Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Ən-Nəbə surəsi

Əl-Mursəlat surəsi Quran. Ən-Nəbə surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Ən-Naziat surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. (Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?
2. Böyük bir xəbər (Qiyamətin gəlməsi, yaxud Qur’anın haqq olması) haqqında.
3. Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-mümkün, bəzisi onu az ehtimal olunan, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilməklərinə baxmayaraq inkar etmişlər).
4. Xeyr, belə deyildir (onların düşündüyü kimi deyil). Tezliklə biləcəklər.
5. Yenə də xeyr, belə deyildir. Onlar tezliklə biləcəklər. (Bu iki ayə «böyük xəbər»i inkar edənlər üçün bir təhdiddir).
6. Məgər Biz yeri rahatlıq beşiyi etmədikmi? (Bu ayədən etibarən on altıncı ayəyə qədər, «böyük xəbər»in isbatı üçün doqquz dəlil gətirilir).
7. Dağları (onun səthində) mıxlar (etmədikmi)?
8. Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
9. Yuxunuzu (bədəninizin) rahatlıq vasitəsi etdik. (və ruhun bədənə göstəriş vermə imkanının bir növ kəsilmə vasitəsi etdik).
10. Gecəni (hər şeyi bürüyən) örtük etdik.
11. Gündüzü yaşayış və dolanışıq üçün çalışma vaxtı etdik.
12. Sizin başınızın üstündə yeddi möhkəm və sabit göy qurduq.
13. Olduqca parlaq və yandırıcı bir çıraq (günəş) yaratdıq.
14. (Buluda) təzyiq göstərən küləklərdən və topa halında bir-birinə sıxılmış buludlardan (yağış, qar və dolu şəklində) bolluca axar su nazil etdik ki,
15. Onunla dən və bitkiləri (torpağın köksündən) çıxaraq.
16. (Eləcə də) çoxlu sayda və bir-birinə sarmaşan ağacları olan bağlar.
17. Həqiqətən, (insanlar arasında) hökmetmə və (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində və Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı və pis işlərin müəyyən edilməsi, mükafat və cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri və həqiqətləri vəsf olunur).
18. Sura (üçüncü dəfə) üfürüləcəyi gün siz (qəbirlərdən çıxıb haqq-hesab olunmaq üçün) dəstə-dəstə gələcəksiniz.
19. (O gün) göy açılar və (çoxlu sayda mələklərin nazil olması üçün) qapılar şəklinə düşər.
20. Dağlar (öz yerlərindən) hərəkətə gətirilər və (məhv olar və nəzərlərdə) ilğıma dönər.
21. Əlbəttə, Cəhənnəm (o gün bir) pusqudur. (Mələklər «sirat» körpüsünün yanında möminləri düşməndən qorumaq və kafirləri Cəhənnəmə çəkmək üçün pusqu qurarlar).
22. Üsyankarlar üçün dönüş yeridir.
23. Onlar uzun müddət (əbədiyyətə qədər) orada qalacaqlar.
24. Onlar orada nə bir sərinlik (sərin hava və su) dadarlar, nə də içəcək.
25. Qaynar sudan və çirk və qan qarışıq sudan (irindən) başqa
26. (Onların dünyadakı əqidə, əxlaq və əməllərinə) uyğun cəza olaraq.
27. Həqiqətən, onlar haqq-hesab (günün)ə heç bir ümid bəsləmirdilər.
28. Və Bizim ayələrimizi və nişanələrimizi şiddətlə və israrla təkzib edirdilər.
29. Biz hər bir şeyi saymış, Lövhi-Məhfuz kitabında yazmışıq və onların hər bir əməlini əməl dəftərlərində qeyd etmişik.
30. Odur ki, dadın (əzabı!) Biz sizə əzabdan başqa əsla bir şey artırmayacağıq!
31. Həqiqətən, təqvalılar üçün qurtuluş, səadət və nicat yeri var.
32. Hasara alınmış bağlar və üzümlüklər,
33. Nar məməli həmyaşıd qızlar,
34. Və (müxtəlif şərablar və şərbətlərlə) dolu camlar (vardır).
35. Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).
36. (Bu) sənin Rəbbinin tərəfindən bir mükafat(dır), kifayət qədər olan və keçmiş əməllərə görə verilən bir bəxşişdir.
37. (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.
38. Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
39. O gün haqq olan gündür, odur ki, kim istəyirsə (elə indidən) öz Rəbbinə tərəf bir dönüş yolu tutsun (elə əqidə və əməllər seçsin ki, Ona yetişsin).
40. Həqiqətən, Biz sizi yaxın olan əzabla qorxutduq. Elə bir gün(lə) ki, (o gün) hər kəs öz əlləri ilə öncədən göndərdiklərinə baxar, kafir deyər: «Kaş ki, torpaq olaydım (və heç bir məsuliyyətim olmayaydı)».