Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/Ə'LA SURƏSİ

Quran. Ə'LA SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(on doqquz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1. Ulu Rəbbinin adını tutub şəninə təriflər de!

2. Hansı ki, O, (hər şeyi) yaradıb nizama saldı,

3. hansı ki, O, qədərini verdi və düz yolu göstərdi,

4. hansı ki, O, otlağı bitirdi,

5. (sonra da) onu qaralmış çör-çöp etdi.

6. Biz sənə (Quranı) oxudacağıq, sən də unutmayacaqsan,

7. Allahın istədiklərindən başqa. Axı O, aşkarı da, gizli saxlananı da bilir!

8. Biz sənə ən asanı müyəssər edərik.

9. Öyüd-nəsihət vermək faydalıdırsa, (Quranla) öyüd-nəsihət ver.

10. O kəs öyüd-nəsihət qəbul edər ki, (Allahdan) qorxan olsun.

11. Bədbəxt isə ondan [öyüd-nəsihətdən] vaz keçər,

12. o ən böyük oda [cəhənnəm oduna] daxil olacaqdır.

13. Sonra isə orada o nə öləcək, nə də diri qalacaqdır.

14. O kəs uğura qovuşacaqdır ki, pak olsun,

15. öz Rəbbinin adını zikr edib namaz qılsın.

16. Bəli, siz dünya həyatını üstün tutursunuz,

17. axirət isə daha xeyirli və daha davamlıdır.

18. Həqiqətən də bu [hökmlər] əvvəlki kitablarda

19. İbrahim və Musanın kitablarında mövcuddur