Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Əl-Ənkəbut surəsi
←Əl-Qəsəs surəsi | Quran. Əl-Ənkəbut surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Ər-Rum surəsi→ |
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmməd-səlləllahu ələyhi və Alihi və səlləmə) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)
2. Məgər insanlar «İman gətirdik» - demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?!
3. Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar.
4. Yoxsa (etiqadlarıyla və əməlləriylə) günahlara batanlar (hesab-kitab və cəza məqamında) Bizdən sovuşacaqlarını və Bizi aciz edəcəklərinimi güman etdilər?! Onlar necə də pis mühakimə yürüdürlər?
5. Hər kəs Allahla görüşəcəyinə (Bərzəx, Qiyamət günü və Cənnətdə Onun hüzuruna daxil olmağa) ümid edirsə, onda (çox çalışsın, çünki) şübhəsiz, Allah (tərəfindən müəyyən olunmuş) müddət (mütləq) gələcəkdir. O, (hər şeyi) eşidən və biləndir.
6. Və kim (öz nəfsi, yaxud Allah düşməni ilə) cihad etsə, yalnız öz xeyrinə cihad etmişdir, çünki Allah aləmdəkilərin heç birinə möhtac deyil.
7. İman gətirib yaxşı işlər görənlərin günahlarını mütləq silərik və onların ən gözəl əməllərinə mükafat verərik.
8. (Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və (dedik:) «Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm».
9. İman gətirib yaxşı işlər görənləri şübhəsiz, salehlər zümrəsinə daxil edəcəyik.
10. Camaat arasında elələri (də) vardır ki, (dillə) «Allaha iman gətirdik» deyərlər, amma Allah yolunda bir işkəncə görsələr, insanların fitnəsini Allahın əzabı hesab edərlər (və onun qorxusundan zahiri imandan dönərlər). Əgər Rəbbindən bir kömək yetişsə, (zəfər, ya qənimət əldə etsəniz) ciddi surətdə deyərlər: «Biz də sizinləydik». Allah aləmdəkilərin sinələrində olanları daha yaxşı bilən deyilmi?!
11. Əlbəttə, Allah iman gətirənləri də tanıyacaqdır, münafiqləri də mütləq tanıyacaqdır. (Onların halı barədə Onun əzəli elmi həqiqətə çevriləcəkdir və halları hamıya məlum olacaqdır).
12. Və (Məkkə müşriklərindən) kafir olanlar iman gətirənlərə dedilər: «Siz bizim yolumuza tabe olun ki, (əgər axirət və cəza olmuş olsa) biz sizin günahlarınızı öz öhdəmizə (boynumuza) götürərik». Və onlar əsla bunların günahlarından heç bir şeyi öz boyunlarına götürəsi deyillər. Onlar, həqiqətən, yalançıdırlar.
13. Əlbəttə, (onlar Qiyamət günü) həm öz (günahlarının) ağır yüklərini, həm də öz ağır yüklərindən əlavə daha ağır yüklər (azdırdıqları kəslərin yüklərini) daşıyacaqlar. (Eyni zamanda azdırdıqları şəxslərin günahları azaldılmayacaq). Mütləq Qiyamət günü onlar uydurduqları yalanlar (şirk və digər bidətlər) barəsində sorğu-sual olunacaqlar!
14. Həqiqətən, Biz Nuhu öz qövmünə (Peyğəmbər) göndərdik. Beləliklə onların arasında doqquz yüz əlli il qaldı (amma az bir qism istisna olmaqla ona iman gətirmədilər). Zalım olduqları halda tufan (su) onları yaxaladı.
15. Beləliklə Biz ona və gəmi əhlinə nicat verdik və onu (o hadisəni, yaxud o gəmini) aləmlər üçün (Öz qüdrət və qəzəbimizə dair) bir nişanə (ibrət) etdik.
16. Və İbrahimi (göndərdik). O zaman (o), öz qövmünə demişdi: «Allaha ibadət edin və Ondan qorxun, bu sizin üçün daha yaxşıdır, əgər bilsəydiniz!»
17. «Həqiqətən, siz Allahı qoyub (təsirsiz) bütlərə ibadət edirsiniz və (onlara İlah (məbud), şəfi və müqərrib adları verməklə) yalan uydurursunuz. Şübhəsiz, Allahın yerinə ibadət etdikləriniz sizin üçün heç bir ruzi verməyə qadir deyildirlər. Odur ki, ruzini yalnız Allahdan diləyin və Ona ibadət edin. Ona şükr edin ki, hamınız Ona tərəf (hüzuruna) qaytarılacaqsınız».
