Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Fatir surəsi
←Səba surəsi | Quran. Fatir surəsi Tərcüməçilər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli |
Yasin surəsi→ |
0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Həmd göyləri və yeri (ilk dəfə, öncədən nümunə olmadan yoxdan) yaradan, ikiqanadlı, üçqanadlı, dördqanadlı mələkləri (yaradılış aləminin idarə olunması və vəzifələrin yerinə yetirilməsi aləmində vəhy və ilham işini icra etmələri üçün) elçilər edən tək olan Allaha məxsusdur. O, yaradılışda istədiyini artırar və varlıq aləmində yayar, çünki Allah hər şeyə qadirdir.
2. Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin (mənəvi və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur.
3. Ey insanlar, Allahın sizə olan nemətlərini yada salın, məgər yeganə olan Allahdan başqa elə bir yaradan varmı ki, sizə göydən və yerdən ruzi versin? Ondan başqa bir tanrı yoxdur, elə isə (haqdan) necə və haraya döndərilirsiniz?!
4. Əgər səni təkzib etsələr (qəmgin olma), həqiqətən, səndən öncə də peyğəmbərlər təkzib olunmuşdur. (Mükafata və cəzaya layiq olan) bütün işlər (axirət günündə) Allaha tərəf qaytarılacaqdır.
5. Ey insanlar, şübhəsiz, Allahın (dirilmək və cəza barədə olan) vədi haqdır, belə isə məbada dünya həyatı(nın zahiri görünüşü və ləzzətləri) sizi aldatsın ! Və məbada o çox hiyləgər olan (Şeytan) sizi Allah(ın möhlət verməsi və bağışlamasıy)la aldatsın!
6. Həqiqətən, Şeytan sizin düşməninizdir, belə isə onu (özünüzə) düşmən bilin! Həqiqətən, o, öz dəstəsini (ona uyanları) Cəhənnəmin alovlu odunun əhlindən olmağa dəvət edir.
7. Kafirlər üçün şiddətli bir əzab vardır, iman gətirənlər və yaxşı işlər görənlər üçün isə bağışlanma və böyük bir mükafat vardır.
8. Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən (bilən) bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir) çünki, Allah (bəşəri dəvət edib dəlilləri təqdim etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər, belə isə məbada onlara görə olan təəssüflər və kədərlər üzündən canın əldən gedə! Allah onların nə etdiklərini biləndir.
9. Buludu hərəkətə gətirən küləkləri göndərən Allahdır, Biz onu (buludu) ölmüş (bitkiləri qurumuş) bir torpağa tərəf sövq etdik və onunla o torpağı öldükdən sonra diriltdik (müxtəlif bitkilərin toxumlarını cücərtdik). (Qiyamət günü) dirilmə də belədir (torpağın köksündə parçalanıb dağılmış bədənlərin zərrələrini hərəkətə gətirərək, onları bir-birlərilə birləşdirəcək və dirildəcəyik).
10. Hər kəs şərəf-şan, izzət-qüdrət və qələbə istəyirsə (bilsin ki,) bunlar birbaşa Allaha məxsusdur (və bunları Ondan istəməlidir); pak sözlər (pak sözlərdən ibarət olan tovhidə və əqidə üsullarına etiqad) On(un dərgahın)a tərəf yüksələr və pak sözü isə yaxşı əməl yuxarı qaldırar; hiyləgərliklə pis iş görənlər üçünsə şiddətli bir əzab vardır.Onların hiylələri puç və təsirsizdir.
11. Allah sizi(n ilk baba və nənənizi vasitəsiz olaraq və möcüzəli bir tərzdə) torpaqdan yaratdı, sonra (onların nəsli olan sizləri) nütfədən (yaratdı). Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək və dişi) cütlər etdi. Heç bir dişi Onun izni olmadan hamilə olmaz və bari-həmlini yerə qoymaz. Kitabda (Lövhi-Məhfuzda) yazılmadan heç bir yaşlı kəsə uzun ömür verilməz və heç bir kəsin ömründən azaldılmaz. Həqiqətən, bunlar Allah üçün asandır.
12. İki dəniz (dənizə oxşar olan böyük çaylar və dənizlər) əsla bir-biri ilə eyni deyildir. Bunun biri pak, şirin və susuzluğu yatırandır nuşcanlıqla içilir o birisi duzlu (şor) və acıdır. Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız. Allahın lütfündən və nemətindən (ruzi) axtarmağınız üçün gəmiləri orada dənizin köksünü yara –yara üzən görərsən. Bəlkə şükr edəsiniz. (Geniş və əhatəli olan insan ruhu mömində və kafirdə hər ikisi xeyir işlər və bəşərə xidmətlər göstərsələr belə iman və əxlaqi faydalar və həqiqət baxımından eyni deyildir.)
