Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏHZAB SURƏSİ
Quran. ƏHZAB SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(yetmiş üç ayədən ibarət Mədinə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Ey peyğəmbər, Allahdan qorx, kafirlərə və münafiqlərə [ikiüzlülərə] itaət etmə! Həqiqətən, Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.
2 Rəbbindən sənə vəhy olunanın [Quranın] ardınca get. Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.
3 Allaha təvəkkül et. Zamin olaraq Allah kifayətdir.
4 Allah bir adamın köksündə onun üçün iki ürək düzəltməyib, zihar etdiyiniz [analarınıza bənzədərək özünüzə yasaq etdiyiniz] arvadlarınızı analarınız etməyib, sizin oğulluğa götürdüklərinizi də oğullarınız etməyibdir. Bunlar dilinizə gələn boş sözlərdir. Allah isə haqqı deyir və O, düz yol göstərir.
5 Onları öz atalarının (adı ilə) çağırın. Bu, Allah yanında daha ədalətlidir. Əgər onların atalarını tanımasanız, onda onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Bilmədən etdiyinizə görə sizin üçün bir günah olmaz, lakin qəlblərinizin bilərəkdən etdiyinizə sizə günah vardır. Allah bağışlayandır, rəhmlidir.
6 Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır, onun arvadları isə onların analarıdır. Qohumlar Allahın Kitabına görə varislikdə (bir-birlərinə) möminlərdən və hicrət edənlərdən daha yaxındılar. Öz dostlarınıza isə bir yaxşılıq etməyi özünüz bilərsiniz. Bu Kitabda yazılmışdır.
7 O zaman Biz peyğəmbərlərdən əhd-peyman aldıq - səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da. Onlardan möhkəm bir əhd-peyman aldıq
8 ki, Allah səmimi olanlardan [peyğəmbərlərdən] səmimiyyətləri barəsində sorğu-sual edə bilsin. (Allah) kafirlər üçün üzücü bir əzab hazırladı.
9 Ey iman gətirənlər! Üzərinizə qoşun gələn vaxt Allahın sizə etdiyi yaxşılığı xatırlayın. O zaman Biz onların üzərinə külək və sizin görmədiyiniz bir qoşun göndərmişdik. Allah sizin nə etdiklərinizi görürdü.
10 O zaman onlar yuxarı və aşağı tərəfinizdən üstünüzə gəldilər. O zaman gözlər bərəldi, ürəklər boğazlara gəldi və siz Allah barəsində cürbəcür fikirlərə düşdünüz.
11 Orada möminlər sınağa çəkildilər və güclü sarsıntıya məruz qaldılar.
12 O zaman münafiqlər və ürəklərində mərəz olanlar dedilər "Allah və Onun peyğəmbəri bizə yalandan başqa bir şey vəd etməmişdir".
13 O zaman onlardan bir dəstə dedi: "Ey Yəsrib [Mədinə] əhli! Bura sizin üçün duracaq yer deyildir, geri dönün!" Onlardan bir dəstəsi isə: "Evlərimiz başlı-başına qalıb," - deyərək, peyğəmbərdən icazə istədi. Lakin evləri başlı-başına deyildi, onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər.
14 Əgər Mədinənin müxtəlif tərəflərindən onlann üzərinə gəlinsəydi və sonra onlardan fitnə törətmək tələb olunsaydı, hökmən onu törədərdilər. Az bir qismindən başqa, bunu həmin anda edərdilər.
15 Halbuki onlar bundan əvvəl (döyüş meydanından) qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş əhd barəsində isə sorğu- sual olunacaqdır.
16 De: "Əgər siz ölümdən və ya qətldən qaçsanız, qaçmaq sizə heç bir fayda verməyəcəkdir. O zaman siz ancaq az bir müddət yaşadılarsınız."
17 De: "Əgər Allah sizə bir pislik və ya yaxşılıq etmək istərsə, bunda kim Ona mane ola bilər?" Onlar Allahdan başqa özlərinə nə bir havadar, nə də yardım edən taparlar.
18 Allah içərinizdə maneçilik törədənləri və öz qardaşlarına: "Buraya, yanımıza gəlin!" - deyənləri yaxşı tanıyır. Onlardan çox azı döyüşə girir
19 və sizə köməyi əsirgəyirlər. Ürəklərinə qorxu düşən zaman üzərinə ölüm kabusu çökmüş adam kimi gözlərini axıdıb çevirərək onların sənə baxdıqlarını görürsən. Qorxu keçdikdə isə onlar mala [döyüş qənimətinə] hərislik göstərərək səni acı dilləri ilə sancarlar. Onlar iman gətirən deyildirlər, Allah da onların əməllərini boşa çıxartmışdır. Bu, Allah üçün çox asandır.
