Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Ət-Təkvir surəsi

Əbəsə surəsi Quran. Ət-Təkvir surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Əl-İnfitar surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər),
2. Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman,
3. Dağlar hərəkətə gətiriləcəyi (parça – parça olub dağılacağı) zaman,
4. (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı – başına buraxılıb sahibsiz qalacağı zaman,
5. Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman,
6. Dənizlərin dolacağı və qaynayacağı zaman,
7. (Bərzəx) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,
8. Diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-diri basdırılmış insanlar və günahsız ikən zindanda ölənlər) barəsində soruşulacağı zaman
9. «Hansı günaha görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı günaha görə öldürüldülər?»- deyə soruşular.)
10. Əməl dəftərləri (Haqq-taala tərəfindən məhşər əhli arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun öz qarşısında) açılacağı zaman,
11. Göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü zaman,
12. Cəhənnəm alovlandırılıb şölələndiyi zaman,
13. Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman
14. Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir.
15. Yox-yox; and olsun (gündüz) gizlənən, gecə qayıdan ulduzlara,
16. Seyr edən, qeyb olan o ulduzlara (gecənin sonunda yuvalarına çəkilən heyvanlar kimi öz məğriblərində gizlənərlər),
17. And olsun qaralmaqda və çəkilməkdə olan gecəyə.
18. Və and olsun sökülməkdə olan dan yerinə.
19. (Yuxarıdakı andların nəticəsi budur) ki, bu (Qur’an) şübhəsiz möhtərəm və şərəfli bir elçinin (Cəbrailin gətirdiyi) sözdür.
20. (Elə bir elçi ki,) çox qüvvətlidir və ərşin sahibi (Allahın) yanında məqam və mənsəb sahibidir.
21. Orada (mələklər arasında) itaət ediləndir, həm də güvəniləndir.
22. Sizin yoldaşınız və dostunuz (Peyğəmbər) divanə deyildir.
23. Həqiqətən, (bu Peyğəmbər) onu (Cəbraili) açıq və (insanların üfüqündən) uca olan üfüqdə (mələklərin üfüqündə) görmüşdür.
24. Və o qeyb (vəhy vasitəsilə aldıqları barəsində) xəsis deyildir (ki, onu gizlətsin, dəyişdirsin, yaxud təxirə salsın və ya qarışdırsın).
25. Və bu (Qur’an Allah dərgahından) qovulmuş Şeytanın sözü deyildir.
26. Belə isə, hara gedirsiniz?!
27. Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir.
28. Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.
29. Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)