Quran (A.Mehdiyev və D.Cəfərli tərcüməsi)/Məryəm surəsi

Əl-İsra surəsi Quran. Məryəm surəsi

Tərcüməçilər: Ağabala MehdiyevDürdanə Cəfərli
Taha surəsi


0. Bağışlayan və mehriban Allahın adı ilə.
1. Kaf Ha Ya Ayn Sad. (Mən kifayət edən, hidayət edən, ixtiyar sahibi, alim və vədi doğru olanam. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında rəmzlərdir. Bu kitab həmin hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)
2. (Bu surə) Sənin Rəbbinin bəndəsi Zəkəriyyaya (olan) mərhəmətinin xatırlanmasıdır.
3. O, gizli səslə Öz Rəbbini səsləyən zaman.
4. Dedi: Ey Rəbbim, həqiqətən (bədənimdəki) sümüklərim süstləşib və baş da (başımın tükü də) qocalıqdan (ağarıb) parıldayır. Ey Rəbbim, duamda heç vaxt Səndən (dilədiyimi almaqdan) məhrum olmamışam [və ya: Ey Rəbbim heç vaxt Sənin dəvət və əmrində itaətsiz olmamışam].
5. Mən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram və zövcəm də əvvəldən qısır olub. Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et.
6. (Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun. Və ey mənim Rəbbim, onu (mənəvi kamilliklər baxımından) bəyənilən et!
7. (Ona xitab etdik ki:) Ey Zəkəriyya, Biz sənə adı Yəhya olan bir oğlanın müjdəsini veririk ki, bundan öncə (heç kəsi) ona adaş (və ya insani kamilliklər baxımından ona bənzər) etməmişik.
8. (Zəkəriyya) dedi: Ey Rəbbim, zövcəm əvvəldən qısır olduğu və özüm də qocalıb əldən düşdüyüm halda mənim necə övladım ola bilər?
9. (Vəhy mələyi) dedi: «Elədir, (lakin) Rəbbin «bu iş Mənim üçün asandır və həqiqətən səni bundan əvvəl (heç) bir şey olmadığın halda yaratdım» buyurmuşdur.
10. (Zəkəriyya) dedi: «Ey Rəbbim! (Bu müjdənin gerçəkləşəcəyi barəsində) mənə bir nişanə ver.» Buyurdu: «Nişanən budur ki, sağlam olmağına baxmayaraq üç (gün üç) gecə (dalbadal) insanlarla danışa bilməyəcəksən.» (Dilin Allahla danışmaq üçün açıq, insanlarla danışmaq üçün isə bağlı olacaqdır.)
11. Beləliklə o, mehrabdan qövmünün yanına çıxdı və onlara işarə etdi ki, səhər və axşam Allahı pak sifətlərlə mədh edin (və ya namaz qılın. Və onlar bu işarədən başa düşdülər ki, övlad vədinin həyata keçməsi yaxınlaşıb).
12. (Beləliklə ona Yəhyanı əta etdik və dedik:) Ey Yəhya, kitabı (Tövratı və ya bütün keçmiş səma kitablarını) qüvvətlə (və onların mənalarını başa düşmək qüdrəti ilə) tut! Və Biz ona uşaqlığında hikmət (və ilahi maarifin dərkini və peyğəmbərlik) əta etdik.
13. (Ona həmçinin) Öz tərəfimizdən batini mərhəmət və mehribanlıq, ruhi inkişaf və paklıq əta etdik. Və o, təqvalı (öz yaşı çərçivəsində bütün bihudə və puç işlərdən çəkinən) idi.
14. Həmçinin ata-anasına yaxşılıq edən idi və əsla təkəbbürlü, məğrur və itaətsiz deyildi.
15. Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq.
16. (Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal.
17. Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.
18. Məryəm dedi: Əgər pərhizkarsansa, mən səndən Rəhman olan Allaha pənah aparıram.
19. Dedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.
20. Dedi: Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?
21. Dedi: «Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır (və istəyirik ki, bəzi məsləhət olan işləri gerçəkləşdirək) və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.