13. (Allah) gecəni gündüzə qatar, gündüzü də gecəyə qatar (tədriclə və yer kürəsinin əyilməsilə birini azaldar və digərinə artırar). O, günəşi və ayı (Öz əmrinə) ram etmişdir (onların) hər biri (özünün məxsus perpendikulyar və dairəvi hərəkətində) müəyyən bir müddət üçün hərəkət edər. Budur sizin Rəbbiniz olan Allah. Hər bir şeyin həqiqi mülkiyyəti və varlıq aləminin hakimiyyəti Ona məxsusdur. Onun yerinə çağırdıqlarınız həqiqətdə xurma çərdəyinin qabığına belə malik deyildirlər.
14. Əgər onları çağırsanız sizin dəvətinizi eşitməzlər və əgər eşitsələr (mələklər, cinlər və bəşər müqəddəsləri kimi tanrılar) sizə cavab verməzlər (cavab vermək qüdrətləri yaxud cavab vermək haqları yoxdur) Qiyamət günü şərikliyinizi inkar edəcəklər və heç kəs səni (dünyada və axirətdə onların halından) agah və xəbərdar olan Allah kimi xəbərdar etməz.
15. Ey insanlar, sizin hamınız Allaha möhtacsınız. Allah isə (heç kəsə) möhtac deyil. (Onun) sifətləri və işləri öyülmüşdür (O, bəşərin xaliqi, qoruyucusu və ruzi verənidir, beləliklə məxluqlar tamamilə möhtac, O isə əsla möhtac deyil).
16. Əgər istəsə sizi (aradan) aparar və yeni bir məxluq vücuda gətirər.
17. Bu, (iş) Allaha çətin və ağır deyildir.
18. Günah yükü ilə yüklənmiş heç kəs digərinin günah yükünü götürməz (heç kəs dünyada başqasının işinə görə cəzalanmaz və axirətdə də onun cəzasını çəkməyə məruz qalmaz). Əgər günahla yüklənmiş bir kəs onun günah yükü(nü daşımaq) üçün başqasını hətta yaxın qohumunu çağırsa, o yükdən heç bir şey daşınmaz. Sən ancaq öz Rəbbindən gizlində qorxan və namaz qılan kəsləri qorxudursan. Və kim (əqidə, əxlaq və əməldə) paklıq axtarsa, ancaq öz xeyrinə paklıq axtarar. Hamının dönüşü Allahadır.
19. Korla görən eyni deyildir (möminlər və kafirlər bərabər deyildirlər).
20. Nə zülmətlə nur (cəhalət, küfr, əxlaq və əməl çirkabları ilə elm, iman və fəzilətləri eynidir).
21. Nə də kölgə ilə yandırıcı isti (gözəl mükafatlar və şiddətli cəzalar da eyni olmaz).
22. Və (iman əhli olan beyin və qəlb) dirilər(i) ilə də (küfr və cəhalət əhli olan fikir və qəlb) ölülər(i) eyni deyillər! Şübhəsiz, Allah istədiyi kəsə (dinin dəvətini qəbul etdikdən sonra dini və insani təkamül yollarını) eşitdirər. Sən isə əsla qəbir əhlini eşitdirə bilməzsən.
23. Sən yalnız bir qorxudansan (hələlik döyüşə əmr olunmamısan və onların qəlbini eşitdirməyə də məmur deyilsən).
24. Həqiqətən, Biz səni haqla (əqlə, hikmətə, rəhmətə və xilqətin tam quruluşuna uyğun olaraq möminlərə) müjdəverici və (kafirləri) qorxudan (peyğəmbər) olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən qorxudan bir (peyğəmbər, yaxud onun məsum vəsisi və ya saleh bir alim) gəlib-getməmiş olsun.
25. Və əgər səni təkzib etsələr (təəccüblü olmaz), həqiqətən, onlardan qabaq olanları (Allah rəsullarını) da təkzib etdilər, halbuki peyğəmbərləri onlara möcüzələr və (peyğəmbərliyin) aydın dəlillər(ini) və (məsləhət, nəsihət və ürfan) yazılar(ı) və (şəriətin) aydınlıq bəxş edən (yayan) kitab(ını) gətirmişdilər.
26. Sonra isə kafir olanları cəza olaraq yaxaladım, belə isə (bax gör ki,) Mənim onlara qarşı rəftarım necə oldu?
27. Məgər Allahın göydən suyu (yağış, qar və dolu şəklində) nazil etdiyini görmürsənmi?! Biz onun vasitəsilə (yerdən) müxtəlif növlü, sinifli və rəngli meyvələr çıxartdıq? Dağlardan müxtəlif rəngli ağ, qırmızı, qara rəngli yollar (yer kürəsinin üzərindəki dağlardan rəngarəng silsilələr və dağlarda da rəngarəng yollar yaratdıq).
28. İnsanların, heyvanların və davarların da müxtəlif növ və rənglərdə olanları vardır. (Bəli, Allahın qüdrət və hikməti) belədir. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah (hər bir işdə) yenilməz qüdrət sahibi və bağışlayandır.
29. Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki,
30. Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükr) edəndir.
31. (Ya Peyğəmbər!) Kitabdan sənə vəhy etdiyimiz özündən əvvəlkiləri (səmavi kitabları və İlahi şəriətləri) təsdiq edən bir haqdır. Həqiqətən, Allah bəndələrindən xəbərdardır və onları görəndir.
32. Sonra Biz bu kitabı bəndələrimizdən (sonuncu ümmət və İslam əhli olaraq) seçdiklərimizə miras verdik. Onlardan bəzisi (ümmətin günahkarları) özünə zülm edər, bəzisi (ümmətin adilləri və əməli-saleh adamları) mötədil, bəzisi isə (Qur’anın varisləri olan ümmətin məsumları) Allahın (yaradılış) izni ilə bütün xeyirlərdə irəli keçənlərdir. (Bəli) bu, (kitab mövcudluğu, məsumların və əməli-saleh şəxslərin varlığı ümmət üçün) böyük lütfdür.
33. Daxil olacaqları əbədi Cənnətlər (onların mükafatıdır), orada qızıl bilərziklər və incilərlə zinətlənərlər. Orada libasları da ipəkdən olar.
34. Və deyərlər: «(Dünyada) Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Həqiqətən, bizim Rəbbimiz (pislikləri) bağışlayan və (yaxşılıqlar müqabilində) qədirbiləndir».
35. «Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər».
36. Kafir olanlar üçün Cəhənnəm odu vardır. (Orada) nə onların ölümünə hökm olunar ki, ölsünlər və nə də əzabları yüngülləşdirilər. (Bəli,) Biz hər bir kafir və nankora beləcə cəza verəcəyik.
37. Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq yaxşı işlər görək». (Onlara deyiləcək:) «Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz.»
38. Həqiqətən, Allah göylərin və yerin qeybini biləndir (orada hər hansı bir şüur sahibinin fikir əhatəsindən və hislərindən gizlin olan hər şeyi bilir). Şübhəsiz, O, sinələrdə olanı da biləndir.
39. Sizi yer üzündə (keçmişdəkilərin) canişinlər(i) edən Odur. Kim kafir olsa, küfrü onun özünün ziyanınadır. Kafirlərin küfrləri Rəbbi yanında onlara qəzəbdən başqa bir şey artırmaz. Kafirlərin küfrləri (onların) yalnız (axirət) ziyan(ı) artırar.
40. (Ya Peyğəmbər!) De: «Allahın yerinə çağırdıqlarınız şəriklərə (diqqətlə) baxmısınızmı? Mənə göstərin görüm, (onlar) yerdə nəyi (yerdəki mövcudlardan hansı bir növü) yaradıblar? Yoxsa onların göylərdə (göylərin yaradılışı, qorunub saxlanılması, ya idarə olunmasında Allahla) bir şərikliyimi var? Yaxud onlara (ilahi) bir kitabmı vermişik ki, (onların Allahla şərikliyi barədə) oradakı bir dəlil-sübuta istinad edirlər?! (Belə deyildir), əksinə, zalımlar bir-birlərinə yalnız aldadıcı vədlər verirlər».
41. Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır.
42. (Müşriklər) onlara bir qorxudan (peyğəmbər) gələcəyi təqdirdə (peyğəmbər göndərilmiş ümmətlərdən biri olmaqdan əlavə) ümmətlər içərisində (hamıdan) daha artıq düz yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. (Amma) onlara bir qorxudan (peyğəmbər) gəldikdə (bu onlara haqdan) uzaqlaşmaq və (haqqa) nifrətdən başqa bir şey artırmadı.
43. (Bu onların) Yer üzündə təkəbbür göstərmələri, məkr və hiylələri ucbatından idi. Pis əməl, məkr (hiylə) yalnız öz əhlini bürüyər. Məgər onlar keçmişdəkilər (barədə ilahi) sünnədən (qanundan) başqa bir şeymi gözləyirlər (ki, qəfil bir əzabla kökləri kəsilsin)? (Ya Peyğəmbər!) Sən Allahın sünnəsində (qoyduğu qayda-qanunda) heç bir dəyişiklik tapmazsan.
44. Məgər onlar yer üzündə gəzib dolanıb, özlərindən öncəkilərin aqibətinin necə olduğunu görmürlərmi? Halbuki onlar bunlardan daha qüvvətli idilər; Göylərdə və yerdə Allahı aciz qoya biləcək heç bir qüvvə yoxdur. O, hər şeyə qadirdir.
45. Və əgər Allah insanları etdikləri (günahlara) görə cəzalandırsaydı, yer üzərində heç bir canlını (diri) qoymazdı. Lakin (Allah) (Onun əzəli elmində təyin edilmiş Lövhi-Məhfuzda sabit olan) müəyyən bir müddətədək təxirə salır. Əcəlləri yetişdikdə Allah bəndələrini(n halını) görəndir (və hər kəslə əməlinə uyğun rəftar edəcəkdir.)