18. «Əgər (məni) təkzib etsəniz (təəccüblü olmaz). Sizdən öncəki ümmətlər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. Açıq-aşkar təbliğdən başqa bir şey Peyğəmbərin öhdəsində deyildir (təslim olmağa və əməl etməyə məcbur etmək isə imamın öhdəsindədir. Dünyada və axirətdə mükafat və cəza vermək isə Allahın öhdəsindədir)».
19. Məgər görmədilər (bilmədilər)mi ki, Allah canlı məxluqları (dünyada) necə vücuda gətirir, sonra isə onları (öldükdən sonra, axirət aləmində) yenidən qaytaracaqdır?! Şübhəsiz bu (iş) Allah üçün asandır.
20. (Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir».
21. İstədiyinə (əzaba layiq bildiyinə) əzab verər və istədiyinə (layiq bildiyinə) rəhm edər. (Siz) Ona tərəf qaytarılacaqsınız.
22. Siz əsla (Qiyamət günü) nə yerdə və nə də göydə Allahı aciz edəcək və Onun qüdrətindən qaçacaq deyilsiniz və sizin (orada) Allahdan başqa heç bir dost, hami və yardımçınız olmayacaqdır.
23. Allahın (tovhid və kitab) nişanələrinə və Onunla görüşə kafir olanlar (inanmayanlar) mənim rəhmətimdən ümidlərini üzənlərdir. Onlar üçün şiddətli bir əzab vardır.
24. Beləliklə, onun (İbrahimin) qövmünün cavabı «Onu öldürün, yaxud da yandırın!» – deməkdən başqa bir şey olmadı. (Və onu oda atdılar). Amma Allah onu oddan xilas etdi, həqiqətən, bunda (bu cür xilas etmədə) iman gətirən bir tayfa üçün (Onun tovhidinə və qüdrətinə dair) nişanələr (ibrətlər) vardır.
25. Və (İbrahim) dedi: «Həqiqət budur ki, dünya həyatında aranızda dostluğa səbəb olsun deyə siz Allahı yox, bütləri qəbul etdiniz (hər hansı bir məzhəb adamlarının aralarındakı dostluq kimi). Sonra – Qiyamət günü – sizin bəziniz digərinizi inkar edəcək və bəziniz digərinizə lənət oxuyacaqdır. Sizin qalacağınız yer oddur və sizə heç bir kömək edən olmayacaqdır».
26. Beləliklə (qardaşı oğlu) Lut ona iman gətirdi. Və (İbrahim) dedi: «Həqiqətən, mən (öz qövmümün arasından) Rəbbimə tərəf hicrət edirəm. Odur yenilməz qüdrət və hikmət sahibi».
27. İshaq və Yəqubu (ömrünün axırlarında) ona bəxş etdik və nübuvvəti və (səmavi) kitabı övladlarına əta etdik. Dünyada onun mükafatını verdik və əlbəttə (o,) axirətdə də salehlərdən olacaqdır.
28. Və Lutu (göndərdik), o zaman öz qövmünə dedi: «Həqiqətən, siz özünüzdən əvvəl aləmlərdəkilərdən heç birinin etmədiyi olduqca iyrənc bir işi görürsünüz!»
29. «(Doğrudanmı) siz kişilərlə cinsi əlaqədə olur və yol kəsirsiniz (nəsil artırma yolunu yaxud da şəhərin yolunu oradan keçənlərin üzünə bağlayırsınız) və ümumi məclislərinizdə çirkin işlər görürsünüz?!» Beləliklə, onun qövmünün cavabı yalnız bu oldu: «Əgər düz danışanlardansansa, bizə Allahın əzabını gətir!»
30. (Lut) dedi: «Ey Rəbbim, bu fitnə-fəsad törədən qövmə qarşı mənə kömək et».
31. Göndərdiklərimiz (mələklər) İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır».
32. (İbrahim) dedi: «Lut oradadır!» Dedilər: «Biz orada olanları daha yaxşı bilirik, mütləq onu və ailəsini xilas edəcəyik. Yalnız zövcəsindən başqa. O, (əzab içində) qalanlardandır».
33. Bizim göndərdiklərimiz (elçilərimiz) Lutun yanına gələndə, onlara (qövmünün onların dalınca gələ biləcəklərinə) görə halı pisləşdi və taqəti azaldı. Dedilər: «Qorxma və qəmgin olma, Biz sənin və ailənin xilaskarıyıq. Yalnız zövcəndən savayı. O (əzab içində) qalanlardandır».
34. «Biz etdikləri pozğunluğa görə bu şəhərin əhalisinə göydən bir əzab endirəcəyik».