22. (Ruh mələyi Məryəmə üfürdü,) beləliklə o, (dərhal) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi.
23. Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım.
24. Beləliklə (birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən Allah ayağının altında axar arx (və möhtərəm övlad) qoyub.
25. Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.
26. Beləliklə (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən mən Rəhman olan Allah üçün (sükut) oruc (u) nəzir etmişəm, buna görə də bu gün bir insanla danşmayacağam» de.
27. (Məryəm) onu (uşağı) qucağında tayfasının yanına gətirdi. Onlar dedilər: Ey Məryəm, sən doğrudan da təəccüblü və xoşagəlməz bir iş görmüsən.
28. Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub.
29. (Məryəm) ona (uşağa) tərəf işarə etdi (ki, ondan soruşun). Dedilər: Beşikdə olan körpə uşaqla necə danışaq?!
30. (Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.
31. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.
32. Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib.
33. Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam.
34. (Dünyaya gəlməsi və sifətləri deyilən) bu (insan) İsa ibn Məryəm – (yəhudilərin sehrbaz, xaçpərəstlərin isə Allahın oğlu adlandırıb) barəsində tərəddüddə olduqları (həmin) o haqq kəlmədir.
35. Allaha övlad götürmək yaraşmaz (bu, ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O, (qadın və övlada möhtac olmaqdan) pakdır. (Çünki) bir işin olmasını qəti istəyəndə ona «ol!» deyən kimi olur.
36. (İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!
37. Beləliklə onların arasından dəstələr (xaçpərəstlər onun barəsində) ixtilafa düşdülər (bəziləri onun Allah olmasını, bəziləri isə Allahın oğlu olmasını iddia etdilər). Buna görə də vay (onun barəsində ifrata varmaqla) küfr etmiş kəslərin böyük gündəki halına!
38. Onlar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyri olmayacaqdır).
39. (Ya Peyğəmbər!) Onları (hamını əhatə edəcək) peşmançılıq günü ilə (pislərin günahlarının peşmançılığını, yaxşıların isə itaətlərinin azlığının peşmançılığını çəkəcəkləri bir günlə) qorxut. O zamanla ki, (hesab və mühakimə) iş(i) bitər, lakin onlar qəflətdə olarlar və iman gətirməzlər.
40. Şübhəsiz, yerin və onun üzərində olanların varisi Biz Özümüz olacağıq (onun əhlini məhv edəcək və Özümüz qalacağıq). Və Qiyamət günü hamı Bizə tərəf qaytarılacaqdır.
41. Və bu kitabda İbrahimi xatırla ki, o, çox doğruçu və (Allahın) peyğəmbər(i) idi.
42. O zaman(ı) ki, öz atasına (onun başçısı olan əmisi Azərə) dedi: Ey ata, nə üçün eşitməyən, görməyən və səndən heç bir bəlanı dəf etməyən bir şeyə (bütlərə) ibadət edirsən?!
43. Ey mənim atam, şübhəsiz, mənə (Haqq tərəfindən) sənə gəlməmiş bir elm gəlib. Buna görə də mənə tabe ol, səni doğru yola yönəldim.
44. Ey mənim atam, Şeytana (tabe olmaqla ona) ibadət etmə. Çünki Şeytan Rəhman olan Allaha qarşı həmişə itaətsizdir.
45. Ey mənim atam, həqiqətən mən Allah tərəfindən sənə bir əzab gəlməsindən və nəticədə sənin Şeytanın dost və yardımçısı olmağından (dünyada lənətə düçar olmağından, axirətdə isə Şeytanın oduna şərik olmağından) qorxuram.
46. Dedi: Ey İbrahim, sən mənim məbudlarımdan üz çevirirsən?! Əgər (bu sözlərdən) çəkinməsən, səni mütləq daşqalaq edəcəyəm. Və (indi) məndən uzun müddət uzaq ol!