20 Onlar düşmən dəstələrinin çəkilib gedmədiyini güman edirdilər. O dəstələrin birdə qayıdıb gələcəyi halda onlar çöldə bədəvilər arasında olub xəbərlərinizi orada almaq istərdilər. Onlar sizin aranızda olsaydılar, ancaq azacıq vuruşardılar.
21 Allahın peyğəmbərində sizin üçün - Allahın, axirət gününün arzusunda olan və Allahı tez-tez zikr edənlər üçün yaxşı nümunə vardır.
22 Möminlər o dəstələri görəndə: "Bu Allahın və Onun peyğəmbərinin bizə vəd etdiyidir. Allah və Onun peyğəmbəri doğru buyurmuşlar." - dedilər və bu, ancaq onların imanını və itaətini artırdı.
23 Möminlər arasında elə adamlar vardır ki, onlar Allaha verdikləri əhdə sadiq qalıblar. Onların arasında canını fəda edən də, (bu şərəfi) gözləyən də vardır. Onlar (əhdi) əsla dəyişdirmədilər
24 ki, Allah sadiq qalanları sədaqətlərinə görə mükafatlandırsın və əgər istərsə, münafiqləri cəzalandırsın və ya tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
25 Allah kafirləri heç bir xeyir əldə edə bilmədiklərindən hikkələnmiş vəziyyətdə geri oturtdu. Allah [Onun yardımı] möminlərə döyüşdə kifayət etdi. Allah qüvvətlidir, qüdrətlidir.
26 O, Kitab əhlindən onlara kömək edənləri öz qalalarından endirdi və ürəklərinə qorxu saldı. Siz bir qismini öldürüb o biri qismini isə əsir götürürdünüz.
27 O, sizi onların torpağına, yurdlarına, mal-dövlətinə və hətta ayağınız dəyməmiş bir yerə də varis etdi. Allah hər şeyə qadirdir.
28 Ey peyğəmbər, öz zövcələrinə de: “Əgər siz bu dünyanı və onun bərbəzəyini istəyirsinizsə, onda gəlin, sizə talaq haqlarınızı verib gözəl bir tərzdə sizi azad buraxım.
29 Yox, əgər siz Allahı, Onun peyğəmbərini və axirət evini istəyirsinizsə, onda Allah sizlərdən xeyir iş tutanlar üçün böyük bir mükafat hazırlamışdır."
30 Ey peyğəmbərin zövcələri! Sizlərdən hansı biriniz aşkar bir qəbih iş tutarsa, onun cəzası ikiqat artırılar. Bu, Allah üçün çox asandır.
31 Sizlərdən kim Allaha və Onun peyğəmbərinə itaət göstərib əməlisaleh olarsa, Biz ona mükafatını ikiqat verərik. Biz onun üçün gözəl bol sovqat hazırlamışıq.
32 Ey peyğəmbərin zövcələri! Axı siz qadınlardan hər hansı biri kimi deyilsiniz. Siz əgər müttəqisinizsə, sözdə yumşaqlıq [işvənaz] göstərməyin ki, ürəyində mərəz olan tamah salmasın. Siz də sözü lazımi tərzdə deyin.
33 Evlərinizdə qərar tutun, ilk cahilliyyə dövründə olduğu kimi açıq- saçıq gəzməyin. Namazı qılın, zəkatı verin, Allaha və Onun peyğəmbərinə itaət göstərin. Allah sizin, ey əhlül-beyt [ev əhli], üzərinizdən natəmizliyi [günahları] götürmək və sizi pakdan pak etmək istəyir.
34 Evlərinizdə oxunan Allah ayələrini və hikməti xatırlayın. Həqiqətən, Allah lütfkardır, hər şeydən xəbərdardır.
35 Həqiqətən də müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar, vaxtını ibadətdə keçirən kişi və qadınlar, (imanına) sadiq kişi və qadınlar, səbrli kişi və qadınlar, (Allahdan) vahiməyə düşən kişi və qadınlar, sədəqə verən kişi və qadınlar, oruc tutan kişi və qadınlar, öz ismətini qoruyub saxlayan kişi və qadınlar, Allahı çox zikr edən kişi və qadınlar - Allah onlar üçün bağışlanma və böyük mükafat hazırlamışdır.