35. Həqiqətən, Biz düşünən bir tayfa üçün o şəhərdən aydın bir nişanə (yağmış daşlar, qurumuş bulaqlar və sahibsiz torpaqlar) qoyduq.
36. Mədyən (əhlin)ə onların (qəbilə) qardaşları Şüeybi (göndərdik). O, dedi: «Ey mənim qövmüm! Allaha ibadət edin və axirət gününə ümidiniz (və imanınız) olsun və yer üzündə fəsad törədici hərəkət etməyin».
37. (Mədyənlilər) onu təkzib etdilər, bu zaman şiddətli bir zəlzələ onları yaxaladı. Öz evlərində üzləri üstə yerə düşdülər və həlak oldular.
38. Ad və Səmud qövmünü də (məhv etdik) və onların (viran olmuş) məskənlərindən (pis aqibətləri) sizə bəlli oldu. Şeytan onların (çirkin) əməllərini nəzərlərində zinətləndirdi, beləliklə də onları (Allahın) yol(un)dan saxladı. Halbuki bundan öncə (tovhid və din barədə) bəsirət əhli idilər.
39. Və Qarunu, Fironu və Hamanı da (məhv etdik). Şübhəsiz, Musa (tovhid və şəriətlər barədə) Bizim aydın dəlillərimizi onlara gətirmişdi, onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər. Amma əsla Bizim iradəmizdən önə keçən deyildilər (Bizim əzabımızdan qaça bilməzlər).
40. Beləliklə (Biz) onların hər birini öz günahının cəzası ilə (bərk) yaxaladıq. Onlardan elələri var idi ki, başına daş yağdırdıq (Lut qövmü kimi), yaxud qum yağışı ilə (qarışıq) bir külək göndərdik (Ad qövmü kimi). Onlardan (Şüeyb və Səmud qövmü kimi) elə tayfa da var idi ki, onları (göydən gələn öldürücü) bağırtı bürüdü. Onlardan bəzisini yerə batırdıq (Qarun kimi). Bəzisini (suda) qərq etdik. (Nuhun qövmü və Fironun adamları kimi). Allah onlara əsla zülm etmirdi. Lakin onlar (özləri) özlərinə zülm edirdilər.
41. Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi baxımından) özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər.
42. Şübhəsiz, Allah onların Allahı qoyub nəyə ibadət etdiklərini hər nə olursa-olsun (həqiqətini) bilir (ki, Allahın müqabilində təsirsiz və cansızlardan başqa bir şey deyillər). O, yenilməz qüdrət və hikmət sahibidir.
43. Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır).
44. Allah göyləri və yeri haqq olaraq (uca, üstün və əqli bir məqsəd naminə) yaratdı; şübhəsiz, bunda (yaradılışda) möminlər üçün (Onun tovhidinə, cəlalına və camalına dair) bir nişanə vardır.
45. Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir.
46. Və kitab əhli ilə (yəhudilər və xristianların) zülm edənləri (təkəbbürlü olanlar, inadkarlar və haqqı qəbul etməyənlər) istisna olmaqla, yalnız ən gözəl bir tərzdə (təhqirsiz, hədəsiz, kobud davranmadan) mücadilə və mübahisə edin. Deyin: «Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz Ona təslim olanlarıq».
47. (Keçmiş peyğəmbərlərə necə kitab nazil etmişdiksə) bu kitabı da sənə belə nazil etdik. Beləliklə kitab verdiyimiz kəslər (öz kitablarına diqqət yetirmək və etiqad bəsləməklə) bu kitaba iman gətirirlər. Bunlardan (müşriklərdən də) bəzisi iman gətirir. Bizim ayələrimizi (inadkar) kafirlərdən başqa (heç kəs) inkar etmir.
48. Sən bu Qur’andan öncə heç bir yazı və kitab oxumurdun. Və öz əlinlə heç bir yazı yazmırdın. Əgər belə olmasaydı, onda batilə uyanlar (sənin peyğəmbərliyinə) şəkk edərdilər.
49. Xeyr, bu Qur’an (İlahi) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Bizim ayələrimizi zalımlardan başqa (heç kəs) inkar etmir.
50. (Kafirlər) dedilər: «Bəs nə üçün ona (Salehin dişi dəvəsi, Musanın əsası və İsanın maidəsi kimi möcüzəli) nişanələr (möcüzələr) nazil olmur?» De: «O ayələr yalnız Allahın ixtiyarındadır və mən isə yalnız açıq-aşkar qorxudan bir peyğəmbərəm».