47. (İbrahim onun bu hədə-qorxusuna yumşaq cavab verərək) dedi: Salam olsun sənə. Mən tezliklə öz Rəbbimdən sənin bağışlanmağını istəyəcəyəm. Çünki O, mənə qarşı həmişə mehriban və çox xeyirxahdır.
48. Və mən sizdən və Allahın yerinə çağırdıqlarınızdan uzaqlaşır və Rəbbimi çağırmaqda məhrum olmayacağım (və ya siz bütləri çağırmaqla bədbəxt olduğunuz kimi bədbəxtliyə düçar olmayacağım) ümidi ilə öz Rəbbimi çağırıram.
49. Elə ki, (İbrahim) onlardan və onların Allahın yerinə ibadət etdiklərindən uzaqlaşdı (və Şama tərəf getdi) ona (Bəni-İsrail peyğəmbərlərinin əcdadı olacaq oğlu) İshaqı və (nəvəsi) Yəqubu əta etdik və onların hər birini peyğəmbər etdik.
50. Onların hamısına Öz rəhmətimizdən (səma kitabı, övlad və var-dövlət kimi digər nemətlərdən də) əta etdik və (bütün şəriətlərin davamçıları arasında) onlar üçün həqiqi və uca yaxşı ad qoyduq.
51. Və bu kitabda Musanı (da) xatırla ki, o, (xüsusi ilahi tərbiyə vasitəsi ilə) saflaşmış, Allahın seçilmişi, (Haqqın) elçi(si) və (xalq üçün) xəbər gətirən idi.
52. Onu Turun (Tur dağının) sağ tərəfindən səslədik və Özümüzə yaxın(lardan) etdik. O, Bizimlə münacat etdi, Biz də onunla münacat etdik.
53. Və Öz rəhmətimizdən qardaşı Harunu peyğəmbər olaraq əta etdik.
54. Və bu kitabda İsmaili xatırla. O, vədlərində doğruçu və (Allahın) elçi(si və xalqa) xəbər gətirən idi.
55. O, öz ailəsinə həmişə namaz (qılmağı) və zəkatı (zəkat verməyi) buyurardı və Rəbbinin yanında bəyənilən idi.
56. Və bu kitabda (Nuhun ikinci babası) İdrisi xatırla ki, o, çox doğruçu və peyğəmbər idi.
57. Biz onu yüksək məqam və dərəcəyə ucaltdıq (və onu göyə qaldırdıq).
58. Bunlar (bu on peyğəmbər və Məryəm) Allahın peyğəmbərlərdən – Adəmin övladlarından, (İdrisdən başqa hamısı Nuhun) Nuh ilə birlikdə gəmiyə mindirdiyimiz (övladlarının nəslindən olan) kəslər(in nəslin)dən, (Bəni-İsrail peyğəmbərləri və Məryəm kimi) İbrahim və İsrailin övladlarından, hidayət etdiyimiz və seçdiyimiz şəxslərdən olan (peyğəmbərlərdən) nemət (peyğəmbərlik, din və səma kitabı) əta etdiyi kəslərdir. Rəhman olan Allahın ayələri (səma kitablarının ayələri və ya Onun tovhid və əzəmət nişanələri) onlara oxunan zaman ağlar və səcdə edən halda üzü üstə düşərdilər.
59. Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər.
60. Tövbə edən, iman gətirən və yaxşı işlər görən kəslər istisna olmaqla ki, onlar Cənnətə daxil olacaq və heç bir zülm görməyəcəklər (və onların haqlarından heç nə kəsilməyəcəkdir).
61. Rəhman olan Allahın, bəndələrinə görmədən (və ixtiyarlarından xaric halda) vəd etdiyi əbədi (Cənnət) bağlar(ına). Şübhəsiz, Onun vədi yerinə yetəndir.
