Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-İnşirah surəsi

Əz-Zuha surəsi Quran. Əl-İnşirah surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Ət-Tin surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Məgər Biz sənin sinəni (köksünü) genişləndirmədikmi? (Sənə bolluca səbr və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, ilahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən.)
2. Və (nübuvvət) yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)
3. Elə bir yük ki, onun ağırlığı sənin belini bükmüşdü.
4. Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə Məhmud–bəyənilən olasan).
5. (Bil ki,) şübhəsiz, hər bir çətinliklə yanaşı bir asanlıq var.
6. Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!
7. (Ya Peyğəmbər) Elə ki (risaləti təbliğ etməkdən) azad oldun, (Allahın ibadətində) çalış!
8. Və öz Rəbbinə rəğbət göstər!