki, mən bir əppək üçün,
Önündə "sənsəni" təkrar edib duram hər gün.

Məsihtək nəfəsim, nitqimin qılıncı ilə,
Gələr Kəlim kimi hümmətimlə lal dilə.

Necə ağız açıb alçaqlara, çörək diləyim?
Qara daş üstünə gövhər suyu, alıb, ciləyim?

Bilik gözünə şəfa bəxş edən təbibəm mən,
Dəva alır göyün ulduzları gözə məndən.

Dedim: könüldəki arzumla Məkkəyə gedərəm,
Açar xəzinəni qarşımda bəlkə pak hərəm.

Qızılla Məkkə müyəssər olar, yoxumdur zər,
Mənə ki, yoxsulam, ancaq xəyaldır bu səfər.

Düşəndə Təbrizə meylim, qəmim daha artar,
Həm Ərze-Rum, həm Arran məni qonaq çağırar.

Mənim ki Ərze-Rum arzumdur, qəsdim Arrandır,
O yerlərə səfər etmək mənə ürəkdəndir.

Qarışqatək yuvama şövq ilə aparram dən,
Quşam, gərək qapam hər danəni ətəklərdən.

İraq ilə Rey edərlər əgər məni dəvət,
Sözümlə bu iki ölkə qəbul edər miniət.

Mənijə Bijən ilə yalvarar ki, şerimdən,
İşıq saçam quyuya ki, dibindədir Bijən*.