Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Ət-Təhrim surəsi
←Ət-Talaq surəsi | Quran. Ət-Təhrim surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Əl-Mulk surəsi→ |
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Ey Peyğəmbər, niyə Allahın sənə halal etdiyini (bal yeməyi və zövcə ilə yaxınlıq etməyi and içməklə) özünə haram edirsən?! Bununla (yerinə yetirlməsi daha münasib olan bu işi tərk etməklə) zövcələrinin razılığını arayırsan?! Allah bağışlayan və rəhm edəndir.
2. Şübhəsiz, Allah (belə yerlərdə) andlarınızı geri götürməyi sizin üçün qoymuş və caiz etmişdir (ki, əksini etsəniz kəffarə verəsiniz). Allah (dini və dünyəvi cəhətdən həmişə) sizin mövlanızdır (haminizdir) və O (hər şeyi) biləndir və hikmət sahibidir.
3. Və (yada salın), bir zaman Peyğəmbər zövcələrindən birinə (bir neçə mətləbə aid olan) bir sözü gizlində demişdi. O (qadın) onu (o sözü Peyğəmbərin digər zövcəsinə) xəbər verdikdə Allah Peyğəmbəri onun xəbər verməsindən agah etdi. Peyğəmbər (onun faş etdiklərinin) bəzisini (zövcəsinə) izhar etdi və bəzisindən vaz keçdi; və ona (zövcəsinə) bu barədə xəbər verdikdə o, dedi: «Bunu sənə kim xəbər verdi?» (Peyğəmbər) dedi: «O (hər şeyi) bilən və (hər şeydən) xəbərdar olan (Allah) mənə xəbər verdi».
4. Əgər siz ikiniz (sirri faş edən və onu eşidən) Allaha tövbə etsəniz (çox yaxşı olar. Ona görə) ki, qəlbləriniz (haqdan) dönmüşdür. Əgər ona (Peyğəmbərə) qarşı bir-birinizə kömək olsanız, belə isə (bilin ki,) şübhəsiz, Allah özü, Cəbrail və möminlərin əməli salehi onun köməkçiləridir və bunlardan sonra (ona) mələklər də arxadırlar.
5. Əgər o sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr – Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar və bakirə (qızlar) versin.
6. Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun; onun (o odun) başında Allahın onlara verdiyi əmrdən boyun qaçırmayan, əmr olunanı yerinə yetirən, (danışıqda, əxlaqda və əzab verməkdə) sərt (daş qəlbli) və (cüssədə və iradədə) qüvvətli mələklər durmuşlar.
7. (O gün deyiləcəkdir:) «Ey kafirlər, bu gün üzr gətirməyin. Siz ancaq (dünyada) etdiyiniz əməllərə görə cəzalandırılırsınız, yaxud o əqidə və əməllərin eynilə təcəssüm olması bu gün sizin cəzanızdır».
8. Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin. Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!»
9. Ey Peyğəmbər, kafirlərlə və münafiqlərlə cihad et və onlarla sərt rəftar et; onların qalacaq yerləri Cəhənnəmdir və ora necə də pis bir dönüş yeridir!
10. Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!»
11. Və Allah iman gətirən kəslər üçün Fironun zövcəsini məsəl çəkdi; o zaman o demişdi: «Ey Rəbbim, mənim üçün Öz yanında (Öz cəlal və rəhmətinin yaxınlığında) – Cənnətdə – bir ev tik! Mənə Firondan və onun əməlindən nicat ver, məni zalım qövmdən (onun sarayındakılardan və millətindən) qurtar!»
12. Habelə öz namusunu (iffətini) qoruyan İmran qızı Məryəmi də (məsəl çəkdi). Biz ona Öz ruhumuzdan (Bizim iradəmizlə vücud tapan ruhdan) üfürdük (İsa onun bətnində yarandı) və Rəbbinin kəlmələrini (vəhy olaraq peyğəmbərlərlə danışdıqlarını) və Onun (səmavi) kitablarını (və Lövhi - Məhfuzunu) təsdiq etdi və o Allaha itaət edənlərdən idi.