Quran (Əlixan Musayev tərcüməsi)/Əs-Səcdə surəsi
' Quran (Əlixan Musayev tərcüməsi) |
Əlif. Ləm. Mim. (Səcdə surəsi / 1)
Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir. (Səcdə surəsi / 2)
Yoxsa onlar: “Bunu özündən uydurmuşdur!” – deyirlər. Xeyr, o, Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər. (Səcdə surəsi / 3)
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? (Səcdə surəsi / 4)
O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. (Səcdə surəsi / 5)
Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur. (Səcdə surəsi / 6)
Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, (Səcdə surəsi / 7)
sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, (Səcdə surəsi / 8)
sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə surəsi / 9)
Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər. (Səcdə surəsi / 10)
De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə surəsi / 11)
Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qətiyyətlə inandıq!” – deyəndə görəydin! (Səcdə surəsi / 12)
Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək. (Səcdə surəsi / 13)
Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı! (Səcdə surəsi / 14)
Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər. (Səcdə surəsi / 15)
Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. (Səcdə surəsi / 16)
Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir. (Səcdə surəsi / 17)
Məgər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər! (Səcdə surəsi / 18)
İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında əbədi ziyafət gözləyir. (Səcdə surəsi / 19)
Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!” – deyiləcəkdir. (Səcdə surəsi / 20)
Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar. (Səcdə surəsi / 21)
Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq. (Səcdə surəsi / 22)
Biz Musaya Kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik. (Səcdə surəsi / 23)
Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik. (Səcdə surəsi / 24)
Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir. (Səcdə surəsi / 25)
Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər onlar qulaq asmırlar? (Səcdə surəsi / 26)
Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər? Hələ də bunu görmürlər? (Səcdə surəsi / 27)
Onlar: “Əgər doğru danışanlardansınızsa, deyin görək bu hökm nə vaxt olacaqdır?” – deyirlər. (Səcdə surəsi / 28)
De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir”. (Səcdə surəsi / 29)
Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər. (Səcdə surəsi / 30)