36 Allah və Onun peyğəmbəri hər hansı iş barəsində hökm verdiyi zaman, nə bir mömin kişi, nə də bir mömin qadının öz işlərində (başqa yolu) seçməyə haqları vardır. Kim Allaha və Onun peyğəmbərinə asi olarsa, yolu açıq-aşkar azmış olar.
37 O zaman sən Allahın nemətləndirdiyi və özünün də nemətləndirdiyin kəsə deyirdin: "Zövcəni öz yanında saxla [boşama] və Allahdan qorx!" Allahın aşkar edəcəyi şeyi sən öz ürəyində gizlədir və adamlardan qorxurdun. Halbuki Allah sənin Ondan qorxmağına daha layiqdir. Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdən sonra Biz səni onunla evləndirdik ki, oğulluqları arvadları ilə əlaqələrini kəsdikləri zaman (o arvadlarla evlənmək istədərsə) möminlərə bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetir.
38 Allahın əvvəlki (peyğəmbərlərə) aid etdiyi qanunu (Məhəmməd) peyğəmbərə də tətbiq etməsində peyğəmbərin heç bir günahı yoxdur. Allahın əmri qabaqcadan müəyyənləşdirilmiş bir hökmdür.
39 O kəslər üçün ki, onlar Allahın risalələrini [əmrlərini, hökmlərini] (insanlara) çatdırır və Ondan qorxudar, Allahdan başqa heç kimdən qorxmurlar. Haqq-hesab çəkən olaraq Allah kifayətdir.
40 Məhəmməd sizin kişilərin heç birinin atası olmamışdır, ancaq Allahın peyğəmbəri və peyğəmbərlərin sonuncusu olmuşdur. Allah hər şeyi bilir.
41 Ey iman gətirənlər! Allahı tez-tez zikr edin,
42 səhər-axşam Ona təriflər deyin!
43 Sizi zülmətlərdən işığa çıxarmaq üçün xeyir duasını üzərinizə salan Odur. Onun mələkləri də sizin üçün dua edirlər. O, möminlərə rəhm edəndir.
44 Allahla görüşəcəkləri gün onların ilk eşidəcəkləri söz: "Salam!" - olacaqdır. O, onlar üçün gözəl mükafat hazırlamışdır.
45 Ey peyğəmbər! Biz səni bir şahid, müjdə verən, öyüd-nəsihətçi kimi göndərdik.
46 Allahın izni ilə Ona tərəf çağıran və işıq saçan bir çıraq kimi (göndərdik).
47 Möminlərə müjdə ver ki, onlar üçün Allahdan böyük bir lütf vardır.
48 Kafirlərə və münafiqlərə itaət etmə, onların verdiyi əziyyətlərə fikir vermə və Allaha təvəkkül et! Vəkil olaraq Allah kifayətdir.
49 Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra isə toxunmazdan əvvəl onları boşasanız, onda sizin onlar üçün idda [gözləmə müddəti] saymağa haqqınız yoxdur. Onların (boşanma) haqlarını verin və xoşluqla azad buraxın.
50 Ey peyğəmbər! Mehrlərini verdiyin zövcələrinin, Allahın sənə bəxş etdiyi cariyələrin, səninlə birlikdə hicrət etmiş əmin qızlarının, bibin qızlarının, dayın qızlarının və xalan qızlarının, habelə mömin bir qadın özünü peyğəmbərə bəxş edərsə, peyğəmbər də ona evlənmək istərsə, onun da sənin zövcən olmasını sənə halal etdik. (Sonuncu) digər möminlərə deyil, ancaq sənə aiddir. Sənin üçün çətinlik olmasın deyə Biz möminlər üçün zövcələri və cariyələri barəsində nələri vacib etdiyimizi bilirik. Allah bağışlayandır, rəhmlidir.
51 Sən zövcələrindən istədiyin kəsin növbəsini yubada bilərsən, istədiyin kəsi isə öz yanına ala bilərsən. Müəyyən müddətə tərk etdiklərindən hansı birini istəsən, sənə heç bir günah olmaz. Bu, onların sevinmələri, kədərlənməmələri üçün ən əlverişlidir. Axı Allah sizin ürəklərinizdə olanları bilir. Allah hər şeyi biləndir, həlimdir.
