Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏNKƏBUT SURƏSİ
Quran. ƏNKƏBUT SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(altmış doqquz ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1. Əlif, Lam, Mim.
2. Məgər insanlar belə hesab edirlər ki, “İman gətirdik." - deməklə onlardan əl çəkəcəklər və onlar sınağa məruz qalmayacaqlar?
3. Biz onlardan əvvəlkiləri də sınadıq. Allah, əlbəttə, düz danışanları da tanıyır, yalançıları da!
4. Yoxsa bəd əməllər törədənlər belə hesab edirlər ki, onlar Bizdən qaçıb qurtara biləcəklər? Onlar nə pis mühakimə edirlər!
5. Allaha qovuşmaq arzusunda olanlar (bilsinlər ki,) Allahın təyin etdiyi vaxt mütləq gələcəkdir. Axı O, hər şeyi eşidəndir, biləndir.
6. Kim (haqq yolunda sözlə, əməllə və vuruşmaqla) cihad edərsə, özü üçün edər. Həqiqətən, Allahın aləmlərə heç bir ehtiyacı yoxdur.
7. Biz iman gətirib əməlisaleh olanların pis əməllərini onların üzərindən götürər və onlara etdiklərindən daha yaxşı əvəz verərik.
8. Biz insana öz ata-anası ilə yaxşı davranmağı tövsiyə etdik. Əgər onlar, (ey insan), sənin heç bir xəbərin olmayan bir şeyi Mənə şərik qoşmağa cəhd etsələr, onda sən onlara itaət etmə. Qayıdışınız ancaq Mənədir və onda nələr etməkdə olduğunuz barədə sizə xəbər verəcəyəm.
9. İman gətirib əməlisaleh olanları Biz əməlisalehlər sırasına salacağıq.
10. İnsanlardan elələri də var ki, "Allaha iman gətirdik.” - deyirlər. Lakin Allah yolunda onlara bir əziyyət üz verəndə, insanların sınağını Allahın əzabı kimi qəbul edirlər. Sənin Rəbbindən bir zəfər gəldikdə isə onlar hökmən deyirlər: "Biz də sizinlə idik." Məgər Allah aləmlərin ürəklərində olanları daha yaxşı bilmirmi?
11. Allah iman gətirənləri də yaxşı tanıyır, münafiqləri [ikiüzlüləri] də.
12. Kafirlər iman gətirənlərə deyərlər: "Siz də bizim yolumuzla gedin ki, biz sizin günahlarınızı öz üzərimizə götürək" Lakin bunlar onların heç bir günahını üzərlərinə götürüb daşıyan deyildirlər. Bunlar yalan deyirlər.
13. Bunlar öz günah yüklərini və öz yükləri ilə bərabər başqalarının da yüklərini daşıyacaqlar və uydurduqları şeylər barəsində qiyamət günü sorğu-sual olunacaqlar.
14. Biz Nuhu öz camaatına (peyğəmbər) göndərdik. O, onların arasında əlli il çıxmaqla min il qaldı. Haqsız olduqları üçün onları tufan yaxaladı.
15. Biz onu və gəmidə olanları xilas etdik və bunu aləmlər üçün bir ibrət etdik.
16. İbrahimi də (peyğəmbər göndərdik). O zaman o, öz camaatına dedi: “Allaha ibadət edin və Ondan qorxun! Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.
17. Siz isə Allahı qoyub bütlərə ibadət edirsiniz və yalan uydurursunuz. Həqiqətən, Allahdan başqa ibadət etdikləriniz sizin üçün heç bir ruziyə malik deyildirlər. Ruzini Allahdan istəyin, Ona ibadət edin və Ona şükr edin. Axı siz Ona qaytarılacaqsınız."
18. Əgər siz (peyğəmbəri) yalançı hesab etsəniz (bilin ki,) sizdən əvvəl də başqa millətlər (peyğəmbərləri) yalançı hesab etmişdilər. Peyğəmbərin vəzifəsi isə (Allah kəlamını) ancaq aydın şəkildə çatdırmaqdır.
19. Məgər onlar Allahın varlıqları ilk olaraq necə yaratdığını, sonra onları bir də qaytardığını görmürlər? Həqiqətən, bu, Allah üçün asandır.
20. De: “Yer üzünü gəzib dolaşın və Onun varlıqları ilk olaraq necə yaratdığını görün. Sonra Allah son yaradılışı [axirəti] yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir.
21. O, istədiyi kəsə əzab verir, istədiyi kəsə rəhm edir. Siz Ona qaytarılacaqsınız.
22. Siz (Allahı) nə yerdə, nə də göydə zəif sala bilməzsiniz. Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir yardımçınız vardır."
23. Allahın ayələrini və (qiyamət günü) Ona qovuşacaqlarını inkar edənlər - onlar Mənim mərhəmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün üzücü əzab vardır.