62. Onlar orada (mələklərdən və bir-birlərindən) salamdan başqa əsla boş və puç bir söz eşitməzlər və orada ruziləri onlar üçün səhər-axşam (hazır)dır.
63. Bu, Öz bəndələrimizdən təqvalı olan hər bir kəsi varis edəcəyimiz həmin Cənnətdir.
64. (Vəhy mələyi bir müddət yubandı. Peyğəmbər bunun səbəbini soruşdu. Mələk dedi:) Biz (peyğəmbərlərə tədrici vəhyi gətirmək üçün) yalnız Rəbbinin əmri ilə nazil oluruq. Bizim gələcək və keçmiş işlərimiz və o ikisinin arasında olan hal-hazır (həmçinin bizim, qarşımızdakı və arxamızdakı, eləcə də bunların ikisinin arasındakı zaman və məkanlar, bunların hamısı) Allaha məxsusdur. (Allah üçün keçmiş, gələcək və indiki zaman birdir və vəhyin gecikməsi məsləhətdir.) Sənin Rəbbin əsla unutqan deyil.
65. O, göylərin, yerin və o ikisinin arasında olanların Rəbbi (sahibi və idarə edəni)dir. Buna görə də Ona ibadət et və Ona ibadətində dözümlü ol! Heç adda Ona tay olan («göylərin və yerin Rəbbi, Allah, vacibəl-vücud» olan başqa birisini) tanıyırsan?
66. (Məadı inkar edən) insan həmişə «mən öləndə(n sonra) doğrudanmı tezliklə (torpağın altından) diri(ldilərək) çıxarılacağam?!» deyir.
67. Məgər (bu) insan onu bundan qabaq həqiqətən (heç) bir şey olmadığı halda yaratmağımızı xatırlamır?
68. Buna görə də and olsun Rəbbinə ki, şübhəsiz, onları şeytanları ilə (birlikdə Məhşər səhnəsinə) toplayacaq, sonra isə (əzabın çoxluğundan) diz çökdükləri halda dəstə-dəstə Cəhənnəmin dövrəsinə gətirəcəyik.
69. Sonra hər bir millət və dəstənin arasından Rəhman olan Allaha qarşı itaətsizlik və üsyankarlıqları daha çox olanları (zalım başçı, pis alim və nemət içində yaşayan itaətsizləri) çəkib çıxaracağıq.
70. Sonra Cəhənnəm əzabını dadmağa və onda yanmağa daha layiq olanların halını (onların Cəhənnəmə düşmələrinin səbəbini və yanmalarının necəliyini) Biz daha yaxşı bilirik.
71. Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür.
72. Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq.
73. Bizim aşkar (tovhid) nişanələrimiz və (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer və məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət və təntənəsi baxımından daha gözəldir?!» deyərlər.
74. Biz onlardan qabaqkı dövrlərin var-dövlət və (yaşayış) ləvazımat(ı), təmtəraq və mənzərələrin gözəlliyi baxımından bunlardan daha yaxşı olan neçə-neçə nəsillərini məhv etdik.
75. De: Azğınlıq içində olan şəxsə (öz azğınlıq və bədbəxtliyini kamilləşdirmək üçün) müəyyən bir müddətədək, kömək etmək və möhlət vermək Rəhman olan Allahın öhdəsinədir. Nəhayət, vəd olunduqları şeyi – ya (dünyadakı qəfil) əzabı və ya Qiyamətin gəlməsini görəndə kimin yerinin daha pis və qoşununun daha zəif olduğunu başa düşəcəklər.
76. Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır və əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər və saleh əməllər) Rəbbinin yanında (axirət) mükafat(ı) və nəticə baxımından daha yaxşıdır.
77. Bizim (tovhid) nişanələrimizə və (kitabdakı) ayələrimizə kafir olub «(şirki seçməklə dünyada çoxlu sərvət və övlad əldə edirəm, əgər axirət olmuş olsa orda da) mənə mal və övlad veriləcəkdir» deyən kəsi gördünmü?!