51. Məgər daim oxunmaqda olan bu kitabı sənə nazil etməyimiz (sənə möcüzə nazil olması məsələsində) onlara kifayət etmədimi,? (Və onlar Qur’anın müxtəlif yöndən möcüzələrini görürlər?) Həqiqətən, bu kitabda iman gətirən tayfa üçün rəhmət və öyüd – nəsihət vardır!
52. De: «Allahın mənimlə sizin aranızda şahid olması kifayət edər; O, göylərdə və yerdə olanı bilir. O kəslər ki, batilə (Allahdan başqa ibadət olunan hər bir şeyə) iman gətirib Allaha küfr etmişlər, onlar ziyankarlardır».
53. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əgər (Allahın Lövhi – Məhfuzda onlar üçün yazmış olduğu) müəyyən bir müddət olmasaydı, sözsüz ki, əzab onlara gələrdi. Əlbəttə, onların əzabları qəfildən – onlar qafil olduqları halda yetişəcəkdir.
54. Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Halbuki, Cəhənnəm kafirləri əhatə edir, yaxud əhatə edəcəkdir.
55. O gün ki, əzab onları başları üstündən və ayaqları altından bürüyəcəkdir, deyəcəkdir: «Etdiklərinizin cəzasını (yaxud o əqidə və əməlin eynilə təcəssümünü) dadın».
56. Ey mənim iman gətirən bəndələrim, şübhəsiz, Mənim yerim genişdir. Odur ki, (əgər hər hansı bir mühitdə dini əqidənizi qorumağa, yaxud onun əməllərini, hökmlərini həyata keçirməyə qadir deyilsinizsə, başqa bir yerə gedin və) yalnız Mənə ibadət edin.
57. Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim Bərzəx aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!
58. İman gətirən və saleh işlər görən kəsləri, şübhəsiz altından çaylar axan Cənnət otaqlarında əbədi olaraq yerləşdirəcəyik. (Yaxşı) mükafat necə də gözəldir!
59. O kəsləri ki, (həm camaat qarşısında vəzifələrini, həm də öz ilahi vəzifələrini yerinə yetirməkdə) səbr etdilər və daim öz Rəbbinə təvəkkül etdilər.
60. Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər (quruda və suda yaşayan heyvanların bir çoxu kimi). Onlara da, sizə də ruzini Allah verir. O, eşidən və biləndir.
61. (Ya Peyğəmbər!) əgər onlardan (Məkkə müşriklərindən) soruşsan ki; «Göyləri və yeri kim yaratmış və günəşi, ayı kim ram etmişdir?» Mütləq deyəcəklər: «Allah» (Çünki, onlar bütləri xaliq və aləmlərin idarə edəni deyil, yalnız Rəbbin dərgahında, onun nəzəri altında olan şəfaət edən, dərgaha yaxın olan tanrılar bilirdilər). Bəs belə isə (Haqdan) necə və haraya döndərilirlər?
62. Allah bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar da, azaldar da. Həqiqətən, Allah hər şeyi biləndir.
63. Və əgər onlardan: «Göydən (yağış, qar və dolu şəklində) su nazil edib, bunun vasitəsilə yeri ölümündən sonra (bitkilər, ağaclar bitirməklə) dirildən kimdir?» – deyə soruşsan, mütləq deyəcəklər: «Allah». De: «Həmd yalnız Ona məxsusdur. Lakin onların çoxu (dərindən) düşünmür».
64. Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!
65. Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib Ona dua edərlər. (İbadət etdikləri bütləri unudarlar. Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar.
66. Qoy onlar verdiklərimizə (nicat nemətinə) nankorluq etsinlər və (dünya ləzzətlərindən) bəhrələnsinlər, (əməllərinin nəticələrini) tezliklə biləcəklər.
67. Məgər görmədilərmi ki, Biz (dünya əhalisinə) əmin-amanlıq olan bir hərəm (yer) etdik, halbuki (əmin-amanlığın olmaması üzündən) onların ətrafında insanlar oğurlanırdı? Belə isə, (indi) məgər batiləmi iman gətirirlər, Allahın nemətinimi (din və kitabı) inkar edirlər?!
68. Allaha qarşı yalan uydurandan (Allah bütləri özünə şərik, şəfaət edən qərar vermişdir deyən kəsdən), yaxud haqq (Peyğəmbərin nübuvvəti və kitabı) ona yetişdikdə təkzib edəndən də daha zalım kimdir?! Məgər Cəhənnəmdə kafirlər üçün qalacaq yer yoxdur?
69. Bizim yolumuzda (öz nəfsi ilə və Bizim düşmənimizlə) cihad edənlərə şübhəsiz, Öz (dərgahımızdakı məqama yetişmək) yollarımızı göstərərik və həqiqətən, Allah yaxşı iş görənlərlədir.