24. Onun [İbrahimin] camaatının cavabı ancaq: "Onu öldürün və ya yandırın.” - demələri oldu. Allah isə onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən adamlar üçün ibrətlər vardır.
25. İbrahim dedi: "Bu dünya həyatında aranızdakı dostluğu saxlamaq xatirinə Allahı qoyub bütləri (tanrı) götürdünüz. Sonra qiyamət günü biriniz digərinizi rədd edəcək və biriniz digərinizi lənətləyəcəkdir. Sizin sığınacaq yeriniz cəhənnəm odudur. Sizə bir yardım edən də olmaz."
26. Lut ona [İbrahimə] iman gətirdi. İbrahim dedi: “Mən öz Rəbbimin yanına hicrət edirəm. Şübhəsiz ki, O, qüdrət və hikmət sahibidir."
27. Biz ona [İbrahimə] İshaqı və Yaqubu bəxş etdik, peyğəmbərliyi və Kitabı onun soyundan gələnlərə verdik. Biz bu dünyada onun mükafatını verdik, axirətdə də o, əməlisalehlərdən olacaqdır.
28. Lutu da (peyğəmbər göndərdik). O zaman o, öz tayfasına dedi: "Həqiqətən, siz aləmlərdən heç kimin sizdən əvvəl etmədiyi pozğun iş tutursunuz.
29. Doğrudanmı siz kişilərin yanına gedir, yolu kəsir və toplaşdığınız yerlərdə xoşagəlməz iş tutursunuz?" Onun camaatının cavabı isə ancaq: "Əgər düz danışansansa, bizə Allahın əzabını gətir." - demələri oldu.
30. O dedi: “Rəbbim, bu pozğun adamlara qarşı mənə kömək et!"
31. Elçilərimiz [mələklər] İbrahimə müjdə gətirib: "Biz bu məmləkəti məhv edəcəyik, çünki sakinləri haqsızdırlar." -deyəndə
32. o dedi: "Axı Lut oradadır.” Onlar dedilər. "Biz kimin orada olduğunu yaxşı bilirik. Biz onu da, ailəsini də xilas edəcəyik. Tək arvadından başqa, o, qalanlardan [məhv edilənlərdən] olacaqdır."
33. Elçilərimiz Lutun yanına gələndə o, bundan məyus oldu və onlara görə ürəyi sıxıldı. Onlar dedilər: "Qorxma və kədərlənmə. Biz səni və sənin ailəni xilas edəcəyik. Tək arvadından başqa, o, qalanlardan [məhv edilənlərdən] olacaqdır.
34. Biz pozğunluq etdiklərinə görə bu məmləkətin əhalisinə göydən cəza endirəcəyik."
35. Biz ağıl işlədən adamlar üçün bundan aydın bir ibrət qoyduq.
36. Mədyən əhlinə isə onların qardaşı Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin, axirət gününə ümid bağlayın və yer üzündə fitnə-fəsad yayaraq gəzib dolaşmayın."
37. Onlar isə onu yalançı hesab etdilər və onları sarsıntı [zəlzələ] yaxaladı. Onlar öz evlərində üzüquylu düşüb qaldılar [məhv oldular].
38. Ad və Səmud tayfalarını da (məhv etdik). Bu, onların məskənlərindən sizə aydın olur. Şeytan onların əməllərini onlar üçün bəzədi və anladıqları halda onları yoldan çıxartdı.
39. Qarunu, Fironu və Hamanı da (məhv etdik). Musa aydın dəlilləri onlara gətirmişdi. Onlar isə yer üzündə təkəbbür göstərdilər. Onlar (cəzamızdan) qaçıb qurtara bilmədilər.
40. Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinə qasırğa göndərdik, kimisini tükürpədici hayqırtı tutdu, kimisini yerin altına gömdük, kimisini də suda qərq etdik. Əslində Allah onlara zülm etmədi, onlar öz-özlərinə zülm etdilər.
41. Allahdan başqasını dost tutanların məsəli özünə ev qurmuş hörümçəyin məsəlinə bənzəyir. Onlar bilsələr, evlərin ən zəifi hörümçək evidir.
42. Həqiqətən, Allah onlann Onu qoyub kimə ibadət etdiklərini yaxşı bilir. Axı O, qüdrət və hikmət sahibidir.
43. Budur məsəllər! Biz onları insanlar üçün çəkirik. Onları isə ancaq bilənlər anlayarlar.
44. Allah göyləri və yeri haqq olaraq yaratmışdır. Həqiqətən, möminlər üçün bunda bir ibrət vardır.
45. Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl, axı namaz qəbahətdən və xoşagəlməz işdən saxlayır. Allahı zikr etmək isə daha böyük işdir. Allah sizin nələr etdiyinizi bilir.
46. İçərilərindəki haqsızlar istisna olmaqla Kitab əhli [yəhudi və xaçpərəstlər] ilə ancaq ən yaxşı bir yolla mübahisəyə girin və deyin: "Biz özümüzə nazil olana da, sizə nazil olana da inanınq. Bizim də tanrımız, sizin də tanrınız birdir və biz Ona itaət edirik."
47. Beləliklə, Biz sənə Kitab [Quran] nazil etdik. Kitab bəxş etdiklərimiz ona iman gətirirlər, bunlardan da ona iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər.
48. Bundan [Qurandan] əvvəl sən nə kitab oxuya bilirdin, nə də əlinlə yazı yaza bilirdin. Yoxsa batilə uyanlar şübhəyə düşərdilər (ki, Quranı Məhəmməd özü yazıb uydurmuşdur).
49. Əksinə bu, bilik bəxş olunmuşların ürəklərində aydın ayələrdir. Ayələrimizi ancaq haqsızlar inkar edirlər.
50. Onlar [müşriklər] dedilər: "Barı ona da öz Rəbbindən möcüzələr nazil ediləydi!" De: "Möcüzələr ancaq Allahın dərgahındadır. Mən isə ancaq aydın bir xəbərdarlıq edən, öyüd-nəsihət verənəm."
51. Məgər onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Həqiqətən, bunda iman gətirən adamlar üçün bir mərhəmət və öyüd vardır.
52. De: “Mənimlə sizin aranızda şahid olaraq Allah kifayətdir. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allahı inkar edənlər isə ziyana düşənlərdir.
53. Onlar əzab barəsində səni tələsdirirlər. Əgər müəyyən edilmiş bir vaxt olmasaydı, həmin əzab onlara gələrdi. O, onlara heç özləri də duymadan, qəflətən gələcəkdir.
54. Onlar əzab barəsində səni tələsdirirlər. Halbuki cəhənnəm kafirləri (öz vaxtında) bürüyəcəkdir.
55. O gün əzab onları başlarının üstündən və ayaqlarının altından onları bürüyəcək və Allah: "Törətdiyiniz əməllərin (cəzasını) dadınl" - deyəcəkdir.
56. Ey iman gətirmiş bəndələrim! Mənim torpağım genişdir. Siz (orada) Mənə ibadət edin.
57. Hər kəs ölümü dadacaqdır. Sonra isə Bizə qaytarılacaqsınız.
58. İman gətirib əməlisaleh olanları isə dibindən çaylar axan cənnətdəki hücrələrdə yerləşdirəcəyik və onlar orada əbədi qalacaqlar. Xeyir əməllilərin mükafatı nə gözəldir!
59. O kəslərin ki, onlar səbr ediblər və özlərinin Rəbbinə təvəkkül ediblər.
60. Öz ruzisini daşıya [əldə edə] bilməyən neçə canlı vardır ki, Allah onlara da, sizə də ruzi verir. Axı O, hər şeyi eşidəndir, biləndir.
61. Əgər sən onlardan soruşsan ki: "Göyləri və yeri kim yaradıb, günəşi və ayı kim tabe edib?,” onlar əlbəttə ki: “Allah!" -deyərlər. Belə isə onlar necə olur ki, aldadılırlar?
62. Allah Öz bəndələrindən istədiyi kəsə bol ruzi verir, istədiyi kəsə az müəyyən edir. Həqiqətən, Allah hər şeyi bilir.
63. Əgər sən onlardan soruşsan ki: "Göydən su endirib onunla yerə ölümündən sonra həyat verən kimdir?", onlar əlbəttə ki: “Allah!” - deyərlər. De: “Allaha həmd olsun!' Amma onların çoxu ağıla gəlmir.
64. Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət evi isə əsl həyatdır. Kaş bunu biləydilər!
65. Gəmidə olarkən (təhlükə ilə üzləşdikdə) onlar dinin ancaq Allaha aid olduğuna inanaraq Onu (imdada) çağırarlar. Elə ki, O, onları xilas edib quruya çıxarar, onlar (Ona) şərik qoşarlar
66. ki, onlara verdiyimiz nemətlərə nankorluq etsinlər və onlar (istədikləri qədər) həzz alsınlar, sonra biləcəklər!
67. Məgər onlar öz ətraflarındakı [başqa yerlərdən] adamlann qaçırılıb (zülmə məruz edildikləri) halda Bizim (Məkkəni) təhlükəsiz müqəddəs bir yer düzəltdiyimizi görmürlərmi? Yəni onlar batilə inanır, Allahın nemətini isə inkar edirlər?
68. Allaha qarşı yalan uydurandan və ya özünə gələndə onu yalan hesab edəndən daha haqsızı kimdir? Məgər kafirlər üçün cəhənnəmdə yermi olmayacaqdır?
69. Bizdən ötrü (əməllə, sözlə, vuruşmaqla) cihad edənləri Biz Öz yollarımıza salarıq. Həqiqətən, Allah xeyir işlər tutanlarladır.