78. Məgər o qeybdən (dünyanın gələcəyindən və ya axirətin gizli saxlanılan işlərindən) xəbər tutub, yoxsa Allahdan bir əhd-peyman alıb (və buna görə qəlbi rahatdır)?!
79. Belə deyil! Tezliklə onun dediklərini yazacağıq (yaxud yazdıqlarımızı ona təqdim edəcəyik və ya onları onun barəsində həyata keçirəcəyik) və onun üçün (axirət) əzabı(nı) sonsuz şəkildə uzadacağıq.
80. Və dediklərinə (dediyi şirk sözlərə və ya barəsində danışdığı sərvət və övlada) varis olacağıq və (Qiyamət günü) o, Bizim yanımıza tək gələcəkdir.
81. Və onlar üçün qüdrət və zəfər vasitəsi olsunlar deyə Allahın yerinə məbudlar götürdülər.
82. Belə deyil! Tezliklə həmin tanrılar onların ibadətlərini inkar edəcək və onlara zidd və düşmən olacaqlar. Müşriklər də bütlərə ibadəti inkar edərək onlarla düşmən olacaqlar.
83. Məgər (qəlb gözü ilə) şeytanları (öz qıcıqlandırıcı səsləri ilə) kafirləri (heyvan sürüsü kimi) yerlərindən şiddətlə (günah və fəsada) təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?!
84. Buna görə də onlara münasibətdə (onların məğlub və məhv olmalarına) tələsmə. Həqiqətən Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün əməl, gün və nəfəslərini) sayırıq.
85. (Yada sal) o gün(ü) ki, təqvalıları (Məhşər səhnəsindən nur dəvələrə minmiş) süvarilər şəklində Rəhman olan Allaha tərəf toplayarıq.
86. Və günahkarları (heyvanlar kimi) susuz (vəziyyətdə), Cəhənnəmə tərəf sürərik.
87. (Həmin gün) Rəhman olan Allahın yanından (peyğəmbərlər, övliyalar və mələklər kimi) əhd-peyman almış şəxslərdən başqa (insanlardan heç kəsin) şəfaət etmək ixtiyarı olmaz. [Həmçinin (əqidəsinin əsaslarının düzgün olması ilə) şəfaətə layiq olmaq peymanı alandan başqa insanlardan heç kəsin şəfaət olunmaq haqqı olmaz.]
88. (Xaçpərəst və bütpərəstlərin bəziləri) dedilər: Rəhman olan Allah (atanın zatının cövhərindən ayrılmış və Onun bütün sifətləri ilə vəsf edilən vacibəl-vücud) övlad götürmüşdür.
89. Doğrudan da çox çirkin və yaramaz bir iş gördünüz.
90. Az qalır ondan (onun şiddətindən) göylər parçalansın, yer yarılsın və dağlar (yerindən qopub) tökülsün.
91. onların Rəhman olan Allaha övlad qail olmalarından.
92. Rəhman olan Allaha (nə ağıl, nə də şəriət baxımından) övlad götürmək yaraşmaz.
93. Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.
94. Şübhəsiz, Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə (ömürlərini, miqdarlarını, təkamüllərini, ehtiyaclarını və həyat dövrlərini müəyyən etməklə) saymışdır.
95. Qiyamət günü onların hamısı Onun yanına tək (dünyaya gələndə olduğu kimi, bir şəxsin və ya malın ixtiyarı əllərində olmadan) gələcəklər.
96. Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır.
97. Bunu (Qur’anı, yuxarı aləmdə ərəbcə tənzimləməklə) sənin dilində yalnız ona görə asanlaşdırdıq ki, onun vasitəsi ilə təqvalılara müjdə verəsən və inadkar düşmənləri qorxudasan.
98. Onlardan qabaq nə çox dövrlərin insanlarını həlak etdik. Heç onlardan hansısa birini hiss edir və ya onlardan bir səs eşidirsən?