52 Bundan sonra (başqa) qadınlar sənə halal deyildir. Gözəllikləri nə qədər xoşuna gəlsə də, sənə onları [öz zövcələrini] başqaları ilə əvəz etmək də halal deyildir. Sahib olduğun cariyələr istisnadır. Allah hər şeyə nəzarət edir.
53 Ey iman gətirənlər! Peyğəmbərin evlərinə yemək vaxtı gözlənilmiş olmayaraq, dəvətli olduğunuz vaxtlardan başqa vaxtlarda daxil olmayın. Ancaq dəvət olunduğunuz vaxt daxil olun və yemək yedikdən sonra bir- birinizlə söhbətə girişmədən dağılın. Bu, siz tərəfdən peyğəmbəri narahat edər, o sizdən utanar, Allah isə haqdan utanmır. Əgər onlardan [peyğəmbərin zövcələrindən] bir şey istəsəniz, pərdə arxasından istəyin. Bu, sizin ürəkləriniz üçün də, onların ürəkləri üçün də daha təmizdir. Sizə Allahın peyğəmbərini narahat etmək və ölümündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Bu, Allahın yanında (sizin üçün) böyük bir günah olar.
54 Əgər siz nəyi isə aşkar edib, nəyisə gizlətsəniz (bilin ki,) Allah hər şeyi bilir.
55 Onlar [peyğəmbərin övrətləri] üçün ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, başqa mömin qadınlar və sahib olduqları kölə və cariyələrə görünmələrində heç bir günah yoxdur. Allahdan qorxun, həqiqətən Allah hər şeyə şahiddir.
56 Həqiqətən, Allah və Onun mələkləri peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənləri Siz də onun üçün dua edin və ona salamatlıq diləyin!
57 Allahı və Onun peyğəmbərini narahat edənləri Allah bu dünyada və axirətdə lənətləyər. O, onlar üçün rüsvayedici bir cəza hazırlamışdır.
58 Mömin kişi və qadınlara etdikləri bir işə görə əziyyət verənlər öz üzərlərinə böhtan və açıq-aşkar günah götürürlər.
59 Ey peyğəmbər! Öz zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, qoy onlar (bir yerə çıxarkən) öz çadralarına tam bürünsünlər. Bu tanınıb narahat edilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir.
60 Əgər münafiqlər, ürəklərində mərəz olanlar və Mədinədə şayələr yayanlar əl çəkməsələr, onda Biz səni onların üzərinə qaldırarıq. Sonra onlar orada səninlə ancaq az vaxt qonşuluq edərlər
61 lənətlənmiş halda. Onlara harada rast gəlinsə, onlar yaxalanıb öldürülərlər
62 Allahın əvvəlkilər barəsindəki qanunu üzrə. Sən Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən.
63 İnsanlar səndən qiyamət haqqında soruşurlar. De: "Onun xəbəri ancaq Allahın nəzdindədir." Sən nə bilirsən, bəlkə də qiyamət lap yaxındadır!
64 Həqiqətən, Allah kafirləri lənətləyib və onlar üçün od hazırlayıbdır.
65 Onlar orada əbədi qalacaqlar. Onlar nə bir havadar, nə bir yardım tapa biləcəklər.
66 Üzləri odda o yan - bu yana çevriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha itaət edəydik, peyğəmbərə itaət edəydik!"
67 Onlar deyəcəklər: "Rəbbimiz, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi yoldan çıxartdılar.
68 Rəbbimiz, onlara ikiqat əzab ver və onları böyük bir lənətə düçar et!"
69 Ey iman gətirənlər! Musanı incidənlər kimi olmayın. Allah onu onların iftiralarından təmizə çıxartdı. O, Allahın dərgahında hörmət, izzət sahibi idi.
70 Ey iman gətirənlər! Allahdan qorxun və düz söz danışın ki,
71 O, sizin əməllərinizi islah etsin və günahlarınızı sizə bağışlasın. Kim Allaha və Onun peyğəmbərinə itaət edərsə, böyük bir uğur qazanar.
72 Biz əmanəti [Allahın hökmlərini] göylərə, yerə və dağlara təklif etdik, onlar isə ona həqiqətən yüklənməkdən imtina etdilər, ondan qorxdular. Ona insan yükləndi. Həqiqətən, o, çox haqsızlıq edən və çox cahil idi, -
73 (Bunlar ona görədir ki,) Allah münafiq kişi və qadınlara, (Allaha) şərik qoşan kişi və qadınlara əzab versin, Allah mömin kişi və qadınlann tövbəsini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir.