Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Ən-Nəcm surəsi

Ət-Tur surəsi Quran. Ən-Nəcm surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-Qəmər surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. And olsun çıxmaqda və batmaqda olan ulduza. [Yaxud: And olsun cin və şeytanlara enən yandırıcı od parçalarına; yaxud baş qaldıran bitkiyə; yaxud Qur’anın vəhy mərkəzinə nazil olmaqda olan hissə və ayələrinə.]
2. Sizin yoldaşınız və dostunuz (Muhəmməd (s) ) nə (əməldə səadət) yolundan çıxıb və nə də (əqidəsində haqdan) azıb.
3. O, (Qur’anın və ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır.
4. Dedikləri yalnız, (yuxarı aləmdən) ona ilham olunan vəhydir.
5. Onu ona (Peyğəmbərə) qüvvələri möhkəm və güclü olan (əmanətdar Cəbrail) öyrətmişdir.
6. (Yaradılışında) güc və qüvvə (və ağılda möhkəmlik və mətanət) sahibi olan! Beləliklə o, (özünün əsl qiyafəsində Peyğəmbərin (s) qarşısında) dayandı.
7. (Yerdən) üstün üfüqdə olduğu halda.
8. Sonra (Peyğəmbərə) yaxınlaşdı və daha yaxın oldu.
9. Beləliklə (onunla Peyğəmbərin arasında) iki kaman (yaxud iki dirsək qədər) və ya daha az məsafə var idi.
10. Beləliklə də Allahın bəndəsinə (Muhəmmədə (s) həqiqət və sirlərdən) vəhy etdiyini vəhy etdi.
11. (Peyğəmbərin) qəlb(i) gördüyündə (Cəbrailin üzünü və onun yaxınlaşmasını görməsində yanılmadı və) yalan demədi.
12. Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?!
13. Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qiyafəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü.
14. Sidrətulmüntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında.
15. (Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır.
16. Bürüyən şey (nur, gözəllik və saysız mələklər) o sidrəni əhatə edən zaman
17. (Peyğəmbərin) göz(ü gördüyünü) əsla səhv görmədi və (görməli olduğunda) həddi aşmadı.
18. Şübhəsiz, öz Rəbbinin çox böyük nişanələrindən (bir qismini) gördü.
19. Belə isə mənə (ərəb qəbilələrinin iki böyük bütü olan) Lat və Üzzadan xəbər verin.
20. Həmçinin (ərəblərin qondarma mələk şəklindəki məşhur bütlərinin) üçüncü(sü olan) digər bir büt – Mənatdan! (Bunlar Allahın şərikləridirlər?!)
21. (Sizin fikrinizcə) oğlan sizə və qız (isə) Allaha məxsusdur?
22. Belə olan halda bu bölgü zalımanədir!
23. (Məbud, Allaha yaxınlaşdıran və şəfaətçi adlandırılan) bu bütlər sizin və atalarınızın (onlara) qoyduğunuz quru adlardan başqa bir şey deyildirlər. Allah onlar(ın haqq olmaların)a dair əsla bir dəlil-sübut nazil etməmişdir. (Bəli,) onlar yalnız gümana və nəfsi istəklərə tabe olurlar, halbuki Rəbbləri tərəfindən onlara hidayət vasitəsi (Qur'an və Peyğəmbər) gəlmişdir.
24. Məgər istədiyi (hər) şey insan üçün (dərhal) hazır olur (ki, bütlər tanrı, hacətləri verən və şəfaətçi olsunlar)?!
25. (Xeyir, belə deyil!) Çünki axirət və dünya (ancaq) Allaha məxsusdur (və Onun bunlarda şəriki yoxdur).
26. Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları barəsindəki) şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür).
27. Həqiqətən axirətə imanı olmayan kəslər mələkləri qadın adı ilə adlandırırlar (onların Allahın qızları olmasını deyirlər).
28. Halbuki onların bu (iddia) barədə bir bilikləri yoxdur. Onlar yalnız zənn və gümana tabe olurlar və şübhəsiz, zənn və güman əsla həqiqətin yerini tuta bilməz.
29. Buna görə də Bizi yad etməkdən (və Bizim Qur'anımızdan) üz döndərən və yalnız bu dünya həyatını istəyən kəs(lər)dən üz döndər (və onlarla mübahisə etmə).
30. Bu, onların biliklərinin son mərhələsidir. Həqiqətən sənin Rəbbin Onun yolundan sapanı da, doğru yola gələni də yaxşı tanıyır.
31. Göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allaha məxsusdur. (Çünki onları yaratmaq, qorumaq, idarə etmək və yox etmək Onun qüdrət əlindədir. O hamını yaradıb) ki, pislik etmiş kəsləri etdiklərinin müqabilində (və ya həmin əməllərin gerçək axirət təzahürü ilə) cəzalandırsın və yaxşı işlər görmüş kəslərə daha yaxşı mükafat ilə əvəz versin.
32. Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şər’i cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır.
33. (Tovhiddən, cihaddan və malını Allah yolunda xərcləməkdən) üz çevirəni gördünmü?
34. Və (öz malından) bir az verib (qalanını verməyə) xəsislik göstərəni?
35. Məgər o, qeybi bilir və (qəlb gözü ilə gələcəyi –malını Allah yolunda verəcəyi təqdirdə yoxsullaşacağını) görür?!
36. Yoxsa Musanın (Tövratının) səhifələrindəkilərdən xəbər tutmayıb?
37. Və (yaxud Allaha itaətə, tovhidin çatdırılmasına, mübarizədə səbrə və imtahanın yerinə yetirilməsində əhdə) tam vəfa etmiş İbrahim(in səhifələrində olanlardan)?
38. (Onlarda deyilir) ki: «Heç kəs başqasının günah yükünü götürməyəcəkdir.»
39. Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.
40. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir.
41. Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir.
42. (Varlıq aləmində hər bir əməl sahibinin əməlinin və hər bir canlının hərəkətinin) son(u) sənin Rəbbinə tərəfdir.
43. Güldürən və ağladan (bu iki sifəti varlıqlarda yaradan) Odur.
44. (Bütün canlıları müəyyən edilmiş vaxtda) öldürən və (bütün ölülüləri Öz istəyi ilə) dirildən (də) Odur.
45. Həmçinin erkək və dişi cütlərini yaradan Odur.
46. Uşaqlığa tökülən zaman, nütfədən!
47. Həmçinin (səma kitabları və bəşəri şəriətlərdə yazıldığı kimi əzəli elm və qəti ilahi istəyə əsasən) digər aləmi yaratmaq Onun öhdəsinədir.
48. Və (istədiyini) ehtiyacsız edən və daimi sərvət verən (də) Odur.
49. (Bəzi müşriklərin ibadət etdikləri) Şi’ranın (Şi’ra ulduzunun da) Rəbbi Odur.
50. (Hudun qövmü) birinci Adı (Ad tayfasını) həlak edən də Odur.
51. Həmçinin (Salehin qövmü) Səmudu! (Onlardan bir nəfəri belə) saxlamadı.
52. Eləcə də, onlardan əvvəl Nuhun daha zülmkar və üsyankar olan qövmünü (həlak etdi).
53. Və (Lutun qövmünün yuxarı qaldırdıqdan sonra) üzü üstə yerə çırpdığı alt-üst edilmiş şəhərləri(ni)!
54. Beləliklə, o şəhərləri (şiddətli əzab, daş yağışı və sairədən) bürüyən bürüdü.
55. (Bütün hadisələr aləmin kamil quruluşunu təşkil edən nemətlərin fövqündədir.) Belə isə Rəbbinin nemətlərinin hansı birinə şəkk edirsən?!
56. Bu (Peyğəmbər və onun kitabı, bunların hər biri bəşəriyyət üçün) əvvəlki qorxudanlar qismindən olan bir qorxudandır.
57. (Allahın zatına məxsus əzəli ilahi elmə əsasən) yaxınlaşmalı olan (Qiyamət) yaxınlaşmışdır.
58. Onun zamanını Allahdan başqa bir aşkar edən yoxdur və (gerçəkləşən zaman) onu Allahdan başqa heç kəs yox edə, təxirə sala və (qorxu və əzabını) dəf edə bilməz.
59. Yoxsa (ümmətlərin vəziyyəti, Qiyamətin yaxınlaşması və Qur'an barəsində deyilən) bu sözə təəccüb edirsiniz?!
60. Və gülürsünüz, ağlamırsınız?!
61. Təkəbbür göstərir, oxuyur, əyləncə və qəflət içərisindəsiniz?!
62. Allaha səcdə və ibadət edin!